KÖŞƏ

Azər Qismət

Niyə AXCP güclənə bilmir?

14 oktyabr 2019 10:55
3994

Uzun illər fəaliyyət göstərən AXCP güclənməli idi. Amma hansısa səbəblər onun güclənməsinə gətirib çıxarmır. Özləri deyirlər ki, “hakimiyyət bizim güclənməyimizə imkan vermir”. Müxalifət bəyan edir ki, “parçalanmanın yeganə günahkarı hakimiyyətdir”. Ancaq kiçik təhlil göstərir ki, belə fikir yanlışdır. Məsələn, Mirmahmud Mirəlioğlu kimi prinsipial insanı hakimiyyət yolundan sapdırıb KXCP yaratdıra bilməzdi. Bu insanı öz könlü olmasa, nəyəsə məcbur etdirmək çətindir.

Partiyaya ümumxalq sevgisi olanda istənilən ölkədə istənilən hakimiyyət aciz qalır və yenilir. Lakin hansısa səbəblər ümumxalq sevgisini yaratmır. Cəmiyyətdə bu partiyaya münasibət birmənalı deyil. Səbəbi inciklikdir. Mənim o partiya ilə bağlılığım olmayıb. İlk yaranan vaxtlarında xalqın sevgisində mənim də payım, simpatiyam vardı. Sonra həmin simpatiya ötüb keçdi. Yaxından-uzaqdan ondan gileylər artdı. Birinci inciklik Əbülfəz Elçibəylə bağlı yarandı. Danışırdılar ki, “Yurd” təşkilatı yaranıb. Onun üzvləri Elçibəy barədə şayiələr yayırlar. Əvvəl bu təşkilata kimin rəhbərlik etdiyi bilinməsə də, sonra anlaşıldı ki, Əli Kərimli imiş. Bu, partiyanın güclənməsinə, sevgi qazanmasına mane olan birinci faktor oldu. İndi də partiyanın köhnə üzvləri o gizli əməlləri unutmurlar.

İkinci gözdəndüşməni oradan ayrılanlar yaratdı. Hər yerdə əslində Əli Kərimlinin necə olması barədə danışmağa başladılar. Belə danışıqlar getdikcə inamlı adamları da qırdı. Məsələn, bir dəfə “Azadlıq” qəzetinin keçmiş müxbiri mənə Əli Kərimlidən necə bərk incidiyini demişdi. Partiya rəhbərliyindən redaksiya heyətinə deyilib ki, “bir neçə ay məvacibsiz qalacaqsız, qəzetin satışına maneçilik törədilir”. Əməkdaşlar söz veriblər ki, dözəcəklər. Vəziyyətləri ağır olsa da dözüblər: “Təki qəzet çıxsın, təki partiyamız istənilən həmlənin qarşısında duruş gətirsin”. Lakin günlərin birində satışa baxan şəxs ona deyib ki,”mənim sizə yazığım gəlir, qəzet lap əla satılır”. Anladıb ki, burada pulsuz qalmısız, Əli bəy isə 2 ədəd “Nissan Maksima” avtomobili və bahalı mebel alıb”. Qəzetin xanım əməkdaşının inamı sarsılıb və oradan uzaqlaşıb. O xanım əməkdaş təbii ki, bunu çox yerdə danışıb və indi də danışır.

Belə söhbətlər partiyanın nüfuzuna xələl gətirdi. İnanmaq istəyənləri də yolundan döndərdi. Məsələn, partiyadan yarpaq tökümü vaxtı bunu hakimiyyətin ayağına yazdılar. Əgər kimsə inciklik görürsə, buna hakimiyyət neyləsin. Ayrılanlar əsas onu danışırdılar ki, “Əli Kərimliyə illərlə xidmət etsən də, bircə anlaşılmazlıq göstərən kimi üstündən xətt çəkir, bağışlamır”. O insanı bağışlamazlar ki, partiyaya xəyanət etsin. Yalnız bircə anlaşılmazlığa görə köhnə üzvün üstündən keçilməsi onlara ağrıdıcı gəlib. AXCP-nin güclənə bilməməsi cəmiyyətdəki söz-söhbətlərlə birbaşa bağlıdır. Məsələn, danışırlar ki, “biz partiya liderinə görə mitinqə çıxırıq, ancaq oğlunun barlarda kef edən yerlərdə şəkilləri çıxır”.

Vətənpərvərlərin incikliyi isə budur ki, “Əli Kərimli heç vaxt Qarabağ həqiqətlərinə, Xocalıya görə beynəlxalq aləmə səslənmir, BMT qətnamələrinin nə vaxt yerinə yetiriləcəyini soruşmur, qətiyyət nümayiş etdirmir. Ancaq eyni bəyanatlar verir ki, “bu sistem dəyişməlidir”, “bu hakimiyyət getməlidir”. Adamlar eyni çıxış və bəyanatlardan yorulublar. Partiyanın illərlə yerində saymasına görə güclənmə yaranmır. Üstəlik, partiyadan uzaqlaşan üzvlərə qarşı kütləvi şəkildə baş tutan söyüş kampaniyası da oranın üzvü olmayanları təəccübləndirir. Bəlkə də söyüşü mübarizənin effektiv yolu bilirlər. Ancaq bu heç ora dəxli olmayan adamlarda qıcıq yaradır. Adamlar AXCP-ni başqa cür görmək istəyirdilər. Çünki o partiya yaradılanda orada ziyalılar çox idi. Çoxları da hörmət-izzətlə indiyə qədər anılır. Çox təəssüf ki, indi partiya funksionerləri arasında ali savad almayanların üstünlük təşkil etməsi də adamları inamından döndərdi. Bax, cəmiyyətdə bunları danışırlar. Məhz bu səbəbdən AXCP güclənə bilmir. Nəzərə alsaq ki, xaricə getmək istəyənlər də ondan sui-istifadə edir, partiyanın halı belə qalacaq.