Müasir dünyanı internetsiz təsəvvür etmək olmadığı kimi, interneti də “YouTube” videohostinqi olmadan təsəvvür etmək mümkün deyil. Deyilənlərə görə, onun yaradıcıları video-tanışlıq saytı yaratmaq fikrində idilər, ancaq nəticədə dünyanın ən məşhur video servisi yarandı. Hazırda ABŞ-ın üç böyük televiziya şəbəkəsində orta hesabla 60 il ərzində göstəriləndən daha çox video məzmun cəmi 60 gün ərzində “YouTube”a yüklənir.
“Youtube”la bağlı daha bir neçə maraqlı faktla aşağıda tanış ola bilərsiniz:
“YouTube” “PayPal” sayəsində yaranıb
“YouTube” Ced Herli, Stiv Cen və Coed Karim tərəfindən 2005-ci ildə yaradılıb. Bu üçlük həmin vaxt “Paypal” startapı üzərində çalışırdılar.
“YouTube”un ilk sərmayəsi “eBay”dan “PayPal” mükafatları sayəsində mümkün oldu. Əminliklə deyə bilərik ki, “PayPal” olmasaydı, “YouTube” da olmazdı.
“YouTube” video-tanışlıq portalı olmalı idi
Məqalənin əvvəlində də qeyd etdiyimiz kimi “YouTube” yaradıcılarının fikri tanışlıq saytı qurmaq idi və saytın adını “Tune in Hook Up” (ingilis dilindən tərcümədə “görüş üçün motiv”) qoymaq istəyirdilər. İdeya isə belə idi ki, tanış olmaq istəyən şəxslər sayta təkcə şəkil yox, video da yerləşdirə bilsinlər.
2020-ci ilin fevralında saytın 15 yaşı tamam oldu
“YouTube.com” domen adı 2005-ci il fevralın 14-də alınıb. Bu il saytın yaranmasının 15 illiyidir.
Saytın domen adı ilə bağlı mübahisələr olmuşdu
Borular və maşınlar ilə məşğul olan “Universal Tube & Rollform” şirkətinin saytında “YouTube” yarandıqdan sonra çoxlu sayda uyğunsuz trafiklər peyda oldu. Problem onda idi ki, “utube.com” domeninin adı fonetik olaraq videohostinq saytının adına bənzəyir. İş məhkəməyə kimi gedib çıxmışdı. Sonda şirkət saytının domenini dəyişərək, “utubeonline.com” kimi qeydiyyata aldırmağa məcbur oldu.
“YouTube”a yerləşdirilən ilk videoçarx zooparkda çəkilmişdi
2005-ci ilin 23 aprelində ilk dəfə portala yerləşdirilən videoçarx 18 saniyəlik idi. San Dieqo zooparkında dayanan Coed Karim özünü çəkmişdi. Videoçarx saytda qaldığı müddətdə ona 83 milyon baxış olmuşdu, ümumilikdə 4,5 milyon şərh yazılmışdı.
“YouTube”u 1,5 milyard dollara aldılar
“Google” şirkəti “YouTube” yarandıqdan cəmi il yarım sonra onu alması barədə xəbəri açıqladı. Bunun üçün “YouTube”un sahiblərinə 1,65 milyard dollar ödəmişdi. O vaxt video portal indiki kimi populyar olmadığından analitiklər hesab edirdilər ki, “Google” “YouTube”u almağa görə həddindən artıq çox pul ödəyib. Ancaq “YouTube” qısa bir zamanda internet istifadəçiləri arasında çox məşhurlaşdı və “Google”un analoji tətbiqləri ilə rəqabətə girə bilən bir tətbiqə çevrildi.
“YouTube”un ötənilki gəliri 15 milyard dollar təşkil edib
Bu il “Google” ilk dəfə “YouTube” gəlirlərini açıqlayıb. “Google”un ana şirkəti olan “Alphabet”, rəsmi saytında yaydığı hesabatda bildirib ki, “YouTube” təkcə 2019-cu ildə reklamdan 15 milyard dollardan çox qazanc əldə edib.
