21 iyul 2020 13:19
1937

Restoran və kafelərdə aldanmamaq üçün oxuyun!

Hər bir sahənin öz fəndləri və hiylələri var, hansı ki, onlardan çox insan xəbərsizdir. İctimai iaşə oyektləri isə xüsusilə sirrlərlə doludur.

Aşağıda sizlərə ofisiantların müştərilərə qarşı işlətdikləri bəzi fəndləri təqdim edirik, onların çoxu ilə bəlkə də artıq qarşılaşmısınız, ancaq əminik ki, oxuduqdan sonra aldanmamaq üçün daha diqqətli olacaqsınız.

“Qızıl stol”

Nəhayət məşhur bir kafenin boş olduğunu görsəniz və əyləşmək üçün hostesə müraciət etsəniz, sizi girişdəki ən narahat masaya yerləşdirərsə, heç də təəccüblənməyin! Belə ki, bu yolla insanları cəlb etmək üçün obyektin dolu olması görünüşünü yaradırlar.

Bundan başqa bir çox restoran sahibləri “qızıl masaların” mövcud olduğunu etiraf edirlər. Hosteslər xarici görünüşcə gözəl olan müştəriləri pəncərə qarşısında, verandada və ya zalın mərkəzində yerləşdirərək, zala gözəllik qatmağa çalışırlar.

Fikir vermisinizsə, çox restoranlarda ən yaxşı və iri stolların üzərinə adətən “reserved” (yəni qabaqcadan sifariş olunmuş) plakatı qoyulmuş

olur. Çox vaxt həmin masa heç də əvvəlcədən tutulmayıb, sadəcə bunun özü də bir fənddir.

Ofisiant qarşınızdakı boşqabları bilərəkdən götürür

Hiss etmisinizsə, xatırlayacaqsınız ki, çox vaxt restoranda yemək yeyərkən boşqabda yemək qurtarar-qurtarmaz, son tikənizi ağzınıza qoyan kimi ofisiant boşqabınızı və stoldakı hər şeyi götürür. Nəticədə insan özünü boş bir masada tapır və şüuraltı olaraq, utanc hissi onu başqa bir şey sifariş etməyə məcbur edir.

“Qapalı” sual

Restoran və fastfud sahəsində belə suallardan çox istifadə edilir. Məsələn: içki haqqında düşünmədən belə sizə belə bir sual verilir: “Ağ şərab yoxsa qırmızı? Əvvəlcə içki haqqında düşünməmişdinizsə də, artıq bu sualdan sonra qarşınıza qoyulan seçimdən narahat olaraq, içki seçməli olursunuz.

Şərab və ya hər hansı bir içki süfrəyə gəldikdən sonra ofisiantlar digər bir fəndə əl atırlar. Onlar masanın kənarında fırlanaraq, bir qurtum içən kimi şüşədən sizin stəkanınıza içki süzürlər. Onların fikri heç də sizi sərxoş etmək deyil, yalnız bir istəkləri var, yeməyin ortasında içkiniz bitsin və yenisini sifariş edəsiniz.

Sonda ən bahalı

Bu təsirli fəndi fransalı ofisiantlar düşünüblər. Belə ki, yeməklərin və ya içkilərin adını tez-tez sadalayan ofisiantlar ən bahalısının adını sonda çəkirlər. İçkidən yaxşı başı çıxmayan müştəri çox zaman pis vəziyyətə düşməmək üçün sadəcə ən axırda adı çəkilən məhsulun adını təkrarlayır. Sonuncu isə ən bahalısı olur.

Menyuda hiylə

Nadir hallarda belə də olur: menyudakı qiymətlər 100 qram məhsul üçün təqdim edilə bilər, ancaq qabda fərqli bir miqdar ola bilər. Ofisiantlar bu barədə xəbərdarlıq etməyəcəklər, ancaq menyudakı məlumatlar ulduzla qeyd olunmalıdır. Menyuya baxarkən diqqətli olun, əks təqdirdə hesabdakı rəqəm sizi təəccübləndirəcəkdir.

Pulsuz qəlyanaltılar

Restoranda pulsuz qəyanaltılar hədiyyə verilərsə, bu, ilk baxışdan çox xoş görünür və ürəyimizə yatır. Ancaq adətən, hədiyyə verilən qəlyanaltılar insanda su içmək istəyi yaradır və nəticədə kiçik bir qəlyanaltı restoranın hesabına olsa da, su, şərab, çay və ya kofe sizin hesabınıza alınmış olur.

Musiqi

Daha bir əyləncəli hiylə də var. Əgər, restoranda personaldan musiqinin səsini bir qədər azaltmağı xahiş etsəniz, “Siz necə istəyirsiniz, baş üstə” deyə getsələr də on haldan birində həqiqətən musiqinin səsini aşağı salırlar. Təzadlı olsa da, əslində eyni qalan musiqi səsi o sözdən sonra sizə azalmış kimi gələcək.

Bundan əlavə, müştərilərin musiqinin ritminə uyub, yeməyi tez-tez yeməsi üçün bəzən zalda yüksək səslə rəqs mahnıları səsləndirirlər.

Ofisiant sizə bir şey satmağa çox fəal şəkildə çalışırsa, 3 variant var: sifarişləri qarışdırdığı üçün təcili olaraq bu yeməyi satması lazımdır; müəyyən bir məhsul markası üçün bonuslar alacaq (məsələn, bir restoranın müəyyən bir şirkətlə müqaviləsi var); yaxud da mətbəxdə, hansısa bir məhsulun saxlama müddəti başa çatır və ya o məhsuldan çoxdur. Buna görə ofisiantın inandırmasına aldanmayın.

Əlbəttə ki, yuxarıda sadalananların birmənalı olaraq bütün ofisiantlar tərəfindən tətbiq edildiyini demək doğru olmaz. Xoş niyyətlə, heç bir hiyləsiz insanlara xidmət göstərən obyektlər və işçilər də var, ancaq hər bir halda aldanmamaq üçün çox diqqətli olmaq şərtdir.

Nubar Süleymanova, “İki sahil”