06 noyabr 2020 10:25
1438

Məşhurların idman sevgisi

Məşhur rəssam Leonardo da Vinçinin fizika, riyaziyyat, astronomiya sahələri ilə məşğul olduğunu yəqin çox adam bilir. Lakin çox az adam bilir ki, o, bütün bunlarla yanaşı həm də alpinizm həvəskarı olmuş və bir sıra yüksəkliklərin fəthində iştirak etmişdir.

Məşhur fizik Nils Bor həm də gözəl futbolçu idi və ölkənin yığma komandasının tərkibində mərkəzi hücumçu kimi ölkənin şərəfini qorumuşdu.

Rus şairi Mixail Yuryeviç Lermontov idmanı hər şeydən üstün tutub. Şair C.Bayrona da bənzəmək istəyirdi. O, rus güləşinə maraq göstərirdi, hətta özü kazaklarla çox güləşərdi. Lermontov həmçinin konki sürməklə məşğul olurdu. Qılıncoynatmanın bütün növlərində də öz bacarığını dəfələrlə sübut etmişdi. Deyilənlərə görə, cəsur şair çox yaxşı döyüşçü idi. Sağlam həyata üstünlük verən Lermontov kənddə olarkən piyada gəzirdi.

Görkəmli rus şairi Aleksandr Serqeyeviç Puşkinin, idmana çox böyük həvəsi var idi. O, şahmat həvəskarı və boksçu idi, güləşlə maraqlanırdı, atı və konkini sürürdü, qılıncoynatma təlimini keçirdi, soyuq çayda çimirdi, tapançadan atmağı, piyada gəzməyi, hətta ağır əşyaları da qaldırmağı xoşlayırdı.

Ernest Miller Heminquey Amerikanın məşhur yazıçısıdır. Uşaqlıqdan atası ona ov tüfəngindən atmağı öyrətmişdi. 10 yaşına çatanda uçan nişanların vurulmasında məharətini göstərən Ernestə babası özünün ovçu tüfəngini bağışladı. Yazıçı böyüdükcə idmanın başqa növləri ilə də məşğul olurdu. Ən çox sevdiyi idman növü isə boks oldu. Onun bədəni pəhləvanların bədəninə bənzəyirdi. Hətta maddi çətinliklər çəkəndə o, qeyri-rəsmi təşkil olunan çempionatlarda iştirak edərək, pul qazanırdı. Həmçinin Ernest əla üzməyi də bacarırdı. Amerikanın ən yaxşı atıcısı olan Teylor Uilyams, Heminquey barəsində bu sözləri demişdir: “Bir dəfə mən, Ernestin atdan sıçrayıb 100 yard qaçaraq, 270 yard məsafədə olan ovu necə ustalıqla vurmasının şahidi oldum və buna heyran qaldım.”

Qeyd etmək lazımdır ki, məşhur yazıçı iri balıqları tutmaq üzrə dünya rekordu qazanır.

İngiltərənin böyük şairi Corc Noel Qordon Bayron idmana meylini salmışdı. Bayron dünyaya gələndə, bir ayağı zədələnmişdi və ömrünün axırına kimi axsayırdı. Bundan çox əziyyət çəkən şair idmanla məşğul olur və bununla öz nöqsanını kompensasiya edirdi. C.Bayron güclü idi, onun bədəni atletlərin bədəninə oxşayırdı. O, idmanın bir neçə növü ilə məşğul olurdu. Corc 5 metrə qədər suyun altına üzürdü, Temza çayını və Dardanel boğazını Abidosdan Sestosa kimi bir dəfəyə (7,412 km) üzüb keçirdi. O, öz çəkisinə fikir verirdi, buna görə də gündə bir dəfə yeyir, pivə içmirdi. Nahardan sonra o, ancaq idmanla məşğul olurdu. Hər gün meşədə at sürürdü və sonra göldə qayıq ilə məşq edirdi. Çox yaxşı boksu və qılıncoynatmanı bacarırdı. Çoxlu piyada gəzməyi xoşlayırdı.

Məşhur fransız fiziki,Nobel mükafatı laureatı Frederik Jülio-Küri gənc yaşlarından elmlə və yaxud futbol ilə məşğul olmaq seçimi qarşısında qalmışdı. Hər halda fransızlarla ingilislərin gənclərarası futbol matçından sonra o, müqavilə bağlamaq üçün dəvət almışdı. Bütün dünyada məşhurlaşdıqdan sonra da o, idmanla məşğul olmağı davam etdirmiş, qışda xizək sürməklə, yayda isə balıq tutmaqla və alpinizmlə məşğul olmuşdu. Hətta bir dəfə də 4665 m hündürlükdəki zirvəni fəth etmişdi.

Rus klassiklərindən biri Aleksandr İvanoviç Kuprin idmanın bütün növlərinin insanlar arasında geniş yayılmasını istəyirdi və bu barədə öz məqalələrini jurnalda dərc edirdi. Kuprin özü də idmanla məşğul olurdu. Səhər tezdən o, ya çayda üzürdü, ya da soyuq su ilə çimirdi. Aviasiya ilə çox maraqlanırdı, suyun altına üzürdü, tez-tez dənizdə yelkənlə gəzintiyə çıxardı. Kuprin, həmçinin atçılığı da çox sevirdi.

Samirə Tağıyeva, “İki sahil”