17 noyabr 2020 18:32
24346

Milli qürur, qələbə və zəfər bayramı

Azərbaycan ədliyyəsinin 102 illik zəngin və şərəfli dövrü

Noyabr ayı müstəqil Azərbaycanın müasir tarixində artıq zəfər, qələbə ayı kimi qalacaqdır. Xalqımızın işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda 27 sentyabr tarixində başlatdığı İkinci Qarabağ – Vətən Müharibəsi 10 noyabr tarixində Azərbaycanın qələbəsi, düşmənin kapitulyasiyası ilə sona çatdı. 44 günlük hərbi döyüşlər nəticəsində 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr döyüş meydanında azad edildi. Noyabrın 8-də cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi müjdəsini xalqımıza verdi. Bundan sonra imzalanan üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əldə olunan razılaşmaya əsasən, 1 dekabr 2020-ci il tarixinədək Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarılacaq, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Bəli, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü, süverenliyi bərpa edildi, ədalət yerini tapdı. İnsanlar öz doğma yurd, yuvalarına qayıdacaqlar, biz öz tarixi torpaqlarımıza qayıdacağıq. Cənab Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida” ifadəsi gerçəkləşdirildi. Bu yolda neçə-neçə qəhrəman igid oğullarmız şəhid oldu, yaralandı, Vətən uğrunda qanından, canından keçdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin.

Bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq. Sözüz ki, Vətən müharibəsində qazandığımız qələbə ədliyyə işçiləri üçün də böyük qürurdur, fəxrdir. 30 ildir ki, xalqımızın torpaq həsrətinə son qoyuldu, düşmən üzərində böyük qələbə əldə edildi. Məhz cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin həm siyasi arenada, həm də döyüş meydanındakı gücü, qüdrəti sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. Ölkəmiz bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi. Bu müharibədə ən əsas məqamlardan biri Xalq-Ali Baş Komandan birliyi oldu. Xalqımız cənab Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək Ona və ordumuza böyük dəstək verdi. Qəhrəman, yenilməz Ordumuz isə döyüş meydanında cənab Ali Baş Komandanın əmrlərini şərəflə icra edərək düşmənə ağır zərbələr endirdi və işğal altındakı torpaqlarımızı azad etdi.

Bu günlərdə cənab Prezidentimiz İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlara səfərləri, böyük qələbəni xalqla birlikdə qeyd etmələri hər birimizi qürurlandırdı. Bütün dünya tarixi ədaləti bərpa edən Azərbaycan Ordusunun, cənab Ali Baş Komandanın və xalqımızın gücünü gördü.

Noyabr ayının 22-si Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Bu bayram ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunmuşdur. Bu il ölkəmizdə ədliyyə orqanlarının yaradılmasından 102 il ötür. Ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Ədliyyə tariximizin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Bir əsr inkişaf yolu keçən Azərbaycan ədliyyəsinin şanlı tarixi 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gündə Ədliyyə Nazirliyinin təsis edilməsi ilə başlamış, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmiş, ədliyyə sahəsində və məhkəmə idarəçiliyində bir sıra qərarlar qəbul edilmiş, qanunlar hazırlanmışdır. Cəzaçəkmə yerləri ilə aparılan işin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyəti nəzərə alınaraq hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş, nazirliyin təşəbbüsü ilə "İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında", "Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında", "Azərbaycan andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında", ADR-in yaranmasından il yarım keçməsi münasibətilə ümumi amnistiya haqqında və digər qanunlar parlamentin müzakirəsinə çıxarılmışdır.

Azərbaycan Demokratik Respublikası süqut etdikdən sonra 13 may 1920-ci il tarixli qərarla Ədliyyə Nazirliyi ləğv edilmiş, Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir. Lakin, 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdir.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin yenidən yaradılması ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə baş verib. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmış oldu. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, 1972-ci ildə Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edilmiş, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yaranmışdır. Həmin dövrdə nazirlik qanunların sistemləşdirilməsi və məcəllələşdirilməsi, hüquqi biliklərin artırılması, məhkəmələrə təşkilati, eləcə də notariat, məhkəmə ekspertizası, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və vəkillik fəaliyyətinə rəhbərliyi həyata keçirmək səlahiyyətlərinə malik olmuşdur.

Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yeni milli Konstitusiya qəbul olunmuş və hüquqi sahədə islahatların mütəşəkkil qaydada aparılması məqsədilə Hüquqi İslahat Komissiyası yaradılmışdır. Bununla yanaşı, Azərbaycan ədliyyəsinin inkişafını təmin edən ardıcıl tədbirlər görülərək səlahiyyətləri genişləndirilmiş, istintaq aparatı, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət institutu, icra xidməti yaradılmış, nazirliyin cəmiyyətdə artmışdır.

Ulu Öndərin dövlət quruculuğu siyasi kursunu uğurla davam və inkişaf etdirən cənab İlham Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyət göstərdiyi illər ərzində Ədliyyə Nazirliyində, ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə kifayət qədər mühüm təbirlər həyata keçirilmişdir. Belə ki, 2006-cı ildə nazirliyin yeni Əsasnaməsi qəbul edilərək ona hüquq mühafizə orqanı statusu verildi. Nazirliyin yeni müasir görünüşlü rəsmi emblemi təsdiq edildi. Ədliyyə orqanlarının inkişafı, məhkəmə sisteminin müasirləşdirilməsi haqqında fərmanların imzalanması, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" yeni Qanunun, habelə Ədliyyənin inkişafına dair ayrıca Dövlət Proqramının qəbulu xüsusi əhəmiyyət kəsb etdi. Nazirlikdə yeni qurumların-Ədliyyə Akademiyasının, regional ədliyyə şöbələrinin, müxtəlif reyestrlərin yaradılması müasir Azərbaycan ədliyyəsi tarixində mühüm yer tutur.

Azərbaycan Prezidentinin 2006-cı il 19 yanvar və 17 avqust tarixli fərmanları məhkəmə və ədliyyə orqanlarının inkişafının yeni mərhələsini müəyyən etdi, məhkəmə-hüquq sisteminin müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsinə, ölkəmizin regionlarında hüquq infrastrukturunun genişləndirilməsinə şərait yaratdı. Ədliyyə nazirliyinin cəmiyyətdə rolunun və xüsusi çəkisinin əhəmiyyətli dərəcədə artması ədliyyə fəaliyyətinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsini, bu sahədə müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini, yeni nəsil hüquqşünasların formalaşdırılmasını şərtləndirmişdir.

Ədliyyə sahəsində fəaliyyətin müasirləşdirilməsi və islahatların aparılması, ədliyyənin davamlı inkişafının təmin edilməsi və sürətləndirilməsi məqsədilə dövlət başçısının 06.02.2009-cu il tarixli sərəncamı ilə "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" təsdiq olunmuşdur. Bu gün ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən Ədliyyə Nazirliyi qanunların təkmilləşdirilməsində iştirak edir, normativ hüquqi aktların layihələrini hazırlayır, onların, habelə əhalinin və mətbu nəşrlərin, sahibkarlıq sahəsində aparılan yoxlamaların və qüvvədən düşmüş sənədlərin reyestrlərini, vətəndaşlıq vəziyyəti aktlarının, qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatını aparır, penitensiar sistemə rəhbərlik edir, ədalət mühakiməsi əleyhinə və bir sıra digər cinayətlər üzrə ibtidai istintaqın aparılmasını, notariat fəaliyyətini, məhkəmə ekspertizalarının keçirilməsini, məhkəmələrin fəaliyyətinin təşkilati təminatını, məhkəmələrin və digər orqanların qərarlarının icrasını və probasiya nəzarətini təmin edir. Həmçinin nazirlik bələdiyyələrə metodoloji yardım göstərir və inzibati nəzarət edir, Ədliyyə Akademiyasında ədliyyə və məhkəmə işçiləri, vəkillər, bələdiyyə üzvü və qulluqçularının və digər hüquqşünasların ixtisasartırmasını, habelə peşə fəaliyyətinə buraxılışı, ölkəmizin adından hüquqi yardım və əməkdaşlıq haqqında müqavilələrin bağlanmasını və onların icrasını, beynəlxalq sahədə hüquqi yardım göstərilməsini təmin edir və digər funksiyaları həyata keçirir.

