Nigar Orucova |
Bölgələrdə Prezidentin izdihamla qarşılanması xalq-iqtidar birliyindən xəbər verir
Azərbaycan tarixinə növbəti şərəfli və unudulmaz günlər daxil oldu. 8 noyabrda iyirmi səkkiz il yarım işğal altında olan Şuşa şəhəri azad edildi. Şuşanın azad edilməsinin əhəmiyyəti isə özünü çox tez bir zamanda göstərdi və cəmi iki gün sonra düşmən öz məğlubiyyətini elan etmək məcburiyyətində qaldı. Şuşanın azad edilməsi əslində xalqımızın və dövlətimizin istər mənəvi və tarixi, istərsə də strateji və hərbi baxımdan qələbəsinin carçısı idi. 30 ilə qədər davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin İkinci Qarabağ savaşı mərhələsi Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatdı. Bununla Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən tanınan ərazi bütövlüyü və suverenliyi təmin olundu. Ermənistan ordusu məhv oldu, qurduqları istehkamlar keçildi və fərarilik başladı. Ermənistanda hələ də qarşılıqlı ittihamlar baş alıb gedir. Artıq onlarla şəxs vətənə xəyanət ittihamı ilə, hərbi qanunlarla mühakimə olunub, onlarla şəxs yüksək postlardan uzaqlaşdırılıb. Azərbaycan Ordusunda isə bir dənə belə fərarilik halına rast gəlinmədi. Otuz ilin Vətən həsrəti iradəmizə heç bir mənfi təsir göstərmədi. Bütün bunlar sübut etdi ki, heç kim Azərbaycan xalqının səbri ilə oynaya bilməz. Azərbaycan xalqı hər zaman ümummilli lider Heydər Əliyevin və onun davamçısı cənab İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyib.
Məhz bölgələrdə Prezidentin izdihamla qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyindən xəbər verir. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz rəhbərinə sevgi və etimadını nümayiş etdirir.
Belə bir xalq sevgisi, daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz isə bizə düşmən qarşısında da əlavə güc verdi və imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Azərbaycan xalqı yumruq kimi birləşib və bu birlik əbədi olacaqdır. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkanlar yaradacaq və dövlətimizin gücü də məhz Azərbaycan xalqının dəstəyindədir. Biz bir daha göstərdik ki, milli məsələlərdə hamımız birləşə bilirik və bu birlikdə, həmçinin qələbəmizin əldə olunmasında ən önəmli amil də Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi oldu.
Xalqın qələbə və tarixi ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşması milli birlikdən keçdi. 50+1 formatında siyasi partiyaların birgə bəyanatı xalq-iqtidar birliyinin təcəssümüdür. Ölkənin siyasi tarixində ilk dəfə olaraq ölkəmizin 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatı milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Bu bəyanat, eyni zamanda, ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur. Siyasi partiyaların birgə bəyanatı ölkəmizdə siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına zəmin yaradır.
Ekspertlərin də fikirlərinə görə, bu bəyanatın hazırkı vaxtda, Ermənistanın növbəti dəfə Azərbaycana qarşı başladığı genişmiqyaslı hərbi təxribatı zamanı qəbul edilməsinin böyük siyasi və ümummilli əhəmiyyəti var. Bu, onu göstərir ki, ideoloji baxışları, siyasi platformaları və proqramları müxtəlif olan partiyalar lazım gəldikdə bütün fikir ayrılıqlarını bir kənara qoyaraq Azərbaycan üçün bir mövqedən çıxış edə bilirlər. Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Tarixi ədalət və haqq uğrunda, torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda aparılan müharibə zamanı xalq iqtidar və müxalifət cəbhəsinə bölünməməlidir.
Baş vermiş siyasi hadisələr təhlil edilərkən gəlinən nəticə ondan ibarətdir ki, son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz və ordu quruculuğu da bizim qələbəmizi şərtləndirən önəmli amillərdən oldu. Azərbaycan müharibəni yalnız humanitar hüquq normaları çərçivəsində aparmaqla ona əsassız ittihamlar irəli sürənlərə qarşı layiqli cavab vermiş oldu. Bu qələbə dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. Azərbaycan xalqı öz yenilməzliyini, dəmir iradəsini göstərdi. O baxımdan qeyd edilməlidir ki, əldə olunan qələbə həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir. Xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması ordumuzun gücünü daha da artırır, zəfərdən zəfərə aparır. Bununla da xalq-iqtidar birliyi ölkəmizin uğurlu inkişafını müəyyən edir. Dövlətimizin başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, xalqın iradəsi, dövlətin qətiyyəti, davamlı islahatlar Azərbaycana möhtəşəm uğurlar qazandırıb, dünya miqyasında tanıdıb. Məhz əldə edilən bu kimi zəminlər əsasında Azərbaycan müasir hərb tarixində yeniliyə imza atdı.