17 dekabr 2020 15:45
3133

“Bulla-dəniz” yatağında yeni quyu yüksək hasilatla işə düşüb

SOCAR-a məxsus yataqların işlənməsini uğurla həyata keçirən “Azneft” İstehsalat Birliyində (İB) hasilat sahəsində uğurlu nəticələrin əldə olunması istiqamətində mühüm işlər görülür. Bu sırada yeni quyuların yerinin seçilməsi, layihələndirilməsi, qazılmasına nəzarət, müasir üsulların, texnologiyaların tətbiqi, geoloji-texniki tədbirlərin həyata keçirilməsini və s. xüsusi olaraq vurğulamaq lazımdır. Bakı arxipelaqında kəşf olunmuş yataqlar içərisində karbohidrogen ehtiyatlarının zənginliyi baxımından mühüm əhəmiyyət kəsb edən, çox mürəkkəb geoloji-tektonik quruluşa malik “Bulla-dəniz” yatağında növbəti quyu müvəffəqiyyətlə qazmadan alınaraq, istismar edilməsi üçün mədənçilərə təhvil verilib. Respublikamızın yanacaq-enerji balansının qorunmasında və “Azneft” İB-nin qaz-kondensat hasilatının stabil saxlanması və artırılmasında önəmli yeri olan, böyük potensiala malik “Bulla-dəniz” yatağında 122 saylı stasionar dəniz özülündən (SDÖ) qazılmış quyu yüksək hasilatla işə düşüb. Quyunun gündəlik qaz hasilatı 700 min m3 təşkil edir. Qaz hasilatına uyğun kondensat hasilatı da kifayət qədər yüksəkdir.

“Azneft” İB-dən “İki sahil” qəzetinə verilən məlumata görə, 2019-cu ilin fevral ayında “Bulla-dəniz” yatağında 122 saylı özüldən layihə dərinliyi 5900 metr olan quyuda qazma işlərinə başlanılmışdı. Quyu mürəkkəb-geoloji texniki şəraitdə qazılıb, bu günlərdə yüksək qaz-kondensat hasilatı ilə istismara verilib.

Qeyd edək ki, bu quyu 2020-ci il ərzində “Bulla-dəniz” yatağında istismara təhvil verilmiş ikinci yüksək hasilatlı quyudur.

Böyük potensiala malik “Bulla-dəniz” yatağının karbohidrogen ehtiyatlarının işlənməyə cəlb edilməsi, bu məqsədlə yeni quyuların qazılması növbəti illərdə də qaz-kondensat hasilatının stabil saxlanmasında və artırılmasında əsas rol oynayacaq.

“Azneft” İB-dən o da bildirilib ki, “Bulla-dəniz” yatağı uzun müddət “Azneft” İB-nin qaz-kondensat hasilatı planının yerinə yetirilməsində önəmli rola malik olub. Yatağın tam miqyaslı öyrənilməsi, kəşfiyyatı və işlənməsinin  yeni mərhələsi bilavasitə 2012-ci ildə kəşfiyyat quyusunun qazılması ilə başlanıb. Kəşfiyyat quyusu “Bulla-dəniz” yatağının şimal-şərq qanadının tağyani hissəsində məhsuldar qatın VIII horizontunun karbohidrogen potensialının qiymətləndirilməsinə, sahənin tektonikasını və litoloji stratiqrafik kəsilişini dəqiqləşdirilməyə imkan verib. Həmin quyunun yüksək hasilatla (200 ton/gün kondensat, 1300 min m3/gün qaz) işə düşməsi yataqda yeni özüllərin tikintisi və quyuların qazılması üçün zəmin yaradıb.  Daha sonra əlavə quyular qazılaraq istismara təhvil verilib. Bu quyuların ilkin orta qaz hasilatı 500-600 min m3/gün, kondensat hasilatı isə 120-150 ton təşkil edib.

Orxan Vahidoğlu, “İki sahil”