26 dekabr 2019 10:59
708

Meteoroloqlar hesab edirlər ki...

Hava proqnozu vermək olduqca çətin bir prosesdir. Atmosferdə təzyiq, reaktiv axını, rütubət, okean cərəyanları kimi havaya təsir göstərən  amillər çoxdur. Lakin buna baxmayaraq, Yer üzündə çox sərt təbiətə və iqlimə malik ölkələr vardır ki, belə ölkələrdə hava haqqında proqnozlar insanlar üçün böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, meteoroloji proqnoz üçün meteoroloji məlumatlar eyni xətt üzərində yerləşən 10 min müxtəlif meteostansiyada toplanır. Aşağıda hava və hava proqnozları ilə bağlı digər maraqlı məlumatlarla da tanış ola bilərsiniz:

Qədimdə havanın necə olması barədə fikir ancaq heyvanların hərəkətlərinə görə müəyyən edilirmiş. Məsələn, yağışdan əvvəl adətən qarışqaların bir xətt üzrə düzülməsi, qoyunların yununun çevrilməsi, inəklərin yerə sərilməsi və s.

XVII əsrdə İngiltərədə səhv proqnoza görə sinoptiklərə ölüm hökmü oxunurdu. Orada bir müddət sonra bu işlə məşğul olmaq istəyən insan qalmamışdı.

Dünyada ən günəşli yerlərdən biri Ölü dəniz hesab olunur. Orada ilin təxminən 330 günü günəşli keçir.

Günəşin ən az göründüyü yer isə Şimal torpağı arxipelaqıdır. Orada il ərzində cəmi 12 gün günəşli olur.

Bəzi tornadoların sürəti hətta “Formula 1” yarış maşınlarının sürətindən də artıq olur.

1684-cü ildə İngiltərədə o qədər soyuq olmuşdu ki, Temza çayı düz iki ay donmuş halda qalmışdı.

Belə bir zarafatyana deyim də var ki, hava dəyişikliyi olmasa on nəfərdən doqquzu söhbəti haradan başlamağı bilməz.

Dünyanın ən yağışlı yerlərindən biri Havay adalarından birindəki Uai-al-al dağıdır. Orada il ərzində 350 yağışlı gün olur.

Ən güclü külək isə Amerikanın Oklahoma ştatında qeydə alınıb, saatda 512 km.

Yağışın yağması ilə bağlı sahibini məlumatlandıran çətirlər istehsal edilir. Yağış yağma ehtimalı artan kimi bu çətir yavaş-yavaş açılır və tutacağında tünd göy işıq yanmağa başlayır. Çətirə məlumat internet vasitəsilə ötürülür.

Məşhur Avropa qəzetlərindən biri artıq iyirmi ildir ki, hava məlumatını şeir formasında təqdim edir.

San-Fransiskoda hava proqnozu “Yağışın olma ehtimalı 7/3” şəklində verilir. Bu rəqəmlər stansiyanın işçilərinin səsverməsini  göstərir.

Uqanda sakinləri göy gurultusu səslərindən diksinmirlər, çünki orada orta hesabla, ilin 250 günü göy gurultusu baş verir. Uqanda planetin ən buludlu hissəsi hesab olunur.

2001-ci ilin iyulunda Hindistanda, Keralada qan kimi qıpqırmızı yağış yağmışdı.

Böyük turist agentlikləri son zamanlar səyahət zamanı insanları hava dəyişikliklərindən sığortalayırlar. Məsələn, bütün tətil boyu yağış yağıbsa və turist arzuladığı istirahəti edə bilməyibsə, ödədiyi pulun çox hissəsi geri qaytarılır.

Nubar Süleymanova, “İki sahil”