KÖŞƏ

Vəli İlyasov

Ana dilimizə öz “qanunlarını” kimlər gətirir?

06 yanvar 2021 18:47
1724

Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri vəzifəsinə təyin edərkən nazirliyin qarşısında bir neçə mühüm məsələnin durduğunu, o cümlədən də ana dilimizin inkişafının, onun saflığının, yad təsirlərdən qorunmasının və daha da zənginləşdirilməsinin vacibliyini bildirdi.

Dövlətimizin başçısı Azərbaycan dilinin dünya xalqlarının  dilləri arasında xüsusi yer tutduğunu, bizi millət və xalq kimi, qədim mədəniyyətimizi əsrlər boyu yaşatdığını, müxtəlif dövlətlərin tərkibində olduğu müddətlərdə də assimilyasiyaya uğramadığını, milli mənsubiyyətimizi  təsdiq etdiyini vurğuladı. Dövlətimizin rəhbəri bildirdi ki, biz haqlı olaraq dilimizlə fəxr edə bilərik. Videoformatdakı çıxışında Prezident haqlı olaraq son illərdə mətbuatda və televiziyada Azərbaycan dilinin saflığının pozulmasını, düzgün işlədilməməsini, təhrif olunmasını, onun leksikonuna yad kəlmələrin gətirilməsini tənqid edərək belə neqativ halların qarşısının alınmasını tələb etdi. Əlbəttə, çox vacib tələbdir, çünki ana dilimiz bizim ünsiyyət vasitəmizdir,  milli kimliyimizin pasportudur, desək, yəqin mübaliğə olmaz.

Təəssüf ki, dilimizin normalarının pozulduğunu, bir çoxlarının sözlərimizi öz bildiyi səhv tərzdə və çalarda işlətməsini hər gün görə, oxuya və eşidə bilərik. Bu hal xüsusilə sosial şəbəkələrdə, saytlarda, radio və televiziya kanallarında, bir çox qəzetlərdə özünü büruzə verir. Azərbaycan dilinin daha çox və düzgün işlədilməsi tələb olunan bu məkanlarda isə təəssüf ki, belə mühüm vəzifənin tələblərinə əməl olunmur. Həm gülməli, həm də acınacaqlıdır ki, bəziləri utanıb çəkinmədən dilimizə öz “qanunlarını” gətirir və haqlı etirazları belə qəbul etmirlər. Bu baxımdan reklam şirkətlərində və özəl sektorda biabırçılıqlar baş alıb gedir. Paytaxtımızın mərkəzi küçələrindəki ticarət obyektləri və özəl müəssisələrin üzərindəki ad göstəricilərini başa düşmək çətindir, çünki hərəsi bir dildədir və yabançı əlifba ilə yazılıb.

Narahatlığı artıran məqamlardan biri də odur ki,  bu gün dilimizin zənginliyi dinlədiyimiz və tamaşa etdiyimiz  radio və televiziya kanallarında da az görünür. Danışıq dili qəliz, kasıb və bəsitdir. Halbuki əvvəllər bu kanallar bir etalon rolunu oynayırdı. İndi alayarımçıq təşkil olunan saysız-hesabsız səviyyəsiz verilişlərdə xüsusilə aparıcılar dilimizin qayda-qanunlarını kobud surətdə pozur, onu təhrif edib eybəcər hala  salır, bununla da mədəniyyətimizə, sonda isə cəmiyyətə zərbə vurmuş olurlar. Onlar nəinki “sözün su kimi lətafətindən” istifadə etmir, əksinə bulaq suyu kimi büllur dilimizi bulandırıb korlayırlar. İş o yerə çatıb ki, dövlətimizin başçısı işə qarışaraq bu sahədə  baş alıb gedən qüsurların və pozuntuların qarşısının alınması üçün bir neçə il əvvəl xüsusi Fərman imzalamalı olub.

Ancaq bu sahədə müəyyən tədbirlər görülsə də,  pozuntular yenə davam etməkdədir. Bəzən telekanallarda kobud dil və ya nitq qüsuru olan aparıcılara da rast gəlirik. Qəribədir ki, sözü hətta düzgün tələffüz edə bilməyənlər veriliş aparır. Ondan da qəribəsi odur ki, belələrini bu cür məsuliyyətli işə qəbul edənlər onların yararlı olub-olmadığının fərqinə varmırlar, öz verilişlərinin keyfiyyətindən xəbərləri olmur.

Şair Məmməd Aslan şeirlərindən birində sözü qiymətdən salanlar barədə ürək ağrısı ilə yazmışdı:

Ana dilim qızıl dolu xəzinə,

Mirvaridən nal doğrama, heyifdi!

Bəziləri də xarici sözləri yersiz işlədərək guya  intellektinin yüksək olduğunu nümayiş etdirir. Xarici dillərdən tərcümə edilən bəzi  reklamların mahiyyəti düzgün ifadə edilmir. “Aclıq güc gələndə sən o sən deyilsən” və ya “Acmısan? Dayanma, snikerslə” kimi mücərrəd ifadələr dinləyicidə və ya tamaşaçıda ikrah hissi  doğurur. Açıq görünür ki, o reklam çarxı xarici ölkələrdə çəkilib və bizə də yad təsir bağışlayır. Yüzlərlə belə misal gətirə bilərik. Dialekt sözlərin yeri gəldi-gəlmədi işlədilməsi artıq adi hal alıb. Hər kəs öz dialektini çəkib ekranları, efirləri, saytları, qəzetləri onunla doldursa, onda nə baş verər? Axı, təzəcə dil açan uşaqlar, Azərbaycan dilini öyrənmək istəyən xaricilər belə mənbələrdən nə öyrənə bilərlər? Suallar çoxdur və bunlara düzgün cavablar tapılmalıdır.

Dilimiz ulu babalarımızın bizə qoyub getdikləri əvəzolunmaz mirasdır. Biz ana dilimizin saflığının qeydinə qalmalı, onu gələcək nəsillərə təmiz çatdırmalıyıq. Tarixdən bilirik ki, tərkibində olduğumuz imperiyalar əlifbamızı beş dəfə dəyişməklə dilimizi və milli mənliyimizi məhv etməyə çalışıblar. Ancaq zəngin potensialımız buna imkan verməyib. Ona görə də çətin yollar keçən dilimizi, mədəniyyətimizi hifz etmək bizim hər birimizin ən müqəddəs borcudur.

Bu il 880 illiyi qeyd olunacaq  dahi şairimiz Nizami Gəncəvi ana dilimizə necə ehtiram göstəribsə, biz də gərək o cür hörmət göstərək. Bu, həm də öz milli kimliyimizə və qədim mədəniyyətimizə hörmət olar. Nəhayət, dövlət başçımızın tələb etdiyi kimi, Azərbaycan Milli Elmlər Akademiyası, respublika Təhsil Nazirliyi, aidiyyəti dilçilik institutlarımız, dilçi alimlərimiz, tanınmış ziyalılarımız hərəkətə keçməli, bu sahədə əyintilərə qarşı çıxmalı, ardıcıl, məqsədyönlü iş aparmalı, ana dilimizin qorunmasına və inkişafına öz töhfələrini verməlidirlər.