14 noyabr 2019 19:15
964

Qərbə saxta “müsavatçı” ixrac edən İsa Qəmbər-Arif Hacılı cütlüyü

Və bu cütlüyün çirkin əməllərinin qorxunc nəticələri

Radikal müxalifət düşərgəsində təmsil olunan  AXCP və Müsavat Partiyasının saxta  sənədlər əsasında mühacir biznesi ilə məşğul olması faktları zaman-zaman ortaya çıxıb. Daim dürüstlükdən, şəffaflıqdan dəm vuran saxta  “demokratiya aşiqlər”inin belə çirkin vasitələrlə pul qazanmaq hərisliyi, fırıldaqçılığı, işbazlığı sonda yüzlərlə insanın bədbəxtliyinə,  onların ölkədən uzaqlarda məşəqqətlərlə üzləşməsinə, kamplarda, polis bölmələrində, miqrasiya idarələrinin təcridxanalarında min bir əziyyətə qatlaşmasına səbəb olur. AXCP və Müsavat Partiyalarının saxta arayış və vəsiqələri ilə  xaricə mühacirət edənlərin sayının şübhəli şəkildə  artması artıq Qərb ölkələrinin miqrasiya idarələrinin xüsusi marağına səbəb olub. Bu səbəbdən də artıq həmin ölkələrdə Azərbaycandan olan “siyasi mühacirlər”lə bağlı ciddi araşdırmalar aparılır.

Bir müddət əvvəl jurnalist Yafəs Həsənov bu məsələlərlə bağlı  apardığı araşdırmalar radikal düşərgənin lokomotivlərindən olan Müsavat Partiyasının saxta “siyasi mühacir” biznesini tam təfərrüatı ilə ortaya qoymuşdu. Y.Həsənov hətta sosial şəbəkələrdəki statuslarının birində insanları Müsavat Partiyasının arayış və vəsiqələrinə aldanıb Avropaya  mühacirət etmək istəyənlərə xəbərdarlıq da etmişdi: “Həmin arayışlarda yazılanlara artıq Avropanın miqrasiya idarələri demək olar ki, inanmır. Bu ilin mart ayından etibarən yüzlərlə müsavat arayışı təqdim edən mühacirlərə arayışda yazılan məlumatların yalan olduğu haqda bildirişlər göndərilib, ardınca da neqativ qərar. Yəni, deportasiya qərarı. Arayışlardakı məlumatları şübhəli edən məqamlardan biri isə çox maraqlıdır. Dindirilmə zamanı arayış təqdim edən şəxslər çox vaxt partiya ilə bağlı elementar suallara cavab verə bilmirlər. Partiyanın başqanının adını soruşanda ən yaxşı halda Gülağa Aslanlı deyən də var. Çünki, arayışların çoxu onun imzasıyla verilir deyə, elə bilirlər başqan da odur.”.

Digər bir jurnalist-hazırda İsveçrədə yaşayan Elbəyi Həsənli də apardığı araşdırmalar nəticəsində  Müsavat Partiyasının rəhbərliyinin “siyasi mühacir” biznesi ilə bağlı gerçəkləri üzə çıxarmışdı. O, yazırdı ki, Müsavat Partiyasını ələ keçirən bu dəstə Azərbaycan vətəndaşlarına pul-rüşvət qarşılığında Müsavat Partiyasının üzvü vəsiqəsi və arayış verirlər. Jurnalist partiyanın rəhbərliyini nəzərdə tutaraq yazırdı ki, “Bu bandanın gözünü pul elə örtüb ki, onun üçün müqəddəs heç nə qalmayıb. Bu yaxınlarda keçirilən aclıq aksiyasını da Arif Hacılı- Gülaga Aslanlı- Razim Əmiraslanov məhz biznes məqsədi ilə həyata keçiriblər. Sadəlövh müsavatçıların canlarına qıyaraq etdiyi aksiyadan, Hacılı qardaşları və Gülağalar para qazanıblar. Ortaya biabırçı nəticələr çıxıb. Əslində heç deyiləsi deyil səhnə utancvericidir. Lap “Badenbadenin mavi gecələri”ni xatırladır... Onlar 100 ilin Müsavatına elə bir zərbə vurublar ki, bu zərbəni Lenin-Stalin  vurmamışdı, vura bilməmişdi. Arif Hacılı və onun bandası bir cinayətkar kimi həbsə alınmalı, Müsavat partiyası bu murdar dəstənin əlindən xilas edilməlidir”.

Məhz bu murdar dəstənin və onların “əqidadaşlarının” külli miqdarda pulların müqabilində verdikləri  saxta arayışlar və vəsiqələr sayəsində Avropa ölkələrində “siyasi mühacir” statusu ilə məskunlaşanlar öz cinayətkar əməlləri ilə ölkəmizin adına xələl gətitirlər. Bu günlərdə Almaniya məhz həmin “mühacirlər”lə bağlı baş verənlər bunun əyani sübutudur.

Belə ki, bu günlərdə Almaniyada hüquq-mühafizə orqanları tərəfindən Azərbaycandan miqrant daşıyan dəstə aşkarlanıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Bu kriminal dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Maraqlıdır ki, həbs olunanların əksəriyyəti “müsavatçılar”dır. Bəli, məhz vaxtilə Müsavat Partiyasının saxta arayışları ilə Almaniyaya mühacirət edən “müsavatçılar”! Federal polis tərəfindən aparılan axtarışlarda onlardan sənədlər, informasiya daşıyıcıları, noutbuklar, fləş-kartlar, böyük məbləğdə nağd pul və odlu silah aşkarlanıb. Vaxtilə isa Qəmbərin, Arif hacılının və Gülağa Aslanlının imzaları və xeyir duaları ilə Alamnaiyda məskunlaşan bu “siyasi mühacirlər”dən ibarət kriminal şəbəkə həmin ölkədə yaratdığı agentlik vasitəsilə Şərqi Avropa və postsovet ölkələrindən cəlb etdikləri şəxsləri qanunsuz, ucuz işçi qüvvə qismində yerli şirkətlərə, necə deyərlər, satırmışlar.

İsa Qəmbər, Arif Hacılı və Gülağa Aslanlı təxminən 2015-ci ildən mətbuatın müzakirə mövzusuna çevrilən “siyasi mühacir” biznesi barədə deyilənləri ciddi-cəhdlə inkar etməyə, beləliklə, cidanı çuvalda gizlətməyə  çalıssalar da əsl həqiqətlər ortadadır. Təbii ki, onların bədbəxt etdikləri şəxslər, yəni “siyasi mühacirlər” öz cinayətkar əməllərinin adekvat cavabını alacaqlar. Saxtakarlığın sonu budur. Aqillərimiz yaxşı deyiblər: “Su sənəyi suda sınar”.

Zahid Rza, “İki sahil”