15 oktyabr 2019 19:49
889

Orqanizmi nikotindən təmizləməyin üsulu

Siqaret çəkən insanlar öz sağlamlığına çox ciddi zərbə vurur. Bunu bütün dünya həkimləri təsdiq edir. Bu pis vərdiş bir çox ağır pozulmaların inkişafına təkan verir. Belə ki, siqaret çəkmək ağ ciyər, dil, ağız boşluğu, udlaq xərçənginin ən əsas səbəblərindən biridir. Bundan əlavə bu vərdiş ürəyin işemik xəstəliyi, xroniki bronxit, xroniki obstruktiv ağ ciyər xəstəliyi, mədə xorası və bir çox digər ağır xəstəliklərin və pozulmaların səbəblərindən biridir. Bütün dünyada sağlamlığına dəyər verən insanlar siqaret çəkməkdən imtina edir və nikotinin və siqaretlərin tərkibində olan digər ziyanlı maddələrin orqanizmə olan mənfi təsirini bu üsullarla azaltmağa çalışın.

 Siqaret çəkən insan tez-tez açıq havada gəzməlidir. Meşə, park ən yaxşı seçimdir.

Meyvə-tərəvəz və meyvə-tərəvəz şirələri orqanizmdə gedən mübadilə proseslərini sürətləndirir və zərərli maddələrin orqanizmdən daha tez çıxmasına kömək edir. Siqaret çəkən insanlara kök, sitrus meyvələri, banan, ağ turp, kahı, tut, avokado, moruq, albalı və onların şirələri xüsusilə xeyirlidir.

Süd məhsulları da orqanizmdən ziyanlı maddələrin çıxmasını sürətləndirir. Siqaret çəkən insanın qidalanmasında daim qatıq, kefir, kəsmik, yoqurt olmalıdır.

İdman orqanizmdə gedən mübadilə proseslərini sürətləndirir, qan dövranı yaxşılaşdırır, nəfəs yollarını selikdən azad etməyə kömək edir.

Hamam və sauna orqanizmi toksinlərdən və şlaklardan təmizləyir.

Bəzi xalq təbabəti vasitələri nəfəs yollarını selikdən təmizləməyə kömək edir. Bu selik siqaret çəkən insanlarda xroniki iltihab nəticəsində nəfəs yollarında toplanır və nəfəsalmanı pozur. Ən tanınmış bəlğəmgətirici otlar: gülxətmi kökü, biyan kökü, cirə. Hər bitkidən 1 çay qaşığı götürüb 1 stəkan qaynar suda dəmləyin və gün ərzində kiçik qurtumlarla için.

Su orqanizmi istənilən ziyanlı maddələrdən təmizləyir. Gün ərzində 2 l təmiz su için.

Röya Rasimqızı, “İki sahil”