16 dekabr 2019 20:55
1681

Ən bahalı Yeni il ağacları

Yeni il bizim ailə ilə keçirdiyimiz, hədiyyə və əyləncə ilə dolu bir bayramdır. Bəs Yeni il ağacı olmadan Yeni il mümkündürmü?

Bəzi insanlar puluna qənaət edərək süni Yeni il ağacı alır, evinin qrajında saxlayır və hər Yeni ildə onu bəzəyir. Bəziləri isə orijinal təbii Yeni il ağacının qoxusunu sevir və evini təbii ağac ilə bəzəyir. Keyfiyyətli Yeni il ağacı 100 dollardan artıq vəsaitə başa gəlir .Normal büdcəyə malik insanlar üçün heç də sərfəli görünməyən bu hal böyük şirkətlər üçün heç də problem deyil.

Ən bahalı Yeni il ağacları ilə tanış olaq:

Alkoqol sevərlərin ağacı - 55000 dollar

Həmin Yeni il ağacı Londonda yerləşən Sofitel otelində quraşdırılıb və bahalı Yeni il ağaclarından biri hesab olunur. London bahalı şəhər kimi tanınır və burada bahalı Yeni il ağacları rahatlıqla tapa bilərsiniz. Sofitel otelindəki sözügedən ağaca diqqət yetirsəniz, onun çox da gözəl olmadığını görəcəksiniz. Ağac metal dəmir üzərində quraşdırılan 200 konyak şüşəsindən ibarətdir. Butulkalar 24 karat qızıl ilə işlənib və şüşələrin üzərində nə az nə çox 5 ekspert işləyib. Əslində konyak şüşələrinin dəyəri olmasa da, ümumilikdə əl işi çox dəyərli hesab olunur . Təkcə konyak şüşələrinə 2.400 dollar vəsait xərclənib. Dəmirin uzunluğu 17 fut təşkil edir.

Tokiodakı balaca Milad ağacı 1.8 milyon dollar

Yaponiyada böyük marketlərdən birində 40 sm uzunluğunda zəncirlə bəzədilmiş Yeni il ağacı var. Bu balaca Yeni il ağacı mərkəzində brilyant olan çoxlu qızılgüllərlə bəzədilib. Ağacın yanında isə brilyantlarla bəzədilmiş qırmızı ayı var.

Disneylandı xatırladan Yeni il ağacı- 4.2 milyon dollar

Disneylandda qış ayında ələxsus da, Milad ərəfəsində olsanız, orada çox da baha olmayan nəhəng Yeni il ağacı görəcəksiniz. Məhz Yaponiya Disneylandı xatırladacaq möhtəşəm bir Yeni il ağacını ərsəyə gətirə bilib.

Bu Yeni il ağacı Yaponiyanın ən hündür və dəb mərkəzi hesab olunan Ginzada quraşdırılıb. Xalis qızıldan hazırlanan ağacın üzərində 2 ay ərzində 10 sənətkar işləyib. 8 fut uzunluqda olan Yeni il ağacının üzərindəki qızıllar 24 karatdır və 50 Disney qəhrəmanı ağacın üzərinə həkk edilib.

Ən bahalı Yeni il ağacı - 11 milyon dollar

Əbu Dabidə yerləşən “Emirates Palace” otelində quraşdırılan dəbdəbəli Yeni il ağacı...

Sözügedən ağac 40 fut uzunluğundadır . Bu süni şam ağacının təkcə özünün dəyəri 10000 dollardır.

Bəs bu şam ağacını belə dəyərli edən nədir?

Əlbəttə ki, üstündəki dekorlar......

Şam ağacı gümüş və qızıl oyuncaqlardan, klassik ornamentli toplardan və nağılları xatırladan balaca işıqlardan ibarətdir. Amma dekorlar təkcə bunlarla bitmir. Belə ki, Style Gallery adlı cəvahirat mağazasının sahibi ağacı daha da bəzəmək üçün bəzi məhsullarını ağacda nümayiş etdirib. Ağac 181 brilyant, mirvari, sapfir və digər bahalı daşlarla bəzədilib. Həmçinin şam ağacında boyunbağılar, bilərziklər və bahalı saatlar da görə bilərsiniz.

Leyla Şıxəli Bayramlı, “İki sahil”