01 oktyabr 2020 17:59
4712

Vətənimizin uğuru

Son iki əsr ərzində regionda gedən siyasi mübarizə nəticəsində Azərbaycan xalqı öz ərazilərindən, əzəli torpaqlarından köçürülməyə, deportasiyaya məruz qalmışdır. Tarixən Azərbaycan torpaqlarına göz dikən erməni mənfurları zaman-zaman öz məkrli niyyətlərini həyata keçirərək nəhayət XIX əsrin sonlarından başlayaraq Azərbaycan torpaqlarını hissə-hissə işğal etməyə başladılar. 1988-1992-ci illər ərzində Ermənistan silahlı qüvvələrinin ölkəmizə təcavüz etməsi nəticəsində torpaqlarımızın 20 faizi – Dağlıq Qarabağ, eləcə də ətraf  7 rayon  ( Ağdam, Füzuli, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan və Kəlbəcər) ərazisi işğal olundu, bir milyona yaxın soydaşımız öz ata –baba torpaqlarından didərgin düşdü. Hazırda bu qaçqınlar respublikanın müxtəli rayon və şəhərlərində məskunlaşmışlar.

Müasir ordu quruculuğunda sivil modellər əsas götürülür. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi üçün güclü orduya, müdafiə sisteminə ehtiyacı vardır. İşğal edilmiş ərazilərin qaytarılması üçün güclü Ordu vacib şərtdir. “Açıq qapı” siyasəti də ölkə üçün müəyyən problemlər yaradır. Millət xarici iş adamları ilə iqtisadi, sosial, siyasi, mənəvi sahələrdə yaranan əlaqələrə hazır olmalıdır. Dünyanın yenidən qurulması uğrunda mübarizədə Azərbaycan öz mövqeyini möhkəmləndirir.

Hazırda Azərbaycan Ordusu Azərbaycanın ərazi bütövlüyü və dövlətçiliyini qoruya bilir. Azərbaycan Ordusu regionda da böyük gücə malikdir. Bu gün Qafqazda ən müasir ordu sayılan Azərbaycan Milli Ordusu Azərbaycanın müstəqilliyinin əsas təminatıdır və ölkəmizə qarşı hər hansı bir hərbi təhlükənin qarşısını almaq üçün kifayət qədər güclüdür.

Ordumuzun silah və maddi-texniki təchizatında xarici dövlətlərdən asılılığını aradan qaldırmaq üçün cənab Prezidentin 16 dekabr 2005-ci il sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır. Nazirlik ordumuzu bir çox sahədə təmin edəcək potensiala malikdir. Nazirlik müxtəlif təyinatlı silahlar, döyüş sursatları və digər hərbi avadanlıqlar istehsal edərək ordumuzu təmin edir. Bundan əlavə, nazirlik müxtəlif dövlətlərlə də hərbi sahədə əməkdaşlıq edir. Hazırda torpaqlarımızın 20 faizi işğal altındadır. Buna görə də dövlətimiz bütün variantlara hazır olmağı vacib sayır. Bunun üçün ordumuz daha da gücləndirilir, peşəkarlığın, döyüş qabiliyyətinin artırılması üçün müntəzəm tədbirlər həyata keçirilir. Ordu quruculuğu sahəsində əldə olunan uğurlardan bəhs edərkən cənab prezident söyləmişdir:“Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının milli ordusu-respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarımızın müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır” deyən möhtərəm Prezidentimiz qısa müddət ərzində müstəqilliyin və suverenliyin yeganə təminatçısı olan silahlı qüvvələrin yaradılmasına nail oldu.    

Bu gün beynəlxalq hərbi reytinqlərdə Azərbaycan Ordusu Cənubi Qafqazın alternativsiz hərbi gücü sayılmaqla yanaşı, hərbi arsenalına, potensialına, təminatına, hazırlığına görə dünyanın öndə gedən silahlı qüvvələrindən biri hesab edilir.

“Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha göstərdi” deyən Ali Baş Komandan son 7 ay ərzində bu təminatın daha da yaxşılaşdığını və müasirləşdiyini söylədi.

Dünyanın ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahları, texnikası artıq Azərbaycan Ordusunun sərəncamındadır. Prezidentin Horadizdə yeni salınan qəsəbədə hərbi yönümlü məktəblərin kursantları ilə görüşü də əlamətdar anlarla yadda qaldı. Hələ uşaq yaşlarından hərbçi olmaq istəyən və yeniyetmə yaşlarından hərbi məktəblərdə təhsil alan bu gənclər görmədikləri vətənlərinin - Füzulinin azad edilməsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında iştirak etməyi ən böyük arzuları kimi dilə gətirdilər. 

