KÖŞƏ

Zahid Rza

Ağılsız köpəklər ulduza hürər…

05 may 2026 21:16
96

Uzun müddətdir ki, anti-Azərbaycan şəbəkə və ermənipərəst qüvvələrin əlində oyuncağa çevrilən bəzi antimilli ünsürlər sosial şəbəkələrdə fəallaşaraq ölkəmizə qarşı kin-kudürət, nifrət qusmaqda davam edirlər. Bu marginallar Azərbaycan əleyhdarlarının beş-üç qəpik tulapayına şirniklənərək var gücləri ilə ölkəmizin beynəlxalq aləmdəki imicinə ləkə yaxmaq üçün min bir oyundan çıxır, özlərini haqq-ədalət carçısı, fəaliyyətlərini isə guya hansısa “ali dəyərlər uğrunda mübarizə” nümunəsi kimi cəmiyyətə sırımaq istəyirlər. Bu qaragüruhçu dəstənin üzvləri bütün bunlarla ermənipərəst qüvvələrin əlində maşa olduqlarını pərdələməyə çalışsalar da heç nəyə nail ola bilmirlər.

Anti-Azərbaycan qüvvələrin dilənçi payını Vətən çörəyindən üstün tutan bu yal xəstələrinin fəaliyyətləri heç bir nəticə verməyəcək. Yaşadığı coğrafiyadan asılı olamayaraq əslində doğma Vətəninin bir parçası olduğunu unudanlar, öz mənfur əməlləri ilə düşmən dəyirmanına su tökərək elinə-obasına dönük çıxanlar, millətinə nakorluq edənlər tarixin yaddaşında milli satqın kimi qalaraq lənət ünvanına çevriləcəklər.

Uzun illərdən bəridir ki, “demokratiya”, “insan haqları” kimi məhfumlardan ölkəmizə qarşı siyasi manipulyasiya, ideoloji təzyiq aləti kimi istifadə edən bədxahlarımızın maşası olan bu qrant parazitlərinin əsas məqsədi milli-mənəvi, eləcə də ideoloji dayaqlarımıza zərbə vurmaqdır. Məkrli mərkəzlərdən ölkəmizə qarşı ideoloji təxribat aparmaq tapşırığını alan bu xəyanətkarların sosial şəbəkələrdəki antimilli fəaliyyəti bir daha göstərir ki, onlar bu istiqamətdə erməni lobbisi ilə eyni müstəvini bölüşürlər. Lakin bütün bunlar nəticəsiz qalacaq. Çünki bunların qarşısında xalqımızın güclü iradəsi, milli ruhu və həmrəyliyi dayanır.

Mənəvi-psixoloji burulğanlar girdabında çırpınan, ayrı-ayrı Qərb ölkələrində mühacir adı ilə məskunlaşan Tural Sadıqlı, Mehman Hüseynov, Qabil Məmmədov, Qənimət Zahid, Sevinc Osmanqızı kimilərin sosial şəbəkələrdəki antimilli çıxışları, ürəkbulandıran, təhqirlə, böhtanla dolu monoloqları bir daha təsdiq edir ki, əslində bütün bunlar merkantil bir şəbəkənin xaotik özfəaliyyəti yox, erməni lobbisinin təsiri altında olan qüvvələrin çox ustalıqla pərdə arxasından idarə etdikləri nizamlı və məqsədli bir prosesdir. Daha doğrusu, ölkəmizə qarşı əxlaqsızcasına aparılan informasiya müharibəsidir. Təbii ki, bütün bunların təməlində ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanın müstəqil siyasət yürütməsini istəməyən məlum dairələr dayanır. Öz çirkin niyyətlərini gerçəkləşdirmək istəyən bədxahlarımız bu işdə məlum antimilli ünsürlərdən ustalıqla istifadə edirlər.

Anti-Azərbaycan şəbəkənin maşaları, quyruqbulayanları, yallananları bütün bunlarla heç nəyə nail ola bilməyəcəklər. Öz cılız ambisiyalarını, məkrli niyyətlərini reallaşdırmaq üçün milli maraqları heçə sayaraq Azərbaycan əleyhdarlarının, erməni lobbisinin mənafelərinə xidmət edən həmin dağıdıcı ünsürlər bu dəfə də iflasa uğrayacaq və tarixin zibilliyində gömüləcəklər. Azərbaycan dövlətinə, xalqımızın milli maraqlarına qarşı ermənipərəst və anti-Azərbaycan dairələrlə işbirliyində fəaliyyət göstərən bu ünsürlər mütləq ədalət məhkəməsi qarşısında cavab verməcəklər.