04 may 2020 16:36
2069

Dövlət maraqları hər şeydən üstün olmalıdır

Prezident İlham Əliyev Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən bu mühüm məqamı da xüsusi  diqqətə çatdırmışdır ki, yüksək keyfiyyətli təhsil almış gənc kadrların önə çəkilməsi şüurlu seçimimizdir

Dövlətimizin başçısı  İlham Əliyev Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən «İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil» fikirləri ilə dayanıqlı inkişafı şərtləndirən amillərə diqqəti yönəltmişdir: «Kadr islahatları aparılır və bu islahatlar imkan verib ki, yeni peşəkar, bilikli, müasir kadrlar önə çəkilsin. Onlara önəmli vəzifələr həvalə edildi və hesab edirəm ki, bu da zəmanənin tələbidir. Çünki bu gün müasir dünyada siyasi, iqtisadi sahələrdə, beynəlxalq müstəvidə müasir yanaşmalar olmalıdır. Yüksək keyfiyyətli təhsil almış gənc kadrların həm hökumətdə, həm Prezident Administrasiyasında, parlamentdə və digər qurumlarda təmsil olunması bizim şüurlu seçimimizdir. Təbii ki, təcrübəli kadrlar da öz biliklərini gənc nəsillə bölüşməlidirlər.»

Cənab İlham Əliyev hər çıxışında kadr hazırlığının prioritetliyini, gənclərin elmi biliklərini artırmalarının, təhsilin inkişafının vacibliyini  önə çəkərək, inkişaf etmiş ölkələrin təcrübəsinə istinadən bildirir ki,  bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə irəli gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Atdıqları hər addımda dövlət maraqları qorunmalıdır.

Bu gün Azərbaycan gəncliyinin hərtərəfli inkişafı üçün yaradılan şərait göz önündədir.    Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründə onların  biliklərə yiyələnmələri, dövlət idarəçiliyində irəli çəkilmələri istiqamətində atdığı  addımlar son 16 ildən artıq dövrdə cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və qəbul olunan sənədlərdə də öz təsdiqini tapır.   2007-ci ilin ölkəmizdə “Gənclər ili” kimi qeyd edilməsi, eyni zamanda,  “Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər) və “Azərbaycan gəncliyi (2011-2015-ci illərdə) Dövlət Proqramı”, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və sair kimi sənədlər   ölkəmizdə gənclərin potensialının inkişaf etdirilməsi, onların faydalı məşğulluğunun təmin edilməsi istiqamətində böyük əhəmiyyət kəsb edib və edir.

Yuxarıda qeyd etdiyimiz kimi, hazırda qarşıya qoyulan vəzifələrdən biri  yeni nəslə etimad göstərilməsi, məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılması, bir sözlə, onların dövlət quruculuğunda və ümumiyyətlə, ictimai-siyasi proseslərdə fəal iştirakını təmin etməkdir. Ölkə əhalisinin 2,8 milyon nəfərini, yəni 28,1 faizini gənclər təşkil edir. Onların  hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında fəallıqlarının artırılmasının priortetliyi dövlətimizn başçısı İlham Əliyevin imzaladığı Fərman və sərəncamlardan daha aydın görünür. Cənab İlham Əliyev bildirir: «Azərbaycanın gələcək inkişafında gənclərin rolu çox böyükdür. Çünki bilirsiniz ki, ölkə əhalisinin əksəriyyəti gənclərdir və onlar bütün sahələrdə çalışırlar. Bir daha demək istəyirəm ki, ilk istəyim, ilk tələbim ondan ibarətdir ki, gənclər yaxşı oxusunlar. Bunun üçün biz lazımi şərait yaratmağa çalışırıq. Ali məktəblərdə oxuyan gənclərin təqaüdləri də qaldırılıb, digər məsələlər öz həllini tapır… mən çox istəyirəm ki, gənclər bütün sahələrdə fəal iştirak etsinlər, cəmiyyətin fəal üzvləri olsunlar. Bu, ölkəmiz üçün, gələcək üçün lazımdır»

 «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasına əsasən hazırlanan  və dövlətimizin başçısı İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiqlənən «Azərbaycan gəncliyi 2017-2021-ci illərdə» Dövlət Proqramının icrasından gözlənilən nəticələr sırasında  gənclərin intellektual inkişafı və elmi fəaliyyətlərinin stimullaşdırılması, informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi əsas yer tutur.   Müasir dövrün sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında qoyduğu  mühüm vəzifələr əsas tutularaq ölkəmizdə  gənc alimlərin I qurultayı keçirildi.  İntellektual gəncliyin innovativ potensialının üzə çıxarılması, onların təhsil və məşğulluq məsələlərinə diqqətin artırılması, ölkəmizdə və xaricdə yaşayan gənc alimlərin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində işin gücləndirilməsi əsas hədəf kimi irəli sürüldü. Bütün bu addımlar ümumilikdə yenilikçi, müasir düşüncəyə malik olan gənclərin yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə marağının artırılması, ən əsası kadr hazırlığını iqtisadi inkişafın səviyyəsi ilə uyğunlaşdırmağa xidmət edir. 

