29 may 2018 23:47
993

Şimal dənizində əməliyyatlar bərpa olunur

Böyük Britaniyanın Neft və Qaz Administrasiyası 2014-cü ildə neftin qiymətlərinin kəskin düşməsindən bəri ilk dəfə olaraq, neft və qaz kəşfiyyatı üzrə lisenziyalaşdırma mərhələsi keçirib. 30-cu ofşor lisenziyaşadırma mərhələsində 61 şirkətə kəşfiyyat lisenziyası verilib.

Dünyanın ən bahalı neft və qaz kəşfiyyatı sahələrindən sayılan Şimal dənizində 2014-cü ildən sonra demək olar ki, heç bir kəşfiyyat işi aparılmayıb. Son vaxtlar neftin qiymətinin yüksəlməsi hökuməti bu əraziyə fokuslanmağa vadar edib. Orada kəşf olunub lakin işlənməmiş yataqlardan 320 milyon barel neft çıxarılacağı güman edilir.

Ümumilikdə 123 lisenziya “Royal Dutch Shell”, “Total”, BP kimi iri şirkətlərlə yanaşı, kiçik qruplara da verilib. Şirkətlər orada səkkiz yeni kəşfiyyat quyusu qazmağı və doqquz müxtəlif ərazidə üçölçülü seysmik tədqiqatlar həyata keçirməyi öhdələrinə götürüblər.

“Böyük Britaniyanın kontinental şelfi yenidən qayıdır. Kəşfiyyat işləri fəallaşdırılacaq, yeni quyular qazılacaq”,-deyə Neft və Qaz Administrasiyasının baş icraçı direktoru Andi Samuel bildirib.

Ərazi ilə bağlı növbəti, 31-ci lisenziyalaşdırma mərhələsinin cari ilin yayında keçirilməsi planlaşdırılır.