19 iyun 2020 13:43
1236

ATU-nun Onkoloji Klinikası İDDİALARI TƏKZİB EDİR

Bir neçə gündür ki, KİV-də ATU-nun Onkoloji Klinikasının həkimi, dosent Fikrət Namazovun və həkim İndira Səfərovanın COVID-19 virusuna klinikada yoluxduğu barədə yanlış informasiya yayılıb. “İki sahil”in məlumatına görə, bu barədə yazılanlara cavab olaraq ATU-nun Mətbuat xidməti bildirir ki, iddialar tamamilə əsassızdır. Əlbəttə tibb işçiləri daim xəstələrlə təmasda olduqlarına görə onların koronavirusa yoluxma ehtimalı daha yüksəkdir. Ancaq bizdə olan məlumata görə bir müddət əvvəl mərhum həkimimiz Fikrət Namazov doğmaları ilə birlikdə tədbirdə iştirak edib. Həmin tədbirdə iştirak edən bir neçə qonaqda koronavirus testi müsbət çıxıb və karantin nəzarətinə götürülüb. Bir müddət sonra Fikrət Namazovda  koronavirusun əlamətləri müşahidə edildiyindən həkim müayinə edilib və ATU-nun Tədris Terapevtik  Klinikasına yerləşdirilib. Təəssüf ki, aparılmış bütün müalicə tədbirləri effektsiz olub və həmkarımızın həyatını qurtarmaq mümkün olmayıb. Həkim İndira Səfərova isə    hamiləliyinin 28-ci həftəsindən etibarən  analıq məzuniyyətindədir və artıq 2 aydan çoxdur ki, işə gəlmir. İndira Səfərova hal-hazırda ATU-nun Tədris Cərrahiyə Klinikasında həkim nəzarətindədir və hamiləliyinin 37-ci həftəsindədir. Dölün ana bətnində vəziyyəti tam qənaətbəxşdir.     

Əlavə olaraq onu da nəzərə çatdıraq ki, bizim klinikada hələ mart ayından etibarən koronavirusla mübarizəyə xüsusi diqqət yetirilir. Hər gün ATU-nun Onkoloji Klinikasında bütün qoruyucu tədbirlər görülür, həftədə bir  neçə dəfə dezinfeksiya işləri aparılır və bunun üçün geniş spektrli kimyəvi vasitələrindən istifadə olunur. 

Həmçinin klinikamızın əməkdaşları – bütün həkim və tibb personalı vaxtaşırı  koronavirus testindən  keçirilir və bu məsələyə klinikanın baş həkimi Nigar Mehdiyeva şəxsən nəzarət edir. 

Pasiyentlərimiz klinikaya daxil olduğu zaman onların hərarəti ölçülür, qoruyucu tibbi maskalardan istifadə etmələrinə ciddi diqqət yetirilir və pasiyentlər arasında sosial məsafə saxlanılır. 

   Məlumdur ki, müasir dövrdə təbabətin ən aktual problemlərindən biri və bəlkə də birinci onkoloji xəstəliklərdir.

Bu baxımdan xəstəliyin erkən aşkar edilməsi və vaxtında müalicəsi olduqca vacibdir. Ona görə də, əhalidən xahiş edirik ki, hər hansı narahatçılıq olduğu zaman vaxt itirmədən  həkiməonkoloqa müraciət etsinlər. Amma əlbəttə ki, son ayların bəlası olan COVID-19-a qarşı özünü və doğmalarını qorumaq şərti ilə. ATU-nun Onkoloji Klinikasının kollektivi sizə ən yüksək səviyyədə xidmət etməyə hər zaman hazırdır.