27 dekabr 2019 20:36
1128

Pis vərdişlər axırımıza çıxa bilər

Hər birimizin bir dənə də olsa pis vərdişimiz vardır. Özümüzə çox adi hərəkətlər kimi gəlsə də, həmin vərdişlərin əslində çox ciddi mənfi nəticələri ola bilir, hətta uzun müddət davam edərsə, sağlamlığımıza ziyan vuraraq, bizi ölümə yaxınlaşdırır.

Məsələn, hələ bağça yaşlarınızdan sizdə dırnaq yemə vərdişi var? Bu vərdiş kənardan çox ədəbsiz görünməklə yanaşı, insan sağlamlığı üçün olduqca zərərlidir. Dırnaqların arasında xəstəlik törədən çoxsaylı bakteriyalar yerləşir. Bu vərdişin qarşısını almaq üçün psixoloqa müraciət edin və yaxud dırnaqlarınıza acı dad verən boyalar çəkin.

Gedəcəyiniz hər bir yerə gecikmək kimi bir vərdişiniz var? Bu təkcə başqalarına qarşı nəzakətsizlik deyil, həm də sizin həmişə təlaşda olmaqla və hər kəsdən məcbur üzr istəməklə özünüzü gərgin hiss etməyinizə səbəb olur. Görüş yerinə getmək üçün hər dəfə 15 dəqiqə olmaqla evdən tez çıxmağı sınayın.

Stress altında olduqda ac olmasa belə dayanmadan yemək yeyən, əsəbi, qəmgin olduqda çoxlu şokolad yeyən insanlar var. İlk baxışda düşünürük ki, burada qeyri-adi bir şey yoxdur. Lakin hər hansı bir qidanın nəzarətsiz və nizamsız qəbulu mədə-bağırsaq yollarında qastrit və digər ciddi problemlər yarada bilər. Bundan başqa, şəkərlə bol olan qidalardan aşırı istifadə psixoloji problemlərə də yol açır. Əsəbiləşmisinizsə və bir şey  yeməklə hirsinizi soyutmaq istəyirsinizsə, o zaman çalışın meyvə, qoz-fındıq yeyəsiniz.

Ayağınızı ayağınızın üzərinə aşırıb oturmağı sevirsiniz? Oynaqları, bel sümüyünü zədələdiyinizdən xəbəriniz olsun. Bu zaman həm də qan dövranı pozulduğundan ayaq əzələləri qanla yaxşı təmin edilmir. Oturuşunuza nəzarət etməklə bu zərərli vərdişdən qurtulmağa çalışın.

Gün ərzində iki dəfə dişlərinizi təmizləməyi unudursunuz? Bu çox vacibdir, həmçinin hər dəfə yemək qəbulundan sonra ağız mütləq yaxalanmalıdır, çünki pis vəziyyətdə olan diş kökləri və damaqlar ürək xəstəliklərinə yol aça bilir. Xarab dişlərdə, diş köklərindəki bakteriyalar asanlıqla qana keçirlər, damarlarda toplanaraq, tromblaşma yaradırlar. Buna görə də gün ərzində iki dəfə dişləri fırçalamaq zəruridir.

Dar və kip geyimləri sevirsiniz? Bu vərdiş də qan dövranınızı pozur və nəticədə damarların varikoz genişlənməsi baş verir.  Gündəlik olaraq dar geyimlərdən istifadə etmək sağlamlığınız üçün çox zərərlidir.

Nubar Süleymanova, “İki sahil”