Bu gün hər birimizin fikri-zikri müzəffər Azərbaycan Ordusunun ön cəbhələrdə döyüşən əsgərlərinin yanındadır. Hər birimizin Qələbə arzusuyla çırpınan ürəyi sanki onlarla yanaşı addımlayır. Payız fəslinin bu mülayim günlərində hamımız Allaha dua edirik ki, havalar xoş keçsin, əsgərlərimizin düşmənə tuşladığı silahların dəmir tətiyinə toxunan barmaqları üşüməsin!.. “İki sahil”in oxucularına təqdim etdiyimiz bu şeir də Milli Ordumuzun əsgər və zabitlərinə Azərbaycan xalqının dilədiyi duaların əks-sədasıdır. Belə bir vaxtda sosial şəbəkədə paylaşılan, ekranda- efirdə səsləndirilən bu kövrək misraların müəllifinin qadın-ana olması da təsadüfi deyil. Çünki Qarabağ bölgəsində payız mövsümündə havaların soyuması ilk növbədə əsgər analarını və bütün Azərbaycan qadınlarını nərahat edir... Qoy ağbirçək nənələrin, mərd oğullar böyüdən anaların, nişanlı qızların, qardaş yolu gözləyən bacıların Vətən uğrunda savaşan əsgər və zabitlərimiz barədə uca Tanrının dərgahına elədiyi bütün xeyir-dualar müstəcəb olsun!
İxtisasca müəllim olan Ülviyyə Eyyubovanın həmin şeirini təqdim edirik:
Payız, səndən bir ricam var,
Çox tələsmə...
Qoy geciksin boranlı qar!
Vətənimin yad əllərdə hələ əsir torpaqları,
Döyüşlərdə əsgəri var...
Tanrı olsun onlara yar.
Sən həlim ol, asta tərpən,
Leysan olub yağma birdən.
Bir az bəslə buludları ətəyində
Üşüməsin əsgərimin əli silah tətiyində.
Xəsislik et, gözəl payız,
Torpağıma su qatanda...
Yüngül olsun əsgərimin çəkmələri
Zirvələrə can atanda.
Təki Vətən sağ olsun!
Ermənistanın dinc əhalimizə qarşı yönəlmiş hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun əks-hücumu ilə başlayan Vətən müharibəsində şəhid olan kapitan Ceyhun Aydın oğlu Həsənovun doğum günüdür. Bu gün yurdumuzun arxa-dayağı olan, "Vətən sağ olsun” deyərək canından keçən Milli Ordumuzun qəhrəman oğullarının hər birinin xatirəsi bizə əzizdir. Ceyhun Həsənov yaşasaydı, bu gün bahar ömrünün 35 – ci payızını qeyd edəcəkdi.
1985-ci ilin oktyabrın 29-da Tovuz rayonunun Çeşməli kəndində dünyaya göz açan Ceyhun hələ uşaqkən ailəsi Bakıya köçmüşdü. Əvvəlcə o, C. Naxçıvanski adına hərbi liseyi bitirmiş, sonra Bakı Ali Birləşmiş Komandirlər Məktəbində təhsil almışdı. Doğma Vətəni bütün varlığı ilə sevən kapitan Ceyhun Həsənov Milli Ordumuzun zabiti kimi Qarabağı azad etmək arzusu ilə yaşayırdı. Elə bu arzu ilə də son vaxtlar hərbi xidmətini ön cəbhədə davam etdirirdi. Bu dünyada iki əmanətinin - ekiz övladları Cahid və Cavidanın bir yaşını yenicə qeyd edib, qulluq etdiyi hərbi hissəyə dönmüşdü.
Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş Ceyhun kimi oğulların əziz xatirəsini yaşatmaq, ruhlarına dualar oxumaq hər azərbaycanlının vətəndaşlıq borcudur. “Sevərək yaşayanlar, sevilərək ölənlər”in adları, xatirələri yaddaşlarda əbədi yaşayacaq. Yurda sevgi, şanlı ordumuzun əsgər və zabitlərinə sevgidir. Müqəddəs Vətənimizin işğal olunmuş ərazilərini azad etmək isə ən şərəfli vəzifədir. Bu gün Milli Ordumuzun əsgər və zabitləri bu şərəfli vəzifənin öhdəsindən layiqincə gəlirlər. Torpaqlarımız işğaldan kəndbəkənd, şəhərbəşəhər azad edildikcə şəhidlərimizin ruhları da şad olur: “Gözün aydın, Vətən!” deyir.
N.Muğanlı, “İki sahil”