09 oktyabr 2019 17:32
1748

Zaur Haşımov: Bu təklif mənim üçün gözlənilməz oldu

"Təyinat həqiqətən mənim üçün gözlənilməz oldu. Bu gün "Zirə" klubunun rəhbərliyi ilə danışdıq. Onlar təklif elədilər, mən də müsbət cavab verdim və razılaşdıq".

Bu fikirləri "Report"a açıqlamasında "Zirə" komandasına baş məşqçi təyin olunan Zaur Haşımov deyib. 

38 yaşlı mütəxəssis bildirib ki, komandanın hədəfi Avropa Liqasına vəsiqə qazanmaqdır və bunun öhdəsindən gəlməyə çalışacaqlar.

Baş məşqçi kimi ilk dəfə iş başında olacaq Haşımov özünə inandığını vurğulayıb: "Bir addımı atanda hər zaman optimist olmaq, yaxşı olacağına inanmaq lazımdır. Kimsə özünə güvənmədən nəsə edirsə, orada uğur olmayacaq. Mən də hər addımı atanda fikirləşirəm, sonra isə qərar verirəm. Əlbəttə, yanımdakı insanlardan da çox şey asılı olacaq. Bu işdə mütləq dəstək lazımdır".

Qeyd edək ki, "Zirə" Zaur Haşımovla mövsümün sonuna kimi müqavilə imzalayıb. O, yeni postda Samir Abasovu əvəzləyib.