18 dekabr 2019 20:42
1290

Sosial şəbəkələrin həyatımıza mənfi təsirindən xəbərdarıqmı?

Texnologiyanın inkişafı ilə insanların həyata baxışı da dəyişir. Xüsusilə internet istifadəsi, informasiyaya asan yolla çatmaq şansı insanların həyatını inkişaf etdirməklə yanaşı bir o qədər də mənfi təsirləri ilə yadda qalır. Aparılan araşdırmalar da göstərir ki, sosial şəbəkələr əslində insanların psixologiyasına mənfi təsir göstərir. İnsanda asılılıq yaradan siqaret, alkoqol və narkotik maddələrin sırasına sosial şəbəkələrdən asılılıq maddəsi də əlavə olunmaqdadır. Aparılan digər araşdırma nəticəsində internetdən uzaqlaşdırılan insanların eynilə alkoqol, siqaret və narkotik maddə kimi asılılıq yaradan maddələri tərgitdikdə bədənlərində meydana gələn dəyişiklikləri göstərdikləri də müşahidə olunmuşdur. Bunların arasında aqressivlik, depressivlik, insanlarla ünsiyyət qura bilməmək və s. mənfi amillər özünü daha çox büruzə verir. Nəticədə sosiallaşdığımızı düşündüyümüz halda, əslində asosiallaşırıq. Düzbucaqlı ekranın qarşısında, oturduğumuz o stullarımızda rahatlığımızı düşündüyümüz halda, varlığımız bundan artıqlaması ilə mənfi təsirlənir. Amma təəssüf ki, bütün bunları  hiss etmirik. İnsanlarla ünsiyyətimiz sadəcə yazıdan ibarət olmağa başlayır.

Danışmaq üçün sərf etdiyimiz əmək azalır. İnsanlar üz-üzə danışmağa həsrət qalır. Nə zaman insanlarla qarşı-qarşıya gəlsək, danışa bilməməkdən şikayət edirik. Çünki həyatlarımız təkcə internetdən, sosial şəbəkələrdən ibarət hala gəlməyə başlayır. Əvvəl hal-əhval ilə başlayıb, ardınca bir-iki fərqli mövzulardan bəhs etsək də, mövzular yenə eyni nöqtəyə gəlir. Qarşımızdakı insanın sosial şəbəkələrdə etdiklərindən, getdiyi yerlərdən, yazdığı sözlərdən, paylaşdığı videolaradək bircə-bircə müzakirə edilir. Bu da bəs etmirmiş kimi virtual dedi-qodular da bir-birini izləyir. Bəyəndiyi, xoşlandığı insanı göstərib, yazdıqlarından və etdiklərindən söhbət açırlar. Qısaca söhbətlər adiləşir. İnsanlar sosiallıqdan uzaqlaşdıqca uzaqlaşır, amma heç kəs hiss etmir. Hamı bir-birini xəbərdar edir, amma çevrilib güzgüyə baxmır. Hər kəs dünyanı virtual aləmdə xilas edir, real həyatdan uzaqlaşır. Acı çəkən insan belə bunu əvvəlcə sosial şəbəkədə paylaşır.

Röya Rasimqızı, “İki sahil”