19 noyabr 2019 17:02
970

YAP siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib - FOTO

Noyabrın 19-da Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının Gənclər Birliyinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Pirallahı Rayon Gənclər Mərkəzində keçirilən tədbirdə YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyinin fəalları iştirak ediblər. İlk öncə tədbirdə Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş olunub.

YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov partiyanın keçdiyi şərəfli yoldan danışıb: "Ötən dövrə nəzər salsaq əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, eyni zamanda, siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Təkcə ölkəmizdə deyil, Cənubi Qafqaz regionunda ictimai və siyasi nüfuzuna görə Yeni Azərbaycan Partiyası ilə müqayisə edilə biləcək digər partiya mövcud deyil.  Azərbaycan Respublikasının Prezidenti, partiyamızın Sədri cənab  İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib."

YAP Pirallahı rayon təşkilatı sədrinin müavini Əli Kərimov çıxışında qeyd edib ki, müstəqil Azərbaycanda Heydər Əliyev missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla Yeni Azərbaycan Partiyası tərəfindən davam etdirilir, nəticəsi misilsiz nailiyyətləri olan alternativsiz siyasi kursla müşayiət olunur.

Partiyanın rayon təşkilatının Gənclər Birliyinin fəallarından olan Aysel Qəribli, Şəbnəm Səfərova, Vilayət Mirzəyev çıxışlarında bildiriblər ki, ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin edib.

Tədbir partiyanın ictimai-siyasi həyatında fəallıq göstərdiklərinə görə bir qrup YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyi üzvlərinin Fəxri fərmanlarla təltif olunması  və partiya sıralarına yeni qəbul edilmiş gənclərə partiyaya üzvlük vəsiqəsinin təqdim olunması ilə yekunlaşıb.

Orxan Vahidoğlu, “İki sahil”