Ali Baş Komandanın bu hərbçilərə sözləri isə həm də Böyük Vətənpərvərin gənc nəslə tövsiyəsi və bir ata nəsihəti idi: “Siz hərbçi peşəsini seçmisiniz. Bu, çox şərəfli peşədir. Ordumuzun gücü ilk növbədə ordumuzda hökm sürən vətənpərvərlik ruhundadır. Döyüş qabiliyyətimiz də, vətən sevgisi də buna bağlıdır. Hər bir Azərbaycan gənci, hər bir vətəndaş vətənpərvər olmalıdır, vətəni hər şeydən çox sevməlidir və vətən uğrunda öz qəhrəmanlığını göstərməlidir. Sizin qarşınızda çox gözəl nümunələr var. Bu gün Lələtəpə ərazisində olarkən, düşmənlə üz-üzə dayanan hərbçilərlə görüşərkən bir daha gördüm ki, bizim gənclərimiz nə qədər vətənpərvərdir, peşəkardır, vətənə bağlıdır”. 

Azərbaycan əsgəri 20 il də, 100 il də bundan əvvəl mərd, döyüşkən olub.  Məhz Mübariz İbrahimovun 18 iyun 2010-cu il tarixində gecə 23:30 radələrində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçməsi, düşmənin çox sayda əsgər və zabitini bircə həmlədə gəbərtməsi dünyaya səs saldı. Mübariz bu qeyri-bərabər döyüşdə ələ keçirdiyi düşmən silahlarından istifadə edərək 5 saat ermən faşistləri ilə səhərədək son nəfəsinə kimi döyüşdü. Mübariz şəhidlik zirvəsinə ucaldığı gündən onun doğulduğu həyətə minlərlə gənc ziyarətə gəlir. Mübariz gecenin qaranlığında təkbaşına nərə çəkərək, içində gurlayan cəsurluğun gücüylə düşmənin üstünə atıldı. Ermənilər Mübarizin və Mübarizin simasında digər qəhrəmanlarımızın igidliyinin və ordumuzun qüdrətli olmasının şahidi oldular. Mübarizin vida mərasimində cənab Prezident İlham Əliyev “Mübariz yaxşı bilirdi ki, o döyüşkən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir”.

Azərbaycan Ordusu ən müasir silahlarla təchiz edilərək dünyanın ən müasir orduları sırasındadır. Prezident Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sabunçu rayonunda hərbiçilərə yeni mənzillərin verilməsi mərasimində çıxışı zamanı diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün başqa amillərlə yanaşı, ən birinci amil bizim hərbi gücümüzdür, qüdrətimizdir: “Biz gücümüzü artırırıq və artıracağıq. Onu da bildirməliyəm ki, bu il bir çox önəmli kontraktlar imzalanmışdır. Bu kontraktlar icrası nəticəsində ölkəmizə ən müasir silahlar və texnika gətiriləcəkdir. Bu gün mövcud olan texnika və silahlar imkan verir ki, biz işğalçıların istənilən hərbi hədəfini yüksək dəqiqlik və böyük dağıdıcı qüvvə ilə darmadağın edə bilək. Əlbəttə, hər bir ölkənin, o cümlədən müharibə şəraitində yaşayan ölkələrin gücünü, ilk növbədə, onun hərbi qüdrəti müəyyən edir.”

Əlahiddə Azərbaycan Ordusunun 2018-ci ilin uğurlu döyüş əməliyyatları nəticəsində Naxçıvan Muxtar Respublikasındakı 11 min hektarlıq ərazini işğaldan azad etməsi və Ermənistan üçün strateji əhəmiyyətə malik olan İrəvan-Laçın magistral yoluna nəzarəti ələ keçirməsi!; Azərbaycan əsgərinin düşmən sərhədində yerləşən, dəniz səviyyəsindən 1800 metrlik yüksəkliyə malik olan Şərur rayonu ərazisindəki Qızılqayanın ən uca nöqtəsinə Azərbaycan bayrağını taxması!; Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində yenidən insanların məskən salması, Naxçıvan Muxtar Respulikasındakı Günnüt kəndinin düşmən tapdağından xilas edilməsi Dağlıq Qarabağın sabahına nikbin baxmağa əsas verir.

Ölkəmizin silah zavodlarında yaxın zamanlarda istehsalına  başlanılacaq “Zərbə KM” (təsir gücü artırılmış qəlpəli-fuqaslı) pilotsuz uçuş aparatının yeni növü olmaqla düşmənin canlı qüvvəsini, hərbi texnikasını və hərbi obyektlərini 100 kilometrlik məsafədən müəyyənləşdirərək məhv edən pilotsuz uçuş aparatıdır. Həmçinin yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılması da nazirliyin perspektiv layihələrindəndir. 2020-ci ilədək onun istehsalına başlanılacaqdır.