İlk dəfə 1 milyon baxışı “Nike” videoçarxı toplayıb
“Nike” şirkətinin futbolçu Ronaldinyonun iştirakı ilə çəkilmiş videoçarxı ilk dəfə 1 milyon baxış toplamışdı. Videoda futbol ulduzu çəkmələrini geyinir, topa vurur və dörd dəfə yerə yıxılır.
İlk dəfə 1 milyard baxış sayına isə “Gangam Style” klipi nail olub
İnternet tarixində və “YouTube” tarixində ilk 1milyard baxışı Cənubi Koreyalı müğənninin “Gangam Style” mahnısının klipi toplayıb. Bu hadisə 2012-ci ilin 21 dekabrında baş vermişdi. İndiyədək isə həmin klipə 3,5 milyard dəfə baxış olub.
“YouTube”da ən məşhur kanallar hindlilərindir
Hazırda “YouTube”da abunəçilərinin sayına görə öndə gedən kanallar “T-Series”, “PewDiePie” və “Cocomelon” hər üçü hindlilərindir.
Ümumilikdə, 300 milyondan çox izləyici onlara abunə olub və kanallarından izlənilən videoların ümumi sayı-172 milyard çox təəccübləndirici bir rəqəmdir.
“YouTube”da ən məşhur klip “Despacito”dur
“YouTube”da ən məşhur klip “Despacito”dur. Onun baxış sayı 6,6 milyarddan artıqdır. İlk milyard baxışını klip cəmi 97 günə toplamışdı. Məhz bu səbəbdən ən məşhur klip hesab edilir.
Ən uzun videoçarx 23 günlükdür
“YouTube”a indiyədək yüklənmiş ən uzun videoçarx 596 saat, 31 dəqiqə və 21 saniyəlikdir. Həmin videonu yükləyən “MoldytoasterMedia” ləqəbli istifadəçi 14 dekabr 2011-ci ildə bu rekordu qazanıb. Videoya tam baxmaq üçün 23 gün vaxt tələb olunur.
Çində “YouTube” 2009-cu ildən qadağan olunub
2009-cu ilin mart ayında Çin hökuməti, Çin əsgərlərinin Tibet rahiblərini və digər tibetliləri döyməsi ilə bağlı bir video yayıldıqdan sonra sayta girişə qadağa qoydu. Xatırladaq ki, Çin İnternet senzurasının ən yüksək səviyyədə olduğu ölkələrdən biri hesab olunur.
İndiyədək milyard baxışa ən qısa zamanda nail olan müğənni Adeldir
Adelin “Hello” klipi “YouTube”da ən tez milyard baxış yığan klip olub. Bu, cəmi 88 gün ərzində baş verib.
“YouTube”da müəllif hüquqlarının pozulmaması üçün videolar hər gün yoxlanılır
“Automated Content ID” proqramı vasitəsilə video portala yerləşdirilən bütün videolara hər gün nəzarət edilir.
Cari ildən “YouTube” uşaq kanalları üçün qaydaları sərtləşdirib
2020-ci ilin yanvar ayından “YouTube” Amerikalı Uşaqların Onlayn Məxfiliyinin Qorunması Qanununa (COPPA) uyğun olaraq “yetkin məzmun” və “uşaq məzmunu”na yeni məhdudiyyətlər tətbiq etdi. Baş vermiş uyğunsuzluğa görə 2019-cu ildə “Google” rekord miqdarda-170 milyon dollar cərimələnmişdi. 2020-ci ilin yanvar ayından başlayaraq, “YouTube”un uşaq və yeniyetmələr üçün olan videoları xüsusi bir şəkildə etiketlənərək, yalnız ABŞ-da deyil, bütün dünyada fərdi reklamlarla dəstəklənməyəcəkdir.
Nubar Süleymanova,
“İki sahil”