06 yanvar 2021 18:44
2016

Dünyanın qeyri-adi bərbərləri - FOTO

Od və qılınc vasitəsi ilə saç kəsimləri edən saç ustası

İspaniyalı Albert Olmedonun maraqlı bir bacarığı var. İspaniyanın məşhur gözəllik salonlarının birində çalışan usta saç kəsimlərini qayçı ilə deyil, od və qılınc vasitəsi ilə edir. Orta əsrlərdən bəri istifadə olunan bu üsullar müştərilərin böyük marağına səbəb olub.

Caynaqları olan bərbər

İtaliyada məşhurlaşan  Valentino Lozauro öz təcrübəsində plastik caynaqlara bənzəyən vasitədən istifadə edir. Bu caynaqlar sərt və davamlı elastik plastikdən hazırlanır. Caynaqların üstündə olan iti xüsusi ülgüclər vasitəsilə usta asanlıqla müxtəlif saç düzümləri edə bilir. Valentinonun sözlərinə görə, onun bu metodu işi daha tez bitirməyinə imkan verir və müştəriləri onun etdiyi saç düzümlərini çox bəyənirlər. Qeyd etmək lazımdır ki, bu qeyri-adi caynaqları eldə etmək istəyində olan digər ustalar onları 30.000 dollara ala bilərlər.

Bu saç ustası isə əsl pəhləvandır

Simon Akroyd   iki işi birləşdirərək bütün dünyada məşhurlaşıb. 104 kq çəkisi olan idmançı, həmçinin ABŞ-nın dəbdəbəli gözəllik salonlarında işləyir. 45 yaşında olan idmançının dediklərinə görə, o, artıq  30 ildir ki, bu iş ilə məşğul olur. Görünüşü ilə insanların marağına səbəb olan saç ustasının müştəriləri həddindən artıq çoxdur. Lakin çətin iş rejiminə baxmayaraq, Simon hər gün idman zalına gedərək məşqlərindən də qalmır.

Saç düzümlərini baş-ayaq edən çinli usta

Çinli Wang Xiaoyu yerinə yetirdiyi saç düzümləri və istifadə etdiyi qeyri-adi üsulla insanların marağına səbəb olub. 18 il ərzində kung-fu idman növü ilə məşğul olan bərbər  etdiyi saç düzümlərini baş-ayaq edir. Onun söylədiklərinə görə, beləliklə o həm idman etmiş olur, həm də sevdiyi işlə məşğul olur. 16 il gözəllik salonunda çalışan Wang 2009-cu ildə medianın belə diqqətini özünə çəkməyi bacardı.

Qapalı gözlərlə saç düzümü?

Çindən olan digər bacarıqlı bərbər Tyan Haonun özünəməxsus qeyri-adi bir üsulu var. Tyan adətən etdiyi saç kəsimlərini qapalı gözlər ilə edir.  Tyanın dediyinə görə, o, müştərilərinin aurasını hiss edir və buna görə də onların istədiyi gözəl bir saç düzümü yarada bilir.

Bərbər, yoxsa kitabxanaçı?

ABŞ-da maraqlı bir gözəllik salonu açılıb. Salonun sahibi Reggie Ross insanların yalnız gözəl görünmələrini deyil, həm də daha savadlı olmalarını istədiyi üçün salonun içində balaca bir kitabxana yaradıb. Kitab oxumağı təbliğ edən bərbərin sözlərinə görə,öz növbəsini gözləyən insanlar maraqlı kitablar oxuyaraq vaxtlarını da səmərəli keçirmiş olurlar.

Saçları isti  maşa ilə yandıran saş ustası

Qeyri-adi saç düzümlərini yaradan çinli Wan Weibu qayçı əvəzinə maraqlı bir üsuldan istifadə edir. Təəcüblü olsa da usta müştərilərinin saçlarını qaynar maşa ilə yandıraraq qeyri-adi kəsimlər yaradır. Qeyd etmək lazımdır ki, bu üsul Çində 1980-ci illərdən bəri istifadə olunur.

Həm bərbər, həm də rəssam

ABŞ-da tanınmış gözəllik salonlarının birində çalışan Rob Ferrel nəinki etdiyi maraqlı saç düzümləri, həmçinin gözəl rəssamlıq qabiliyyəti ilə də seçilir. Gənc usta müştərilərin istədiyi hər hansı bir məşhurun portretini  onların başlarında yaradır. Mürrəkəb portretləri tamamlamaq üçün o müxtəlif göz qələmlərindən də istifadə edir.

Müştərilər nəhəng daraq və qayçı ilə necə ram edilir?

Yenə də çinli saç ustaları haqqında məlumat vermək istəyirik. Changsha adlı bir qəsəbədə yaşayan iki bərbər əsl şou göstərirlər.Onların istifadə etdikləri nəhəng alətlər bütün inanların marağına səbəb olub. Əslində, təzəliklə bu işə başlayan ustaların nəhənq qayçı və daraqlarını görən müştərilər hətta onlardan qorxaraq xidmətlərindən imtina edirdilər. Lakin cəsarətini toplayaraq,  onlara müraciət edən bir xanımdan sonra məşhurlaşan iki bərbərin artıq kifayət qədər müştərisi var.

Samirə Tağıyeva, “İki sahil”