Dövlətimizin başçısı   İlham Əliyevin  16 noyabr 2018-ci il tarixli  «2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı»nın,  23 noyabr 2018-ci il tarixli  «Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya»nın təsdiqlənməsi haqqında  sərəncamları da  uğurlu iqtisadi tərəqqinin kadr hazırlığının  beynəlxalq standartlar səviyyəsinə uyğunlaşdırılmasından asılı olduğunu bir daha təsdiqləyir.  Ali təhsil sisteminin rəqabətliliyinin artırılması öz növbəsində beynəlxalq əlaqələrin inkişafını, dünya təhsil sisteminə inteqrasiyanın sürətləndirilməsini bir tələb kimi ortaya qoyur. Təcrübə mübadiləsinin genişləndirilməsinin qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa böyük stimul verdiyi əldə olunan nəticələrdən də aydın görünür. Ölkə Prezidenti İlham Əliyevin gənclərin xarici ölkələrdə təhsili ilə bağlı Dövlət Proqramının uğurlu icrası da bu kimi məqsədlərə xidmət edir. Artıq bu Proqramın icrası müddətində 5 min tələbənin xarici ölkələrdə təhsili təmin edilmişdir.  Onlar təhsillərini başa vurub,  Vətənə qayıtmaqla  əldə etdikləri təcrübələr əsasında ölkəmizin daha da  inkşafına, tərəqqisinə öz töhfələrini verirlər.  

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən «Neft kapitalını insan kapitalına çevirək» tezisini irəli sürərək bu istiqamətdə  mühüm addımlar atır. Ölkə Prezidenti bu uğurların ümumiləşdirilmiş ifadəsi olaraq  Azərbaycanın innovasiyalar ölkəsi olduğunu bildirir.  Təkmilləşmə, yeniləşmə dövlət siyasətinin əasına təşkil edir. Cənab İlham Əliyevin vurğuladığı kimi, 2018-ci ildən başlanan  islahatlar prosesi  idarəetmə sistemində təkmilləşməyə, gənc kadrların bu prosesdə fəal iştirakına xidmət edir. 14 yanvar 2019-cu il tarixli “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman bu yeniləşmənin zəruriliyini bir daha təsdiqlədi. 

Təbii ki, atılan hər addım Azərbaycanın uğurlu gələcəyinə xidmət edir.  2016-cı ildə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi məqsədilə  keçirilən ümumxalq səsverməsinə çıxarılan məsələlərin bir qismi insan hüquq və azadlıqlarının qorunmasına və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə, bir qismi isə idarətmə sistemində təkmilləşməyə xidmət edir. Gənc kadrların dövlət idarəçiliyində təmsil olunmalarına qoyulan qadağaların aradan qaldırılması da deyilənlərin təsdiqidir. Yaş məhdudiyyətləri aradan götürülməklə  bu proses daha da sürətləndirildi. Gənclərin parlamentdə, bələdiyyələrdə təmsilçilik faizləri də  son illər artıb. Həmçinin iqtisadiyyatın ayrı-ayrı sahələrində gənclərin fəal iştirakı təmin edilir. Gənc sahibkarlara diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindəndir.

Bir sözlə,  yenilikçi,  müasir dünyagörüşünə malik gənclər  qarşıya qoyulan hədəflərin gerçəkləşməsində fəal iştirak etmək, öz potensial imkanlarını ortaya qoymaq imkanlarına malikdirlər. 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi də gənclərə diqqət və qayğının bir tərkib hissəsidir.  ”Sənəddə də qeyd olunduğu kimi,  gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə  belə bir mühüm addım atılıb.  Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi zamanda könüllülərimizin fəallığı diqqətdən kənarda  qalmır.

Təbii ki, bütün bu addımlar gənclərdən daha fəal olmağı, məsuliyyət hisslərini artırmağı, Azərbaycanın dövlətinin, xalqının maraqlarını hər şeydən üstün tutmağı tələb edir.  Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan videoformatda qəbulda da   bildirmişdir ki,   istənilən sahədə  kadrlar dövlətə, xalqa bağlı, vətənpərvər olmalıdırlar və onlar üçün dövlət maraqları hər şeydən üstün olmalıdır.

Yeganə Əliyeva, “İki sahil”