14 aprel 2020 10:46
1572

Virus - dost, yoxsa düşmən?

Bəşəriyyətin təkamülündə virusların rolu ilə bağlı elmə nələr məlumdur?

Hər hansı virusa yoluxmuş bir şəxs üçün virus, əlbəttə ki, qorxuludur. Ancaq bütövlükdə bəşəriyyət üçün virusların rolu birmənalı deyil.

Virus infeksiyaları ilə əlaqəli müxtəlif xəstəliklərlə tez-tez qarşılaşmalı oluruq. Məlumdur ki, viruslar bioloji silah rolu oynayaraq, yüz minlərlə insanın ölümünə səbəb ola bilər. Məsələn, QİÇS virusu bütün dünyada pandemiyaya səbəb oldu, Ebola virusu Afrikadakı bütün kəndləri ölümlə üz-üz qoydu və s. Ancaq virusların təkamülün vacib amillərindən biri olduğunu iddia edən elm adamları da var. Əvvəlcə baxaq görək, viruslar insan hüceyrələrində necə yaşayırlar və bizdə nələrə ehtiyacları var?

Viruslar təkcə insanlara deyil, heyvanlara, bitkilərə, göbələklərə, bakteriyalara, hətta digər viruslara da yoluxa bilirlər.

Təkamülün bəzi mərhələlərində bu agentlərin hüceyrə formasından ayrıldığı və paralel olaraq inkişaf etməyə davam etdiyi güman edilir. Hüceyrəni vurmaqda virusun məqsədi nədir? Birinci onu qeyd edək ki, heç bir virus ana hüceyrədən kənarda çoxala bilməz, virus hüceyrəsiz bir həyat formasıdır. Virus hüceyrəyə daxil olduqda hüceyrə fermentlərindən istifadə edərək çoxalır, bu da əksər hallarda hüceyrələrin işini pozur.

Bundan əlavə, çox vaxt hüceyrəyə daxil olan viral hissəciklər hüceyrələrarası məkana çıxarkən həmin hüceyrəni öldürür. Ancaq loru dildə desək, öz evini dağıtmaq viruslar üçün də çox faydasızdır. Buna görə də virusların əksəriyyəti sahib olduğu hüceyrəni məhv etmir, əksinə ona yiyələnirlər. Məsələn, herpes virusu kimi düşdüyü hüceyrəyə adaptasiya olunaraq, ona ciddi zərər yetirməyən viruslar vardır. Bu cür viruslar sahiblərinə uyğunlaşaraq və onlara ciddi zərər vermirlər. Dünya əhalisinin təxminən 95%-də insan herpes virusu var, lakin bu virus insanlığı ölümlə təhdid etmir.

Bəzi elm adamları iddia edirlər ki, “adi” viruslardan yaxa qurtarsaq, yeni, daha aqressiv patogenlər onların yerlərini tuta bilərlər. Yeni bir virus, məsələn, bir insan kütləsinə, bu virusun öhdəsindən gələ bilməyən bir ailənin üzvlərinə təsir edir, xəstələndirir. Müəyyən bir şəkildə bu xəstəliklə mübarizə apara bilənlər yaşamağa davam edir və müqavimətli uşaqlar dünyaya gətirir, yəni öz genetik məlumatlarını ötürürlər.

Lakin öz növbəsində, virus da mutasiya edə bilir. Yəni aqressiv olan və sahiblərini öldürən ştammlar çoxalma qabiliyyətinə malik olmasalar da, daha az aqressiv olanlar sahiblərinə yaşamağa imkan verir və nəticədə rahatlıqla çoxalırlar.

Bu səbəbdən, heyvan mənşəli virusların sahibi olmadığımız üçün onlar xüsusilə təhlükəlidir (insanların bitki viruslarına yoluxması halları hələlik məlum deyildir). Məsələn, HİV virusu insanlara meymunlardan keçib. Meymunlarda heç bir xəstəlik yaratmayan bu virus insanlarda QİÇS xəstəliyinə səbəb olaraq, ölümlə nəticələnə bilir. Elm adamları 2300-cü ilə qədər HİV virusunun da insanlar üçün herpes virusu kimi ölüm təhlükəsi daşımayacağını güman edirlər.

Viruslar genetik məlumatının və həyat dövrünün kodlaşdırılmasından asılı olaraq çox fərqli yollarla çoxala bilərlər. Ən maraqlı yollardan biri retrovirusların çoxalmasıdır. Onlar RNK tərkibli viruslardır, hansı ki, hüceyrəyə daxil olaraq, DNT sintez edirlər və həmin DNT, insanın DNT-sinə birləşərək, faydalı zülallarla birlikdə virusları da artırmağa başlayır. Çünki hüceyrə hansı DNT-nin onun, hansının virusun olduğunu ayırd edə bilmir. Bu zaman virus reproduktiv hüceyrələrə daxil olarsa, vertikal yolla asan çoxala bilir, yəni valideyndən uşağa ötürülür.

Zamanla insanların immun sistemi bir çox viruslarla mübarizə aparmağı, onlara əks təsir etməyi öyrənəcək, hətta “ağıllı” hüceyrələr virusun DNT-dən özlərinə lazım olanı götürəcəklər. İnsanın genomunun 5-8% -də retrovirusların olduğu güman edilir. Bəli, bəlkə də bu, bəzi elm adamlarının hesab etdiyi kimi “zaman bombasıdır” və nə vaxtsa bu retroviruslar canlana bilər, amma bəlkə də indiki mövcud halımızın səbəbi elə məhz onlardır.

Təbiət axmaq deyil, o öz ziyanına heç nə etməz. Buna görə də yeni epidemiyalarla mübarizə aparmağa dəyər, onlardan qorxmaq lazım deyil, çünki iki yol var: ya inkişaf, ya deqradasiya, başqa bir yolumuz yoxdur.

Nubar Süleymanova, “İki sahil”