Müəllimlik yalnız bir peşə deyil. Bu, həyatın ən dərin mənasına toxunan, gələcəyin memarını formalaşdıran bir sənətdir. Hər dərs, hər söz, hər baxış gənclərin dünyagörüşünü, əxlaqını və mənəvi dəyərlərini işıqlandırır. Müəllimlər yalnız kitab səhifələrini doldurmaqla kifayətlənmirlər. Onlar qəlblərə yol açır, həyatlara ilham verir, gəncləri həyata hazırlayırlar.
Bu müqəddəs missiyanın öhdəsindən ürəklə gələnlərdən biri də Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın Azərbaycan dili və ədəbiyyat müəllimi Leyla Rəhmanovadır. Leyla xanım üçün müəllimlik təkcə bilik ötürmək deyil, gənclərin şəxsiyyətini formalaşdırmaq, milli-mənəvi dəyərləri aşılamaq və onların gələcəyinə təməl qoymaq deməkdir.

Uşaqlıqdan mütaliəyə və müəllimlərə böyük marağı olan Leyla xanım əmisindən aldığı ilhamla bu sahəyə yönəlib. Əmisi onun üçün həm müəllim, həm də ilham mənbəyi olub: “Əmim Azərbaycan dili müəllimim idi. Hər dəfə bizdə olarkən yazdığı şeirləri mənə oxuyur, şair və yazıçılar haqqında suallar verirdi. Biz əsərləri təhlil edirdik, müzakirələr aparırdıq. Elə o vaxt qərar verdim ki, mən də bu sahəyə yönələcəyəm.”
Onun üçün müəllimlik yalnız peşə deyil, həm də cəmiyyətin gələcəyinə toxunmaq, həyatları formalaşdırmaq deməkdir: “Bütün peşələri öyrədən və onlara yol göstərən məhz müəllimdir. Müəllim gələcəyin mühəndisi, cəmiyyətin memarıdır. O, təməl qoyur, tikir, yaradır və bunun üçün tərif və alqış gözləmir.”
Sinifə daxil olanda üzərimdəki məsuliyyəti hiss etdim
İlk dərs günü isə Leyla xanımın yaddaşında unudulmaz bir iz buraxıb. O anı xatırlayarkən, həyəcan və qorxu qarışıq hisslərlə danışır: “Sinifə daxil olanda üzərimdəki məsuliyyəti hiss etdim, bilmirdim haradan başlayım. Özümü toplayıb gülümsədim və bu gülüş mənə kömək etdi. O gündən etibarən şagirdlərlə səmimiyyət mənim ən yaxın silahım oldu. Onlarla söhbət etmək, onları anlamaq və onların dünyasına daxil olmaq mənim üçün ən vacib addım idi.”
Universitet və məktəb illərindəki xatirələr də onun həyatında xüsusi yer tutur. Leyla xanım gülümsəyərək xatırlayır: “Ali məktəbə ilk dərs günüm-əsl dostumu qazandığım gündü. Məktəb illərində isə dəcəlliklərim hələ də yadımdadır. Bu illər mənim üçün həm əyləncə, həm öyrəncə, həm də kəşf vaxtı oldu.”
Uzun illər müəllimlik etdikdən sonra Leyla xanım əvvəlki və indiki nəsil şagirdlər arasında fərqləri belə müşahidə edir: “Əvvəlki nəsil daha səmimi, ünsiyyətcil və açıq idi. İndi isə bir az laqeydlik və soyuqqanlılıq müşahidə olunur. Bəzən bunu texnologiya və vaxtın azlığı ilə əlaqələndirsələr də, valideynlərin kiçik söhbətləri dramatikləşdirməsi də vəziyyəti gücləndirir. Hər bir valideyn övladının gələcəyinə bağlıdır, amma şagirdin öz səsinə və arzularına hörmət edilməlidir.”
Uğur onların vəzifələri ilə deyil, yaddaşlarında qalmaqları ilə ölçülür

