Hər birimiz gündəlik geyimlərimizdə sevdiyimiz bir neçə rəngdən istifadə edirik. Rəngi hissetmə fizioloji, psixoloji, mədəni və sosial faktorlar əsasında baş verir. Gəlin, bəzi rənglərin psixoloji təsirlərinə nəzər yetirək.
Qara rəng ən çox yayılmış və ziddiyyətli rəngdir. Bu rəngdən həyatın bir çox sferalarında istifadə olunur. Qara rəngin mənası hər bir xalqda müxtəlifdir. Qara rəng qara qüvvələr və ölümlə əlaqəlidir. Bu rəng insanlarda həyəcan hissi yaradır. Qara rəngdə yaş və vücud forması məhdudiyyəti yoxdur. Qara geyinərkən kəsim və tikiliş formasına diqqət yetirin.
Ağ rəngin psixologiyası özündə optimizm və saflığı birləşdirir. Ədalət, inam və günahsızlıq rəmzidir. Ağ geyinən insanlar yaradıcı şəxsiyyətlərdir. Ağ rəngdən bacarıqla istifadə etməklə siz insanlara hər istədiyinizi, yəni əlçatmaz, hissiyyatlı və günahsız olduğunuzu hiss etdirə bilərsiniz.
Qırmızı rəng hiss və enerji əlamətidir. Bu səbəbdən Çində qırmızı rəng döyüşçü və alovlu əjdaha simvoludur. Əgər siz qırmızı köynək və ya don geyinmək istəyirsinizsə, bilin ki, buna səbəb toplanmış enerjinin sərfolunma arzusudur. Qırmızı rəng bənzərsizdir. O, hər zaman diqqəti özünə cəlb edir.
Sarı rəng intellekt və yaradıcılıq çalarıdır. Psixoloqlar düşünürlər ki, bu rəngə üstünlük verən şəxslər çətinliklərdən qurtulmaq, əylənmək və xəyal qurmaq istəyirlər. Sarı rəng ümid dolu bir rəngdir.
Yaşıl rəngin psixologiyası həyat haqqında təsəvvürlərlə və həyatın yenilənməsi ilə bağlıdır. Qədim zamanlarda gəlinlərin paltarı yaşıl rəngdə olurdu. Bu, təbiətin və analıq hissinin rəmzi sayılırdı. Hindistanda çox qədim zamanlardan gənc qızların yaşıl rəng geyinməsi adət idi. Yaşıl rəng həm də sülh simvolu sayılırdı. Əgər siz yaşıl rəngi sevirsinizsə, demək siz məntiqli, emosional, fəaliyyətdə olan insansınız.
Narıncı rəngin əzm, azadlıq və optimizm simvolu olduğu söylənilir. Qədim Romada bu rəngi çoxuşaqlılıq və möhkəm ailə rəmzi kimi qəbul edirdilər. Toy zamanı gəlinlər bu rəngdə geyinərdilər. Hindistanda narıncı rəng mədəniyyət göstəricisi və milli geyim rəmzi kimi qəbul olunur. Narıncı rəngi sevən insanlar enerjili, yaradıcı və yeni ideyalarla dolu insanlardır. Bu cür insanlar ünsiyyətcildir, optimizm və ruh yüksəkliyi ilə zəngindir. Bundan başqa, onlar aqressiv deyil və hər mövzuda kompromisli qərarlar qəbul edirlər.
Göy rəng mühafizəkarlıq və sadiqlik rəngi kimi qeyd olunur. Bir çox ölkələrdə bu rəng dostluq rəmzinə çevrilib.
Mavi rəng təmkin və hörmət rəmzidir. Bu rəng gözə xoş görsənir, səma və ya dəniz ilə assosiasiya olunur. Yaponlar inanırlar ki, mavi rəng yeni başlanacaq işə uğur gətirir.
Qəhvəyi rəng özünə inanan, dürüst və sadə mənalarını verir. Bu cür insanlar etibarlı olmaqla yanaşı, həm də tərbiyə və uğurları ilə fərqlənirlər.
Psixologiya cəhətdən insan boz geyinərkən şüuraltı görünməz olmağı arzulayır. Boz rəng özündə ağ-qaradan fərqli olaraq lazımsızlığını və heç vaxt birinci olmayacağını düşündürən keyfiyyətləri birləşdirir. Bu rəngin yeganə hədəfi stabillik və harmoniyadır.
Çəhrayı rəngə üstünlük verənlər həssas və pozitiv olub, öz sevgilərini qabarıq şəkildə ifadə edirlər. Bundan əlavə, onlar küsəyən olmaları ilə fərqlənirlər. Amma kinli olmadıqları üçün tez də unudurlar.
S.Tağıyeva, “İki sahil”