Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bir daha qeyd edilmişdir ki, ölkəmizin ev sahbiliyi etdiyi mötəbər beynəlxalq tədbirlər onun həm dünyadakı mövqeyini əks etdirir, həm də yeri və rolunu möhkəmləndirir
Dövlətimizin başçısı İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə diqqət göstərdiyi əsas istiqamətlərdən biri Azərbaycanın xarici siyasət uğurları oldu. Daxili siyasətin məntiqi davamı kimi dəyərləndirilən xarici siyasətdə əldə olunan uğurlar öncə əsas problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir baxımından xüsusi müzakirə olunur, eyni zamanda, xüsusi önəm daşıyır.
Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun, dünyada cərəyan edən proseslərə təsir imkanlarının artması sözsüz ki, həqiqətlərimizin olduğu kimi dəyərləndirilməsində, yəni ədalət meyarının varlığına inamın formalaşmasında və güclənməsində stimulverici amildir.
Ötən il dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə, eyni zamanda, bu və ya digər ölkə rəhbərlərinin Azərbaycana səfərlərinin miqyasına diqqət yetirsək dünya birilyində möhkəmlənən mövqeyimizin aydın ifadəsini görmək mümkündür. 2019-cu ildə cənab İlham Əliyev ondan artıq ölkəyə, 40-dan çox dövlət və hökumət başçısının Azərbaycana səfəri olub. Keçirilən çoxsaylı görüşlərdə müzakirə olunan məsələlər, imzalanan sənədlər əməkdaşlıqda yeni istiqamətlərin müəyyənləşdirilməsinə yol açıb. Avropa İttifaqı Şurasının prezidentinin Azərbaycana səfəri Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri əks etdirir. Azərbaycan ötən ildə 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə ev sahibliyi etdi. Cənab İlham Əliyev Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında, MDB Dövlət Başçıları Şurasının Aşqabad Sammitində iştirak etdi. Hər bir beynəlxalq tədbir əhatə etdiyi mövzu və qəbul olunan sənədlər baxımından əhəmiyyət kəsb etməklə yanaşı, Azərbaycanın beynəlxalq mövqeyinə etdiyi əlavələrlə də diqqət çəkən oldu. Azərbaycan, eyni zamanda, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etdi. Bu sessiya çərçivəsində Şəki Xan Sarayı, Şəkinin mərkəzi hissəsi UNESKO-nun Dünya İrs Siyahısına daxil edildi. Şəki Xan Sarayının bu siyahıda olması növbəti böyük uğurumuzdur. Ötən il Vaşinqtonda Dünya Astronavtika Konqresi keçirildi. Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması Azərbaycanın yeniliklərə imza atan ölkə kimi tanınmasının aydın mənzərəsini yaratdı.
Ölkə Prezidentinin vurğuladığı kimi, aparılan uğurlu xarici siyasət nəticəsində Azərbaycan bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qurub. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin daxili işinə qarışmamaq prinsiplərinə söykənir: “Ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur. Deyə bilərəm ki, bu mühiti biz yaratmışıq. Əminəm ki, bundan sonra da bu istiqamətdə ardıcıl siyasət aparacağıq.” Cənab İlham Əliyev bu statistikanı da açıqlayır ki, Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər vardır. Bu, Azərbaycanın Avropa üçün strateji əhəmiyyət daşıyan ölkə olduğunun təsdiqidir. Ölkəmizin bu gün dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunu nəzərə alsaq, gerçəkləşdirilən səfərlərin hər birində ölkəmizin enerji sektorunda qazandığı uğurlar, gündəmə gətirilən layihələrin coğrafiyasının genişləndirilməsi kimi məsələlər, eyni zamanda, yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzularından olmuşdur.
Xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərini öndə saxlayan Azərbaycan bütün münaqişəli məsələlərin məhz bu prinsiplər əsasında çözülməsinin tərəfdarı olduğunu bildirir. Hazırkı dövrün əsas çağırışları sırasında yer alan İslam həmrəyliyinə, türk dünyasının birliyinə ölkəmizin töhfələri böyükdür və davamlıdır. Multikulturalizm və tolerantlıq təcrübəsi nümunə olan Azərbaycan bu kimi addımları ilə dünyaya sülh, əmin-amanlıq, əməkdaşlıq, birlik və həmrəylik mesajını ünvanlayır.
Azərbaycan ötən il, eyni zamanda, əməkdaşlığın üçtərəfli formatlarının təşəbbüsçüsü kimi çıxış etməklə yanaşı, bu istiqamətdə davamlı addımlar atdı. Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə kimi üçtərəfli əməkdaşlıq formatları bunun bariz nümunəsidir. Bu formatlar isə öz növbəsində əməkdaşlıqda yeni-yeni prioritetlərin müəyyənləşdirilməsini, qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağı şərtləndirir. Əməkdaşlıq formatları ümumilikdə regional sabitliyin, təhlükəsizliyin təmin edilməsi, ölkələr arasında iqtisadi-ticari əlaqələrin, enerji və nəqliyyat sahəsində mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malikdir.
Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında münasibətləri inkişaf etdirən Azərbaycanın qonşu dövlətlərlə əlaqələrin müxtəlif istiqamətlər üzrə genişləndirilməsinə göstərdiyi maraq atdığı davamlı addımlardan daha aydın görünür. “Bizim xarici siyasətimiz çoxşaxəlidir və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Əlbəttə, hesab edirəm ki, biz, ilk növbədə, qonşularımızla əlaqələrimizi daha yüksək pilləyə qaldıra bilmişik... Hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərin qurulması çox vacib amildir. Azərbaycan o ölkələrdəndir ki, Ermənistandan başqa bütün qonşularımızla çox düşünülmüş siyasət apararaq gözəl münasibətləri qura bilib və ölkəmiz bu münasibətlərdən faydalanır. Həm regional təhlükəsizliyin inkişafı, eyni zamanda, nəqliyyat, energetika, ticarət məsələlərinin uğurla həlli, o cümlədən qonşularımızla münasibətlərdən asılıdır” söyləyən dövlətimizin başçısı İlham Əliyevin bu fikirlərinə istinad etsək, ölkə Prezidentinin, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycan-Rusiya münasibətlərinin inkişafında yeni bir mərhələ kimi dəyərləndirilən Rusiya Federasiyasına rəsmi səfərlərinin əhəmiyyəti daha aydın dərk olunur.
Cənab İlham Əliyevin qeyd etdiyi kimi, artıq çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlər həyatımızın demək olar ki, bütün sahələrini əhatə edir. Keçirilən görüşlər, müzakirə olunan məsələlər uğurla davam edən ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls verir. İki ölkə arasında imzalanan sənədlər arasında “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” və “Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında 2024-cü ilədək Əməkdaşlıq Proqramı” kimi sənədlər həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri baxımından mühüm önəm daşıyır.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşü, Rusiya Prezidentinin onu iki ölkənin münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif etməsi, Birinci vitse-prezidentin Rusiya Hökumətinin başçısı Dmitri Medvedevlə və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşü, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bərpa olunmuş “Azərbaycan” pavilyonunun açılışında iştirakı və sair kimi biri-birindən əhəmiyyətli məqamlar müzakirə olunmaqla yanaşı, əlaqələrin inkişafına təsir imkanları daha çox diqqət çəkdi. Mehriban xanım Əliyeva TASS agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusmana TASS, “Rossiyskaya qazeta” və “Rossiya-24” telekanalı üçün müsahibəsində səfər çərçivəsində keçiridiyi görüşlərə və səfərin yekunlarına bir daha diqqət yönəldərək, Rusiya-Azərbaycan münasibətlərinin möhkəm dostluq və mehriban qonşuluq ənənələrinə söykəndiyini, uğurla inkişaf etdiyini əsaslı şəkildə diqqətə çatdırmışdır. “Fəal siyasi dialoq mövcuddur, Azərbaycan və Rusiya prezidentləri arasında mütəmadi görüşlər bizim münasibətlərin çoxvektorluluğunu təyin edir və demək olar ki, bütün sahələrdə qarşılıqlı əlaqələrin inkişafına təkan verir” söyləyən Mehriban Əliyeva onu da əlavə etmişdir ki, Azərbaycan ilə Rusiyanın qədim və möhkəm dostluq, mehriban qonşuluq ənənələri ilə bir-birinə bağlı olması dövlətlərarası əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradır. “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” iki ölkə arasında siyasi dialoqu, ticari-iqtisadi inkişafı, investisiya qoyuluşu məsələlərini, yeni nəqliyyat dəhlizlərinin yaradılması, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və digər sahələr üzrə yol xəritələrini özündə əks etdirir. Dövlətimizin başçısı İlham Əliyev qarşılıqlı səfərlər zamanı keçirdiyi görüşlərdə bu məqamı daim böyük əminliklə ifadə edir ki, “Yol xəritələri”nin reallaşdırılması əlbəttə, daha sıx qarşılıqlı fəaliyyətə, bütün sahələrdə inteqrasiyaya və əməkdaşlığa gətirib çıxaracaq.
Göründüyü kimi, Azərbaycanın irəli sürdüyü təşəbbüslər və onların gerçəkləşməsinə xidmət edən addımlar yaxın gələcəkdə region üçün olduqca pozitiv nəticələr vəd edir. Bu, Azərbaycanın regionda lider mövqeyini, bölgədə təhlükəsizliyin təmin edilməsi və siyasi-iqtisadi əlaqələrin inkişafında oynadığı rolu aydın şəkildə nümayiş etdirir. Bu uğurlar, eyni zamanda, Azərbaycanın tranzit imkanlarının genişləndiyini də nümayiş etdirir. Azərbaycanın beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrildiyi reallıqdır. Xarici siyasət uğurlarımız sırasında bu məqamı xüsusi qeyd etməliyik ki, Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin görüşləri mütəmadi olaraq ölkəmizdə keçirilir. “Bu, çox əlamətdar hadisədir. Dünyada BMT-yə üzv olan 200 ölkə var və bu ölkələr arasında bu görüş məhz Azərbaycanda keçirilir. Avropada 50-yə yaxın ölkə var, ancaq bu görüş Azərbaycanda keçirilir” söyləyən ölkə Prezidenti İlham Əliyev bildirmişdir ki, bunun başlıca səbəbi çox etibarlı tərəfdaş, sözü ilə əməli eynilik təşkil edən Azərbaycana inamdır. Bu inam isə ölkəmizə çox böyük hörmət, etimad qazandırıb.
Qeyd etdiklərimiz fonunda bir daha bu reallıq öz təsdiqini tapır ki, əlverişli çografi məkana, zəngin təbii resurslara malik olan Azərbaycanla əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artmaqda, ölkəmiz strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirməkdədir. Dövlətimizin başçısı İlham Əliyev müşavirədə bir daha bu əminliyi ifadə etmişdir ki, 2020-ci ildə də bütün sahələrdə müsbət meyillər davam edəcək.
Yeganə Əliyeva, “İki sahil”