Ədalət mühakiməsinin səmərəliliyində məhkəmə infrastrukturunun müasirləşdirilməsi də az əhəmiyyət kəsb etmir. Son illər ərzində dövlət büdcəsi hesabına və Dünya Bankı ilə birgə məhkəmə üçün müasir bina və komplekslərin layihələri hazırlanmış, müasir məhkəmə binaları və bir neçə  məhkəmənin yerləşdiyi məhkəmə kompleksləri tikilərək istifadəyə verilmiş, ədliyyə orqanları və məhkəmələrin maddi-texniki bazası gücləndirilmişdir. Məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən islahatlar çərçivəsində "Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında dövlət başçısının sərəncamı bu sahədə strateji prioritetləri müəyyən etməklə inqilabi təkamülün əsasını qoymuşdur.

Qeyd edək ki, ötən dövrdə yeni nəsil hakim korpusunun formalaşdırılması məqsədilə mütərəqqi qaydalar hazırlanmış, müstəqil qurum-Hakimlərin Seçki Komitəsi yaradılmışdır. Çoxmərhələli imtahanlarda şəffaflıq və obyektivlik, nəticələrin yoxlanması və elan edilməsi, çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin, KİV nümayəndələrinin qarşısında keçirilməsi və onlayn rejimdə canlı yayımlanması, nüfuzlu beynəlxalq təsisatların da diqqətini cəlb etmişdir. Təsadüfi deyildir ki, bu prosesi bilavasitə izləyən Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ), habelə Avropa İttifaqı Azərbaycanda hakimliyə namizədlərin seçimini örnək kimi qiymətləndirmiş və digər dövlətlərə tövsiyə etmişdir.

Daim inkişaf edən hər bir cəmiyyətdə olduğu kimi, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri etdiyindən, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməsi məqsədi ilə bu sahəni daim diqqət mərkəzində saxlayan cənab Prezidentimiz İlham Əliyev 3 aprel 2019-cu il tarixdə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalamışdır. Fərmanda Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Məhkəmə-Hüquq Şurasına tövsiyə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılmışdır ki, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması; məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsinin qeyd edilməsi diqqət çəkən önəmli məsələlərdəndir.

Həmin fərmanda digər önəmli məsələlərlə yanaşı, Məhkəmə-Hüquq Şurasına hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün qaynar xətt yaradılması tövsiyə edilmiş və məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və məhkəmələrdə işlərə baxılma müddətlərinin qısaldılması məqsədilə Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 200 nəfər artırılması ölkə başçısının bu sahəyə diqqətinin və qayğısının təzahürüdür. Eyni zamanda bu diqqətin bariz nümunəsi kimi Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Ədliyyəsinin 100 illiyi münasibətilə ədliyyə və məhkəmə orqanlarına aid yüksək dövlət təltif, fəxri adlar və sair həvəsləndirici tədbirlərə dair Sərəncamlarını da göstərmək olar.

Qeyd etdiyimiz kimi, noyabr ayı artıq müasir tariximizin parlaq zəfər səhifəsi kimi yaddaşlarımıza həkk olunub. Bu mənada ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmən üzərində qazandığımız qələbə münasibətilə soydaşlarımızı, Azərbaycan Respublikasının bütün ədliyyə işçilərini, məhkəmə aparatı əməkdaşlarını və hakimləri isə 22 noyabr peşə bayramı münasibətilə təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq.

Yaşasın müstəqil Azərbaycan!

Akif Eyvazov,

Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri