Bəşəriyyətin tarixində bir çox qorxulu xəstəliklər olub. Epidemiya halını almış bu xəstəliklər minlərlə insanın həyatına son qoymuşdur. Bu xəstəliklərdən elələri var idi ki, sanki onlar qorxulu filmlərdən reallığa çevrilmişdilər və onların bəzilərinin səbəbləri artıq bilinsə də bəzilərinin isə sirr olaraq qalır.
Afin vəbası
Afinanın vəbası adlandırılan bu qorxulu xəstəlik iki min öncə epidemiya halına çevrilək minlərlə yunanlının canını aldı. E.ə 430- 426-ci illərdə müdriklik və xoşbəxtlik məbədi olan Afinanı cəhənnəmdən gələn qanlı patogen mikroblar əhatə etdi. İnanmaq çətin olsa da bu xəstəlik reallıqda olmuş xəstəlikdir. Xəstələrin görünüşləri o qədər dəhşətli idi ki, hətta Afinaya hücüm etməyə hazırlaşan spartalılar belə şəhər divarlarının yaxınlığından geri qayıtmışdılar. Bu xəstəliyə yoluxmuş insanlar yüksək temperaturdan , göz qızartılarından , qan qusmalarından və diareyadan əziyyət çəkirdilər. Vəba xəstəliyi Afinaya dəniz yolu ilə gəlmişdi. Rəvayətlərə görə, vəba epidemiyasınından qurtulan və yeganə sağ qalan insan Fukidid olub və o, bu xəstəlik haqqında kitab yazaraq bütün bu dəhşətləri təsvir etmişdir. Beləliklə, qorxulu epidemiya zamanı qədim Afina əhalisinin üçdə ikisi tələf oldu. Daha sonra xəstəlik yoxa çıxdı. Bu günə qədər elm adamları Afinada baş verən ölümcül epidemiyanın səbəbləri ilə bağlı fikir mübadiləsi apararaq bir nəticə əldə edə bilmirlər. Bəzi ekspertlərin düşüncələrinə görə, simptomlar baxımından vəba xəstəliyi Ebolaya çox bənzəyir. Lakin qədim əfsanələrə görə, bu xəstəliyin əsl səbəbi Tanrının insanlara olan böyük qəzəbi olub.
Partlayan dişlər
Diş ağrısı dəhşətli və bəzən dözülməz ola bilir. Lakin XIX əsrdə müşahidə olunan bu qorxulu xəstəliyə yoluxan insanlar reallıqla əlaqəsini itirərək, quduz itlər kimi davranırdılar. Xəstələrin dişləri şiddətli dərəcədə ağrıyandan sonra içəridən partlayırdı və bu partlayış bəzən elə güclü idi ki, xəstələr huşunu itirərək yerə sərilirdilər. Belə xəstələrə heç bir ağrıkəsici kömək etmirdi. İlk dəfə bu nadir xəstəlik haqqında ABŞ-ın Pensilvaniya ştatında yaşayan diş həkimi Etkinson maraqlı bir məqalə yazdı və bu məlumat 1817-ci ildə “The Dental Cosmos” adlı jurnalda çap olundu. Məqalədə bu carəsiz xəstəliyə düçar olan insanlar haqqında danışılırdı. Onun xəstələrindən biri keşiş idi və dözülməz ağrılar onu vəhşi bir heyvana bənzətmişdi. Ağrıdan huşunu itirən keşiş özünü hasara çırpırdı, şahidlərin sözlərinə görə , o, hətta burnu ilə yeri qazırdı. Lakin bir gün səhər 9-da keşişin ağzında, sanki tapança partladı və xəstəni dəliyə döndərən diş öz-özünə parçalandı və bununla onun keçirdiyi bütün əzablar bitmiş oldu. 19-cu əsrdə oxşar hallar 5-6 nəfərdə təkrar olundu və 1920-ci ildən sonra qəribə hallar tamamilə dayandı. Etkinsonun müşahidələrinə görə, diş partlamalarının səbəbi gümüş və qurğuşundan hazırlanmış plomb dişlər ilə hidrogen arasında gedən reaksiya idi.
Psixolojı “Şüşə illüziyası”
Bu xəstəlikdən əsasən orta əsrlərdə yaşamış insanlar əziyyət çəkirdilər. Bununla belə xəstəliyə həm varlı, həm də kasıb insanlar yoluxurdular. Xəstəliyə yoluxmuş insanlar düşünürdülər ki, onların bədənləri şüşədən hazırlanıb və hər an bir hərəkətlə onlar milyonlarla hissəciklərə səpələnəcəklər. Həmçinin bu xəstəlik bir anlıq tutmalar ilə baş verirdi. Məsələn, hansısa şəxs sakit bir şəkildə söhbət etdiyi zaman birdən- birə ani bir hərəkətlə hissəciklərə səpələnəcəyini bəyan edir və özünü buna inandırırdı. Alimlər fikirləşirlər ki, bu, psixolojı bir epidemiya idi. Belə ki, şüşə illüziyasına ilk dəfə 1400-cü ildə Karl VI yoluxmuşdur. Daha sonra o təqlid epidemiyası kimi yayıldı.
Xloremiya xəstəliyi
200 il ərzində xloremiya və ya başqa adla desək, xlorotik anemiya yüksək təbəqəli qadınların qorxulu yuxularına çevrilmişdi. Onlar depressiyaya düşərək ayaq üstə dura bilmirdilər. Nəticədə günün çox vaxtını yatmaqla keçirirdilər. Beləliklə, qadınlarda oynaqlar şişir, ürək döyüntüləri tezləşir və dəriləri yaşıl rəngə çalırdı. Bütün bunlar orqanizmdə dəmir çatışmazlığından baş verirdi.
Samirə Tağıyeva, “İki sahil”