23 aprel 2020 10:49
2422

Koronavirusu ilk dəfə aşkarlamış insan haqqında bunları bilirdinizmı?

Minlərlə insanın həyatına son qoyan COVID-19 yeni bir xəstəlik olsa da, onu törədən koronavirus ilk dəfə 1964-cü ildə Londonda St. Thomas Xəstəxanasının laboratoriyasında June Almeida tərəfindən aşkar olunub. Bu günlər dünyanı bürüyən koronavirus pandemiyasının nəticəsində June Almeidanın apardığı elmi araşdırmalar yenidən diqqəti özünə cəlb edib.

1930-cu ildə doğulan gələcək virusoloq June Hart (bu, onun qızlıq soyadı idi) Şotlandiyada, Qlasqov şəhərinin şimal şərqindəki Alexandra Parkın yaxınlığında kirayə bir evdə boya-başa çatıb. Məktəbi yarımçıq tərk etmiş June Hart Qlasqov şəhərinin Kral xəstəxanasının histopatologiya laboratoriyasına işə düzəlir. Bir neçə ildən sonra karyerasını davam etdirmək üçün Londona köçən gənc xanım 1954-cü ildə venesuelalı rəssam Enriques Almeida ilə ailə qurur. Məşhur yazıçı George Vinter qeyd edir ki, cütlük və onların gənc qızı Kanadanın Toronto şəhərinə köçəndən sonra Ontario Xərçəng İnstitutunda doktor Almeida elektron mikroskopla tədqiqat aparmaq bacarıqlarını inkişaf etdirir. Onun ilk dəfə təklif etdiyi üsul əsasında antitellər və onların birləşmələrindən istifadə edərək virusların daha dəqiq təsvirini əldə etmək mümkün olub. Virusoloq June Almeidanın istedadı Britaniyada yüksək dəyərləndirilir və 1964-cü ildə St. Thomas Hospitalına işə dəvət olunur. Maraqlıdır ki, Britaniyanın Baş naziri Boris Conson COVID-19 virusuna yoluxandan sonra məhz həmin hospitalda müalicədən keçib. Britaniyaya qayıtdıqdan sonra June Almeida doktor David Tirrell ilə əməkdaşlıq edir. Həmin zamanlar doktor Tyrrell Salisburi şəhərində ümumi soyuqdəymə ilə bağlı tədqiqatlar aparır. Doktor Tirrell könüllülərin burunlarından götürülmüş nümunələrin tədqiqi ilə məşğul olur. Onun qrupu isə soyuqdəymə ilə əlaqəli olan bir neçə virusun laboratoriya şəraitində böyüdülməsinə nail olur. 1960-cı ildə Surreydə bir məktəblinin burnundan götürülmüş bir virus nümunəsi sonradan B814 adı ilə məşhurlaşır.

Mütəxəssislərin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, ümumi soyuqdəymə simptomlarını könüllülərə ötürmək mümkün olsa da, onları hüceyrələrdə böyütmək mümkün olmayıb. Bununla belə könüllülər üzərində aparılmış tədqiqatlar virusların orqanlarda inkişaf etdiyini göstərib və doktor Tirrell bunun elektron mikroskopla izlənməsinin mümkünlüyü ilə maraqlanıb. Nümunələr doktor June Almeidaya göndərildikdən sonra, o, izlədiyi həmin virus hissəciklərini qrip virusları kimi təsvir edib, lakin fərqli olduğunu da vurğulayıb. June Almeidanın müəyyən etdiyi virus ilk insan koronavirusu imiş.

Məşhur yazıçı George Vinter qeyd edir ki, doktor Almeida belə nümunələri əvvəllər siçan hepatitini və toyuqlarda yoluxucu bronxiti araşdırarkən görübmüş. Onun sözlərinə görə, doktor Almeidanın elmi jurnala göndərdiyi məqalə o zaman rədd edilir. B814 virusuna aid məqalə 1965-ci ildə Britaniya Tibb jurnalında işıq üzü görür və müşahidə olunmuş virusun ilk təsvirləri iki il sonra “Ümumi virusologiya” jurnalında dərc olunur.

Vinterin dediyinə görə, həmin virusa tacabənzər formalarına görə “koronavirus” adını da doktor Tirrell, doktor Almeida və St. Thomas hospitalının rəhbəri, professor Tony Waterson birlikdə veriblər.

Sonrakı illərdə doktor Almeida Londonda Tibb Məktəbinin aspiranturasında çalışır və orada doktorluq dərəcəsinə layiq görülür. O, karyerasını “Wellcome” universitetində bitirir. Həmçinin orada doktor Almeida virusların təsviri ilə bağlı elmi işlərinə görə bir neçə patent almış olur.

“Wellcome” Universitetindən ayrıldıqdan sonra June Almeida yoqa müəllimi kimi çalışır, ancaq 1980-ci illərin sonunda İİV virusu problemi ortaya çıxandan sonra virusologiyaya məsləhətçi qismində qayıdaraq İİV virusunun təsvirinin yaradılmasında iştirak edir. June Almeida 2007-ci ildə 77 yaşında vəfat edir. Ölümündən 13 il sonra bütün dünyada yayılmış virusun öyrənilməsinə öz tədqiqatları ilə kömək edən doktor Almeida nəhayət, tanınmağa başlayıb.

Samirə Tağıyeva, “İki sahil”