26 sentyabr 2019 10:24
2282

Sürətli arıqlamağın zərərləri

Sağlam arıqlamağın sirri maddələr mübadiləsini sürətləndirən balanslı qidalanma və bunu dəstəkləyən idman proqramı olmalıdır. Əks təqdirdə bədən mənfi təsirlərə məruz qalır, hətta sağlamlıq əldən gedir.

Sürətli arıqladıqda bədəndə nələr baş verir?

Şüursuzca edilən aşağı kalorili qeyri-sağlam arıqlama pəhrizi baş ağrısı, diqqət pozğunluğu, yorğunluq, ürək ritmində zəiflik, təzyiqin düşməsi, qəbzlik, qansızlıq, dəridə quruluq, saç tökülməsi kimi bir çox problemlərə səbəb ola bilər.

Arıqlama və çəkiyə nəzarət ancaq balanslı qidalanma proqramı ilə aparılmalıdır. Qısa zamanda arıqladan qarışımlar sidikqovucu, laksatif (bağırsaq boşaldıcı) xüsusiyyətlərə malikdir.

Bunun nəticəsində çəki aşağı kalori göstərməsinə baxmayaraq, itirilən yağ deyil, su olur. Pəhriz saxlayan insan bədənindəki su ilə birlikdə mineralları da itirir. Misal üçün, itirilən natrium, kalium tarazlığın pozulmasına, ürək əzələlərinə mənfi təsir göstərir. Aşağı kalori qəbulunun nəticəsində bədən müqavimətdən düşür, əzələ itkisinə uğrayır, yüksək protein pəhriz ketoz kimi böyrək funksiyalarına zərər verir, ani şəkər və təzyiq düşməsi kimi problemlərin yaranması ölümlə nəticələnə biləcək riskə yol açır. İnsanların kor-koranə qulaqdan alınan məlumatları və ya dostlarının saxladıqları pəhrizi özlərinə tətbiq etmələri nəticəsində dəfələrlə kilo alıb-vermək maddələr mübadiləsini zəiflədir. Bu isə atılan kiloların artıqlaması ilə geri qaytarılmasına səbəb olur.

Bundan başqa, həddən çox kilolu insanların yetərincə karbohidrat, protein, yağ, vitamin və minerallardan məhrum olması, aşağı kolorili qidalanması, ağır məşqlər etməsi sağlamlıq baxımından ciddi risklər yaradır. Xüsusən ailəsində ürəklə bağlı problemləri olan insanların bu cür risklərdən uzaq olmaları məsləhətdir.

Röya Rasimqızı, “İki sahil”