Moldovadan Türkiyəyə ixrac 1,6 dəfə artıb, idxalın artımı təqribən 18 faiz təşkil edib.
AZƏRTAC Moldova Respublikasının Milli Statistika Bürosuna istinadla xəbər verir ki, 2019-cu ildə Moldovadan ixrac təqribən 2,8 milyard dollar təşkil edib və bu da 2018-ci ildəkindən 2,7 faiz çoxdur.
Moldovanın əsas ixrac bazarı əvvəlki kimi Rumıniyadır. Onun ixracda payı 27,5 faizdir. Rumıniyanın ardınca İtaliya (9,6 %), Rusiya (8,99 %) Almaniya (8,85 %) və Türkiyə (6,32 %) gəlirlər.
2019-cu ildə Moldova Respublikasına əmtəə idxalı 5,8 milyard dollar təşkil edib ki, bu da 2018-ci ildəkindən 1,4 faiz çoxdur.
Statistika məlumatında o da bildirilir ki, idxalda 14,4 faiz payı olan Rumıniya bu göstərici baxımdan da liderdir. Onun ardınca Rusiya (11,8 %), Çin (10,3 %) və Ukrayna (9,7 %) gəlirlər. Ən hiss edilən artım Türkiyədən (təqribən 18 faiz) olub, Rusiyadan idxal isə 4 faiz azalıb.