Yaxud antimilli şura xain, satqın missiyasını yenə də davam etdirir
Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici anti-Azərbaycan qüvvələrin öz çirkin məqsədlərini həyata keçirmək üçün daxili bədxahlarımızdan bir vasitə kimi bəhrələnmələri məlum olaylardandır.
Azərbaycan xalqı dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, qüdrəti sayəsində 30 ilin nisgilinə son qoydu, ərazi bütövlüyümüz bərpa edildi, döyüş meydanında Qələbəmiz siyasi müstəvidə Qələbəni təmin etdi, 44 günlük müharibə 10 noyabr üçtərəfli Bəyanatının imzalanması ilə başa çatdı. Bu gün Ə.Kərimli-C.Həsənli cütlüyünün tariximizə yazılan Zəfər Günümüzün sevincinə kölgə salmaq üçün etdiyi cəhdlər ikrah doğurmaya bilməz. Onların bugünkü narahatlığı başadüşüləndir. Daim ermənilər dəstək missiyasını yerinə yetirən, onlar üçün acı göz yaşları axıdan, ordusu barədə güclü imic yaratmağa çalışan bu ünsürlər təbii ki, Azərbaycanın Zəfərini həzm edə bilməzlər.
Əli Kərimli-C.Həsənli cütlüyü hər zaman müsahibələrində ermənlərə və ermənipərəst dairələrə xoş gəlmək üçün Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın dəyişməz mövqeyini arxa plana keçirərək, onları razı salan ifadələrə üstünlük veriblər. Bu məqam da diqqətdən kənarda qalmayıb ki, ümummilli məsələlərin həllində əhəmiyyətli rol oynayan hakimiyyət-müxalifət dialoqundan yayınmalar, erməni diasporunun dəstəyi əsasında fəaliyyət göstərən Qərb qurumlarından sifariş gözləmələr onların fəaliyyətinin əsas istiqamətini təşkil edir. Düşmən dəyirmanına su tökənlər hər zaman Azərbaycanı zəif, Ermənistanı isə güclü dövlət kimi təqdim ediblər. Belə mövqe tutanların özlərini Azərbaycan vətəndaşı kimi təqdim edib vətəndaşlıq təəssübkeşliyindən çıxış etmələri nə dərəcədə real görünə bilər?
Daim vurğulandığı kimi, ümummilli məsələlərdə iqtidar-müxalifət münasibətləri bir kənara qoyulub ümumi mövqe ortaya qoyulmalıdır. Amma arxada qalan illərə diqqət yetirdikcə dağıdıcı düşərgənin təmsilçilərinin, xüsusilə Əli Kərimlinin bu kimi məqamlarda bir bəhanə ilə kənara çəkilməsi diqqətdən kənarda qalmayıb. Amma bir az çətinə düşən kimi, yaxud ictimai fikirdə “biz də varıq” demək naminə dərhal hakimiyyəti Dağlıq Qarabağ probleminin həlli prosesinin uzanmasında ittiham etməyə, özlərini xalqa yaxın, ən əsası vətənpərvər göstərməyə çalışıblar. Bugünkü narahatlıqlarının əsas səbəblərindən biri də məhz artıq «Dağlıq Qarabağ münaqişəsi» ifadəsinin tarixdə qalmasıdır. Bu ünsürlərin bugünədək ictimai fikri çaşdırmaq, onlarda mənfi rəy yaratmaq üçün istifadə etdikləri Dağlıq Qarabağ münaqişəsinin səbəbkarları elə özləridir. Bir illik hakimiyyətləri dövründə ölkədə xaosun, anarxiyanın baş alıb getməsi, ordunun torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalı üçün Ermənistana geniş imkanlar açmışdır. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında, xalqa müraciətlərində bu məqamı xüsusi diqqətə çatdırır.
Azərbaycanın bugünkü Qələbəsi bu dairələri daha çox sevindirməlidir. Dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımız işğaldan azad edildi, dağıdıcı ünsürlərin üzərində illərdir qara ləkə kimi qalan bu məsələ öz müsbət həllini tapdı. Əli kərimlilər, cəmil həsənlilər ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdar olmalıdırlar. Bu ünsürlər 44 günlük müharibə dövründə də özlərinin əsl simalarını ortaya qoydular. 50-dən artıq siyasi partiya dövlətimizin başçısının ətrafında sıx birləşdiklərini, Zəfərimizlə qürur duyduqlarını atılan addımları, həyata keçirilən siyasəti dəstəklədiklərini bildirdilər. Vətən müharibəsinin getdiyi dövrdə də partiyalar arasında dialoq yüksək səviyyədə həyata keçirildi, günümüzün aktual məsələləri müzakirə olundu. Siyasi dialoqdan yayınan yenə də əli kərimlilər oldu.
