03 mart 2020 19:42
2730

Fast food yeməklər sonsuzluğa səbəb ola bilir

Gündəlik həyatımızın, qida rasionumuzun ayrılmaz hissəsini təşkil edən “fast food”- “sürətli yemək”lərin artıq çəki və obeziteyə səbəb olduğunu yəqin ki, çoxunuz bilirsiniz.

Son illərdə aparılan tədqiqatlar isə göstərir ki, həftədə 4 dəfə və daha artıq “fast food” yeməkləri qəbul edən qadınlarda sonsuzluq halları daha çox rast gəlinir.

Eyni zamanda, kişilər arasında da “fast food” yeməklərin sonsuzluğa səbəb olması müəyyən edilmişdir.

Əlavə olaraq onu da qeyd edək ki, Amerika və Kanada alimlərinin fikrincə, tez-tez “fast food” kimi qidaların qəbulu kiçik yaşlı uşaqlarda asma xəstəliyinə qarşı müdafiə yaratmaq qabiliyyətinə malik olan ana südünün bu effektini sıfıra endirir. Araşdırmalarda iştirak edən doktor Deborah Clegg qeyd edib ki, bu yeməklərdəki yağlar mədəyə çatmazdan öncə beyində aclıq və toxluq hissi yaradan nöqtəni neytrallaşdırır, yəni yeyilən yemək toxluq hissi yaratmır. Həmçinin Amerikanın “Forbes” jurnalı 194 ölkə arasında artıq çəkililəri araşdırarkən Azərbaycan əhalisinin təqribən 57%-dən çoxunda çəkinin normadan artıq olduğunu müəyyən edib. Ekspertlərin fikrincə buna səbəb az fiziki hərəkət və stresli işlə yanaşı, həm də “fast food”lar imiş. Britaniyalı həkimlər isə çips, hamburger və coca cola`nın tərkibində olan yağ və şəkər qəbulunun narkotik asılılığına oxşar asılılıq törətdiyini sübut etdilər. Alimlərin fikrincə “fast food” yeməklərinin hamısı insan orqanizmində kimyəvi proseslərin gedişini təxminən heroindən istifadə edən narkomanlardakı kimi pozur. Həm də doyma hissimizi tənzimləyən hormonun ifrazında disbalans yaradır. Ona görə də “tez yemək” yəni “fast food” yerlərinin müştəriləri daimi aclıq hissi keçirirlər.

Uzun sözün qısası, analarımızın sevgi ilə bişirdiyi o dadlı, təmiz və sağlıqlı yeməklərin yerini heç bir xarici mətbəxin yeməkləri əvəz edə bilməz.

Həyat Qəhrimanlı