Uğuru isə yalnız nəticələrdə yox, şagirdlərin yaddaşında qalmaqda görür. Onun sözlərinə görə, müəllimin əsl mükafatı şagirdlərin xatirələrində yaşamaqdır: “Səhərlər məktəbə daxil olanda şagirdlərin gülərüzlə salamlaşması, qucaqlamaları və bayramlarda məni xatırlamaları mənim üçün ən böyük qürurdur. Uğur onların vəzifələri ilə deyil, yaddaşlarında qalmaqları ilə ölçülür.”
Texnologiyaların tədrisdə roluna da toxunan Leyla xanım qeyd edir ki, onlar işimizi asanlaşdıra bilər, amma şagirdlə müəllim arasındakı sevgi və emosiyanı əvəz edə bilməz: “Ədəbiyyat dərslərində şagirdlərlə gülürük, kədərlənirik və hadisələri bir anlıq yaşayırıq. İnformasiyanı əldə etmək mümkündür, amma sosiallaşma və kollektiv iş texnologiyanın imkanlarından kənardır.”
Dərsliklər və təhsil sistemi ilə bağlı fikirləri də diqqətəlayiqdir: “Dərsliklər dövlət proqramını reallaşdırmağa xidmət edir, lakin bəzən proqram materialları ağırlıq təşkil edir. Proqramdankənar suallar şagirdin nəticəsini qiymətləndirmədə çətinlik yaradır. Amma ümumilikdə təhsil sistemimizlə razıyam. Məktəb şəbəkəsinin sıxlığı, ucqar kəndlərdə belə məktəblərin mövcudluğu, şagirdlərin kitablarla təminatı və sinif otaqlarının müasir quruluşu təhsilimizin uğurudur.”
Dilimizin saflığı və gözəlliyi hər bir vətəndaşın borcudur
Azərbaycan dilinin qorunması məsələsinə də xüsusi diqqət yetirir: “Dilimizin saflığı və gözəlliyi hər bir vətəndaşın borcudur. Təəssüf ki, küçələrdə və mətbuatda transkripsiyalar geniş yayılıb – məsələn, ‘Baby stores’, ‘Original cosmetics’, ‘Lela kids’. Dilimizə güzəşt getməməlidir. Cavabdeh qurumlar küçələri gəzib obyektlərin adlarını nəzərdən keçirməlidir. Biz Azərbaycan dilində danışırıq, yaşayıb çalışırıq, gələcək nəsillər üçün bunu qorumaq borcumuzdur.”

Gələcək planlarından danışarkən isə üzündə həyəcan və ümid birləşir: “Əsas məqsədim şagirdlərimi respublika fənn olimpiadalarına hazırlamaqdır. Cari ildən başlayaraq bu istiqamətdə planlarımı reallaşdırıram. Nə dərəcədə nail olacağımı zaman göstərəcək. Amma məqsədim həmişə şagirdlərin özünü kəşf etməsi və bacarıqlarını görməsi üçün şərait yaratmaqdır.”
Müəllim olmaq üçün əvvəlcə şagirdləri, sonra peşəni sevməlisən
Leyla xanım müasir müəllimi nümunə olan, əxlaqi dəyərləri üstün tutan, yeni təlim metodlarından istifadə edən, şagirdlərin potensialını inkişaf etdirən və onlara gözəl təhsil mühiti yaradan şəxs kimi təsvir edir. Son olaraq, o, müsahibəni belə yekunlaşdırır: “Müəllim olmaq üçün əvvəlcə şagirdləri, sonra peşəni sevməlisən. Bir az səbr də pis olmaz. Hər dərs, hər baxış, hər söhbət bir şagirdin həyatında işıq ola bilər. Uğur isə şagird və müəllim arasında sevgi varsa qaçılmazdır.”
Yaqut Ağaşahqızı, “İki sahil”