Əslində tarix müəmmalı hadisələrlə dolu təkrarlanan bir prosesdir. Bu gün sizə dünyada baş verən bəzi müəmmalı hadisələr haqqında söhbət açmaq istəyirik.
Fransa kralı XVI Lüdovik kral olandan bəri bir şeydən qorxurdu. Öncəgörücü bir qadın krala xəbər vemişdi ki, o, ayın 21-də öləcək. Bu xəbər krala çox təsir edir. O, kral olduğu illər ərzində hər ayın 21-də bütün işlərini təxirə salır, öz otağında tənha oturaraq heç kimlə görüşmür və dövlət işləri ilə maraqlanmırdı. O, hər ayın 21-də belə etməklə özünü ölümdən qoruyacağını düşünürdü. Amma qorxduğu başına gəldi. Fransa Burjua inqilabında yakobinçilərin təkidi ilə 1791-ci ilin 21 iyul tarixində kral XVI Lüdoviki və onun xanımı Mariya Antuanettanı həbs edirlər. Bundan bir il sonra, 1792-ci ilin 21 sentyabr tarixində Fransa respublika elan olunur və kral hakimiyyəti ləğv olunur. Dəhşətli məqam bundan ibarətdir ki, 1793-cü ilin 21 yanvar tarixində XVI Lüdovik və onun xanımının başlarını kəsərək edam edirlər.
1887-ci ildə Londonda QrinBerri Hill küçəsində 3 nəfər adam öldürən insan edam olunur. Dəhşətli fakt ondan ibarətdir ki, bu edam olunan insanların soyadları müvafiq olaraq Qrin, Berri və Xill olur.
İtaliyada 60-cı illərdə yolda iki avtomobil toqquşur. Bəxti gətirən sürücülərdən heç biri zədələnmir. Onlar bu yaxşı ötüşən hadisənin şərəfinə dost olmağı və gecəni yaxınlıqdakı kafedə içki içib, sağlıq deməklə keçirməyi düşünürlər. Bir-birlərinin adlarını soruşan bu insanlar bir anlıq dəhşətə gəlirlər. Çünki bu insanların hər ikisinin adı və soyadı eyni olur. Djakomo Feliçe- bu ad italyan dilində tərcümədə “bəxti gətirən” mənasını verir.
1966-cı ildə, ABŞ-ın Salem adlı kiçik şəhərində Roccer Lozer adlı 4 yaşlı uşaq az qala dənizdə batacaqdı. Yalnız bu uşağı ölümdən Elis Bleys adlı qadın xilas edir. 1974-cü ildə isə maraqlı hadisə baş verir. 12 yaşlı Roccer həmin dənizdə batan başqa bir insanı xilas edir. Sonradan məlum olur ki, Roccerin xilas etdiyi bu insan, Rocceri xilas edən Elis Bleys adlı qadının həyat yoldaşıdır.
Məşhur italyan aktyor Marçello Masrtroyanni bir gün dostları ilə məclisdə olarkən piano arxasına keçərək qəribə sözləri olan bir mahnını oxumağa başlayır. Bu mahnıda o, “Mənim çox xoşbəxt olduğum ev yandı” adlı bir ifadədən istifadə edir. Elə bu vaxtı ona təcili xəbər çatır ki, onun malikanəsində yanğın baş verib.
1965-ci ildə Şotlandiya kəndlərinin birində insanlar kinoteatrda “80 gün ərzində dünya ətrafında” filminə baxırdılar. Kinoda bir epizodda qəhrəmanlar hava şarına minirlər. Bu epizod izlənərkən kinoteatrın damına sanki nəsə düşür. Qorxuya düşmüş insanlar çölə çıxanda dəhşətə gəlirlər. Kinoteatrın damına eynən kinoda olduğu kimi eyni rəng və quruluşda olan qəzaya uğramış hava şarı düşür. Şarı idarə edən adam isə bu qəzadan sağ çıxa bilmir.
Texas sakini Allan Folbi bir gün maşın qəzasına düşür. Bu qəzada o ayaq arteriya damarını zədələyir. O bu zədəyə görə ölə bilərdi. Amma onun köməyinə hadisə yerindən öz maşını ilə keçən Alfred Smit adlı insan çatır. Alfred dərhal Allana kömək etmək üçün onun ayağını qanqrena olmasın deyə sarğı ilə bağlayır və dərhal təcili yardım çağırır. Bu köməkdən sonra Allan Fobi ölümdən qurtulur. Bu hadisədən 5 il sonra dəhşətli mistika baş verir. Artıq çoxdan sağalmış Allan Fobi maşın sürərkən yolda qəzaya uğramış digər bir maşın görür. O, dərhal maşının sürücüsünə yardım etməyə çalışır və görür ki, bu maşın sürücüsünün də ayağında olan arteriya damarı kəsilib. O, həmin adama kömək edərkən dəhşətə gəlir. Çünki bu insan 5 il bundan qabaq onun həyatını xilas etmiş həmin Alfred Smit adlı şəxs idi.
Avstraliyalı doğum evində işləyən soyadı Trillet (tərcüməsi “üçlük” deməkdir) olan qadının həyatında 3 rəqəmi böyük rol oynayıb. O, 3 mart günü anadan olub, 3 nömrəli evin 3-cü mərtəbəsində yaşayıb, 3 dəfə evli olub, 3 dəfə övlad dünyaya gətirib və həkim karyerası ərzində 3 dəfə üçəm (eyni gündə bir ananın 3 uşaq dünyaya gətirməsi) doğumunda həkim olaraq iştirak edib.
Samirə Tağıyeva, “İki sahil”