25 noyabr 2019 20:06
1451

Çoxlarımızdan daha yaşlı olan interneti hələ də müasir sayırıq?

Düşünürsünüz ki, İnternet-texnologiya son dövrlərin məhsuludur? Əslində isə artıq internet və onunla bağlı bir sıra şeylər-selfi, spam, onlayn oyunların yaşı çoxlarımızın yaşından böyükdür.

“@” işarəsinin tarixi 500 ildən artıqdır. Bu işarəyə ilk dəfə florensiyalı tacirlərin 1536-cı ilə aid sənədlərində rast gəlinib. O zaman bu işarə qiymətin qarşısında işlənirdi. İnternet aləminə isə onu elektron poçtun yaradıcısı Rey Tomlinson gətirib.

Müasir elektron poçt termini 1971-ci ildə Rey Tomlinson tərəfindən yaradılıb.

İnsanların təəssüratını bildirən emojilər ilk dəfə 1881-ci ildə 30 martda tipoqrafik mətndə işlədilib. Onları “Puck” satirik jurnalının jurnalistləri düşünüblər.

İlk dəfə sms-qısaldılmaları britaniyalı admiral Con Arbutnot Fişer 1917-ci ildə istifadə edib. O, Çörçilə yazdığı məktubda “Oh, my God” ifadəsini yumorla “OMG” şəklində işlətmişdi.

Kağız “spam”lar- reklamlar, elanlar dərc edilən kağızları hələ XIX əsrdən poçt qutularına atırdılar. Elektron poçtun yaranması ilə “spam” anlayışı da elektronlaşdı.

Tarixdə ilk dəfə selfi 1839-cu ildə amerikalı pioner fotoqraf Robert Kornelius tərəfindən çəkilib. 

İlk xaker hücümları 1960-cı illərdə baş verib. O zaman kompyuterə deyil, fakslara hücum olunurdu. Xakerlər faksları lazımsız mesajlarla dolduraraq sıradan çıxarırdılar.

Nəhayət, internetin özü ilk dəfə “ARPANET” şəbəkəsi adı ilə 1969-cu il, 2 sentyabrda yaranıb.  1984-cü ildə”ARPANET”in rəqibi, müasir internetin prinsiplərinə uyğun  “NSFNet” yaradıldı.

Beləcə, ötən əsrin 60-cı illərində yaranan interneti, 175 yaşı olan selfini, bir əsr bundan əvvəl peyda olan spam mesajları heç də müasir dövrün yenilikləri saymaq lazım deyil.