Ermənilər anlayırlar ki, Azərbaycan Ordusu bugünkü qüdrətli və peşəkarlığı ilə Ermənistan ordusunu qısa müddətdə darmadağın edə bilər. Burada bir faktı qeyd etmək vacibdir ki, Azərbaycan öz ordusunu ən müasir NATO standartlarına uyğunlaşdırmaqdadır. Hərbi peşəkarlıq, ən müasir silahlarla təminat artıq ordumuzu nəinki bölgədə, hətta MDB məkanında ən güclülər cərgəsinə çıxarmışdır.

Azərbaycan xalqı öz Prezidentinə inanır və işğal altındakı torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi ilə azad ediləcəyi, ərazi bütövlüyümüzün təmin olunacağı, bayrağımızın Şuşada, Xankəndidə və işğal altındakı digər əzəli torpaqlarımızda dalğalanacağı günün uzaqda olmadığına qəti əmindir.

Cənab İlham Əliyev çıxışlarının birində bəyan edib: “Əsas odur ki,  danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır. İkincisi, danışıqlar prosesinə yeni təkan verilib. Bu da vacibdir. Biz Minsk qrupunun həmsədrlərinin 9 mart tarixli bəyanatını, - siz yəqin ki, onunla tanışsınız, - çox müsbət qiymətləndirdik. Orada deyilir ki, danışıqlar formatının dəyişdirilməsi yalnız iki tərəfin razılığı ilə ola bilər. Azərbaycan tərəfi təbii ki, buna razılıq vermədi. Ona görə də biz prinipcə substantiv danışıqların davam etdirilməli olduğu vəziyyətə qayıtdıq”.

Bu gün Azərbaycanda elə bir ailə olmadı ki, sevinc göz yaşları axıtmasın. Ard-arda cəbhədən gələn xəbərlər,  sanki 20 ildən artıqdır ki, düşmən tapdağı altında inləyən torpaqlarımızın azadlıq nəğməsi idi. Bu nəğmə Azərbaycan əsgərinin silahından atılan mərmi ilə ifa olunaraq, göylərdə "qisas", - deyə hayqıraraq şəhid ruhlarına da bir salavat duası idi. Haqq davası üçün düşmənə atılan o mərmidən ətrafa yayılan barıt qoxusu, sabah xarı bülbülün ətrini ciyərlərimizə çəkəcəyimizin müjdəsidir.

Döyüşlərin getdiyi zamanlarda daha həssas, daha məsuliyyətli olmaq lazımdır. Bizim hər birimizin bir azərbaycanlı olaraq üzərimizə vəzifə düşür. Bu vəzifə bizim Vətənimiz qarşısında borcumuzdan qaynaqlanır. İnformasiya müharibəsində qalib, ön cəbhədəki əsgərlərimizə dəstək üçün yalnız rəsmi qaynaqlardan alınan xəbərlərə inanmalı və paylaşmalıyıq. 

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində edilən paylaşımda qeyd edilir: "Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialı olmayıb, heç zaman insanlığa qarşı cinayət törətməyib. Azərbaycan Ordusu başqa dövlətin torpaqlarına ayaq basmayıb, o, doğma torpağını qoruyur və onun uğrunda döyüşür!

Ermənistanın növbəti silahlı təxribatına cavab verildi! Azərbaycan Ordusu öz Vətənini müdafiə edərək, uğurlu əks-hücum əməliyyatı keçirir və Azərbaycanın işğal altında olan ərazilərini azad edir.
Azərbaycan dövlətinə və xalqına dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirən bütün insanlara, təşkilatlara və dövlətlərə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdaram.

Onların həmrəyliyi və mənəvi dəstəyi bu gün hər bir azərbaycanlıya qürur hissi yaşadır.

Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edirəm!

Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görülməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun!”

Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə  elə bir tarix yazacaq ki, o, Azərbaycan xalqının illərdir səbirsizliklə gözlədiyi zəfər salnaməsinə çevriləcəkdir. Azərbaycan xalqı, ordusu əzəli və əbədi torpaqlarımızı azad edəcək, ölkəmizin ərazi bütövlüyünü təmin edəcək, şəhidlərimizin qanını yerdə qoymayacaq, şəhidlərimizin ruhunu şad edəcək. Azərbaycan xalqı ordusuna güvənir, onun arxasındadır. İnanırıq ki, ordumuz tezliklə bizə qələbə xəbərini verəcək, zəfər sevincini yaşadacaqdır.

Cənab Prezidentin dediyi kimi “Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan hərbi birləşmələrinin heç bir hədəfi, heç bir məqsədi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və torpaqlarımızı işğaldan azad edəcəyik”

Günel Məlikli,

Bakı Dövlət Universitetinin müəllimi,
siyasi elmlər üzrə fəlsəfə doktoru