KÖŞƏ

Cavid Əkbərov

Aqressiya və riyakarlıq...

17 noyabr 2022 23:12
10555

Bu mövqedən çıxış edən İran öz potensialını və ikitərəfli münasibətlərin mahiyyətini adekvat dəyərləndirməlidir

İran qonşu olaraq Azərbaycana qarşı riyakar davranır. 30 il müddətində Azərbayanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan təcavüzkar Ermənistana dəstək verib. Qarabağ münaqişəsinin bitməsindən sonra isə iki ölkə arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir.

Müşahidələr göstərir ki, riyakarlıq, yalançılıq xətti İranın təkcə Azərbaycana münasibətində deyil, ümumilikdə siyasi konsepsiyasında əsas yer tutur. İran son 40 ildə qatıldığı heç bir müharibədə qalib olmayıb, “himayə etdiyi müsəlman ölkəsini” xaosdan çıxara bilməyib, əmin-amanlıq, sabitlik yaratmayıb. Yəməndə, Bəhreyndə, Fələstində münaqişələrin 30-40 illik tarixi var. Suriyada, Livanda 10 illərdir xaos, dağıntı davam edir. İran prosesə qatılsa da, bunları dayandırmaq üçün gücə, qüdrətə malik olmadığını ortaya qoyub.

Təcrübə göstərir ki, məsələ təkcə hərbi qüdrətdə, modern tələblərdən geri qalmaqda deyil. İran bu ölkələrdə münaqişələrin bitməsində maraqlı deyil, əksinə, davam etməsi üçün çalışır. Münaqişələrin bitməsinə çalışdığını deyir, əvəzində onların davam etməsi üçün dəridən-qabıqdan çıxır. İran qeyd edilən dövlətlərdə münaqişələrin davam etməsinə özünün həmin ərazilərdə mövcudluğunun səbəbi kimi baxır. Qarabağ məsələsinə də bu kontekstdən yanaşıb. Bu məsələnin davam etməsi İranın Ermənistan vasitəsilə Qafqazda mövcud olması anlamını daşıyır. Bu baxımdan “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” deyir, “Qarabağın işğaldan azad edilməsi üçün fətva verir”, amma Ermənistana dəstək göstərir, “nəfəslik açır.” Bu yaxınlarda bəlli oldu ki, hətta 44 günlük savaş müddətində öz hərbçilərini qanunsuz olaraq Cəbrayılın, Zəngilanın Arazboyu ərazilərinə yeridib, Azərbaycan Ordusunun bu rayonları azad etməsinə mane olmağa çalışıb.

Ölkəmizin 20 faiz torpağının Ermənistanın işğalı altında olduğu zaman  İranın rəsmi diplomatiyası daim Bakı ilə İrəvan arasında kəndirbazlıq edərək ikiüzlü bir siyasət yürütmüşdür. Ermənistanın ən ağır günlərində İran daim onun xilaskarı cildində çıxış etmişdir.

Arazın üstündən körpülər salmış, Azərbaycana məxsus olan torpaqlardan düşmənimizə xidmət etmiş, yollar çəkmiş, Ermənistanın ən böyük iqtisadi və enerji yardımçısı olmuşdur. Dünyada dinlərarası qütbləşmənin dərinləşdiyi bir şəraitdə İranın bu “siyasəti” İslam birliyinə sarsıdıcı zərbə vurub. Özünü şiə mənsəbinin, İslam dininin sadiq mühafizəçisi kimi göstərən İran İslam birliyi ideyasını terrorçu xristian dövləti olan Ermənistanın ayaqları altına atmışdır. Bu, eyni zamanda, əhalisinin yarısı türk olan İran İslam Respublikasında yaşayan türklərin, azərbaycanlıların heysiyyəti ilə oynaması, onların ləyaqətini alçaltması və milli duyğularını təhqir etməsidir.

Belə ki, son vaxtlar baş verən siyasi gərginlik fonunda İranın əsəbi davranışları açıq-aşkar müşahidə olunur. İstər öz vətəndaşlarına, istərsə də qonşu dövlətlərə qarşı riyakarlığı ifşa edildikcə molla rejimi daha da aqressivləşir. Hakimiyyət bu aqressiyanın bir hissəsini ölkə üzrə rejimə qarşı etiraz edən aksiya iştirakçılarına, bir hissəsini isə Azərbaycana qarşı yağdırmağa başlayıb. Doğrusu, İranın ölkəmizə qarşı kin-kidurətə bələnmiş hirsi, əsəbi və acığı hər zaman müşahidə olunub. Amma son vaxtlar bunun artmasının səbəbləri də heç kimə sirr deyil.

Şanlı ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbədən sonra İranın Azərbaycana qarşı təxribatları və təhdidləri artmışdı. Ermənistana hərbi, siyasi və iqtisadi dəstəyini əsirgəməyən İran paralel olaraq Azərbaycana qarşı da müxtəlif addımlar atır. Tehran artıq riyakar siyasətini “müsəlman təəssübkeşliyi”, “din və məzhəb qardaşlığı” pərdəsi ilə gizlədə bilmir. Əksinə, İranın din xadimlərinin Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirak etmələri xalqımızda daha çox ikrah hissi oyadır. İran əslində dini dəyərləri öz siyasətinə alət edən bir dövlət kimi özünü ifşa edir.

İranın ayrı-ayrı hakimiyyət qrupları tərəfindən maliyyələşdirilən çoxsaylı media resursları, bu ölkəyə sığınmış antimilli qüvvələr Azərbaycana qarşı uzun müddətdir ki, kampaniyalar aparırlar. Əsas məqsəd ölkəmizi daim təzyiq və təhdid altında saxlamaqdır. Açıq şəkildə görünür ki, İran müstəqil Azərbaycanı özünə qarşı təhlükə kimi qiymətləndirir və rəsmi Tehranın Azərbaycanla bağlı mövqeyinin və fəaliyyətinin əsasında da məhz bu amil dayanır.

Halbuki Azərbaycandan İrana qarşı heç bir təhdid və ya təhlükə yoxdur. Hətta İrana qarşı sanksiyaların ən sərt dövründə Azərbaycan bu prosesə qoşulmadı və qonşu ölkə ilə əlaqələrinə heç bir məhdudiyyət tətbiq etmədi. Bütün əsassız iddia və təhdidlərə baxmayaraq, Azərbaycan haqlı mövqeyindən bir addım belə geri çəkilməyəcək.

Yaxşı olar ki, ermənilərin müdafiəsinə qalxan İran dövləti ölkəsindəki milli ayrı-seçkiliyə son qoysun, qonşu Azərbaycanla düşmənçilikdən əl çəksin.