Əli kərimlilərin düşmən dəyirmanına su tökdüyünü təsdiqləyən xeyli sayda faktları ortaya qoymaq olar. Hər zaman vurğulandığı kimi, insanın xarakteri, keyfiyyətləri zaman-zaman deyil, elə dünyaya gəldiyi andan formalaşır. Demək “sapı özümüzdən olan baltalar”ın erməni sevgisi də dünənin, bu günün işi deyil. Vətəndaşlıq təəssübkeşliyi olan şəxs hadisələrin təhrifindən vicdan əzabı çəkər, təkcə Xocalı soyqırımını xatırlamaqla şəxsi ambisiyalarının quluna çevrilmələrindən, Vətənə xəyanət əməllərindən utanc hissi keçirərlər. Lakin hadisələrin cərəyan etməsindən görünür ki, belə keyfiyyətlər mənliyini itirmiş, ermənilərin, erməni diasporunun əlində bir vasitəyə çevrilmiş düşmən dəyirmanına su tökənlər üçün yaddır. 200 illik tarixi öyrənməyə ehtiyac yoxdur. Ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini bəyan edən rəsmi Bakı bir qarış torpağımızın belə düşmənə verilməyəcəyini bildirdi. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, ola da bilməz. Bu ünsürlər illərdir bu mövqeyimizi beynəlxalq səviyyədə dəstəkləmək əvəzinə erməniləri müdafiə etmək, ordumuzun gücünə şübhələr yaratmaq yolunu tutdular. Bu da başadüşüləndir. Əkrəm Naibovun «Daş yuxuları»na, Rüstəm İbrahimbəyovun «Qafqaz üçlüyü»nə haqq qazandıran və bu dəstəklərinə görə yaratdıqları birliklə utanmadan qürur hissi keçirən belələrindən dövlətin, xalqın maraqlarına uyğun addım gözləmək sadəlövhlük olar.
Dövlətimizin başçısı İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunan videoformatda keçirilən müşavirədə də bu məsələyə xüsusi diqqət yönəldərək bildirmişdir ki, antimilli şura öz xain, satqın missiyasını müharibə dövründə də icra edib, düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya aparıb. Ordumuzu ləkələmək istiqamətində növbəti təxribat xarakterli addımlar atıb: “Onlardan başqa nə gözləmək olar? Bu antimilli şuranın liderləri vaxtilə Paşinyanı bizə nümunə kimi göstərirdilər, deyirdilər ki, baxın, Paşinyan demokratdır, Paşinyan novatordur, Paşinyan təmiz adamdır. Bu, onların sözləridir. İndi soruşun erməni xalqından, onlar bu novator demokrat haqqında nə fikirləşirlər? Onları birləşdirən, əlbəttə ki, hər iki, necə deyərlər, nümayəndənin vaxtında torpaqların əldən getməsidir. Azərbaycan Xalq Cəbhəsi və bu gün onun antimilli şurada cəmləşən qalıqları faktiki olaraq Birinci Qarabağ müharibəsi dövründə fərarilik etmişlər. Biz bu tarixi unutmamışıq, gənc nəsil də bilməlidir.”
Ölkə Prezidenti bu qara səhifənin dərsliklərə salınmasının vacibliyini bildirir. Gənc nəsil Şuşanı, Laçını, Xocalını, Kəlbəcəri satanları, fərarilik edənləri, torpaqlarımızın itirilməsinə imkan yaradanları tanımalıdır: « Xalq Cəbhəsi-Müsavat hakimiyyəti qaçdı gizləndi, təslim oldu, biabır oldu. Ondan sonra otuz il ərzində elə bil ki, bunlar deyil bu torpaqları satanlar. Elə bil ki, bunlar deyil döyüş meydanından qaçanlar, bunlar deyil müharibə dövründə Gəncəni bombalayanlar, Azərbaycan əsgərini əsir götürənlər. Bunlardır. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır.»
Azərbaycan bu gün həyatının yeni dövrünü yaşayır. İşğaldan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa layihələri icra edilir. Tezliklə soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar. Zəfərimizlə, 30 ilin torpaq həsrətinə son qoyulması ilə, ən əsası milli qürurumuzun özümüzə qayıtması ilə qürur duymaq, xoşbəxt olmaq lazımdır. Qələbəmizi həzm etməyə əli kərimlilərin, cəmil həsənlilərin ermənilərdən heç bir fərqi yoxdur.
Yeganə Cəliliqızı, «İki sahil»