Türkiyə dünyanın digər dövlətləri kimi koronavirus epidemiyası ilə mübarizə edir. Ölkə daxilində bir çox tədbirlər görülüb. Böyük şəhərlərə giriş və çıxışlar müəyyən şərtlər xaricində bağlanıb, beynəlxalq reyslər ləğv edilib. Görülən tədbirlərin bir neçə həftə ərzində müsbət nəticələr verəcəyi gözlənilir.
“İki sahil” xəbər verir ki, Türkiyədə koronavirus bir çox yerdə yayılmışkən Antaliyanın Kaş mahalında hələ də bununla bağlı bir hadisə təsbit edilməyib.
Qeyd edək ki, Türkiyə koronavirusla mübarizə çərçivəsində bir çox tədbirləri hələ mart ayından etibarən tətbiq edir.
Böyük şəhərlərə giriş-çıxışlar ötən həftə sonu olduğu kimi bu həftə sonu da bağlı elan edilib. Giriş-çıxışların bağlı elan edildiyi bu müddətdə əhalinin böyük bir hissəsinin evdən çölə çıxmaması qadağası da qoyulub.
Rəsmi məlumatlarda Türkiyənin 81 bölgəsində koronavirusun yayıldığı qeyd olunur. Bu çərçivədə bəzi kəndlər, o cümlədən məhəllələr profilaktik məqsədlə karantinə alınıb.
Bununla yanaşı, Antaliyanın turizm sektorunda məşhur olan Kaş bölgəsində koronavirusa yoluxma halları aşkar edilməyib.
Kaş bölgəsi üzrə hökumətin səlahiyyətli nümayəndəsi Bülent Karacan sosial media hesabından verdiyi açıqlamada, “Bu müsbət hadisədə ən böyük töhfə mütləq sizlərin qaydalara riayət etməniz və xidmət edən ictimai/təhlükəsizlik işçilərinin səy göstərmələridir" deyib.
Hər kəsin Kaşın giriş və çıxışında müayinə edildiyini xatırladan B.Karacan yoxlamaların bundan sonra da davam edəcəyini açıqlayıb.
Orxan Vahidoğlu, “İki sahil”