Ölkəmizdə elm, texnologiya, İKT, o cümlədən kosmik sənayenin inkişafı istiqamətində son illərdə çox mühüm işlər görülüb. Kosmik proqramların hazırlanması və reallaşdırılması müstəqillik tariximizin ən böyük uğurlarından biri kimi tarixə düşüb. Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı ölkələrdən biri olduğunu təsdiqləyıb. 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi, ölkəmizin İKT sahəsində əldə etdiyi uğurların dünya ictimaiyyətinə təqdimatı olacaq. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, gənc müstəqil ölkə üçün qısa müddət ərzində belə nailiyyətlərin əldə edilməsi böyük hadisədir.
Bu tədbir xalqımızın yüksək intellektual sərvətinin, texniki potensialının bütün dünyaya nümayiş etdirilməsi baxımından da zəruridir. Kosmik proqramların hazırlanması və reallaşdırılması müstəqillik tariximizin ən böyük uğurlarından biri kimi mühüm əhəmiyyət daşıyır. Ölkəmizin orbitdə 3 peyklə təmsil olunması Azərbaycanı dünya kosmik klubunun fəal üzvünə çevirib. Bununla da Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı ölkələrdən biri olduğunu təsdiqləyıb. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqini əsas prioritet kimi qarşıya qoyan Prezident İlham Əliyevin imzaladığı «Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması», «Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında» sərəncamlar, «Azərkosmos» Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi, Yerüstü Peyk- İdarəetmə Mərkəzinin yaradılması ölkədə kosmik sənayenin inkişafını sürətləndirdi. «Azərkosmos» Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi ilə azsaylı kosmik ailənin üzvlərindən olan ölkəmizdə «fəza elmi»nə diqqət artırıldı. Azərbaycanı orbitdə təmsil edən, Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələrini əhatə edən «Azerspase-1», informasiya müstəqilliyini və təhlükəsizliyini təmin edən telekommunikasiya peyki, «Azersky» müşahidə peyki, «Azerspase-2» kosmik sənayemizi inkişaf etdirməklə yanaşı, kommersiya xarakterli, ölkəmizə sərmayə qazandıran önəmli layihədir. «XXI əsr texnoloji mübarizə əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır» söyləyən cənab İlham Əliyevin vurğuladığı kimi, astronavtika sahəsində əldə edilmiş uğurlar böyük biznesin dəstəyi ilə baş verir. Son 17 ildə ümumi daxili məhsulumuz üç dəfə artıb, yoxsulluq səviyyəsi demək olar ki, 50 faizdən 5 faizə düşüb. İqtisadi inkişafımızı göstərən bu statistik rəqəmlərdən də bəlli olur ki, qitələr, sivilizasiyalararası körpü olan Azərbaycan kosmik sənayenin inkişafında da önəmli addımlar atır. Beynəlxalq astronavtika aləminin inanılmış üzvü kimi ölkəmizə etimad göstərilir. Ölkəmizin qüdrətli dövlətlər arasında bu şansı qazanması Azərbaycanı zirvələrə yüksəldən, respublikamızın kosmosda təmsilçiliyi üçün siyasi iradə göstərən dövlətimizin başçısı İlham Əliyevin təkmil, dövrün, zamanın tələblərinə uyğun olaraq gerçəkləşdirdiyi siyasətin nəticəsidir.
«Bu gün dünyanın inkişafı müasir texnologiyaların inkişafından asılıdır. O ölkələr ki, bu texnologiyaları icad edir, yaxud da ki, onları tətbiq edir, o ölkələr daim uğur qazanacaqlar. XXI əsr texnoloji mübarizə əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır» söyləyən Prezident İlham Əliyev Azərbaycanın iqtisadi qüdrətinin güclənməsində xidmətləri olan informasiya texnologiyalarının inkişafına xüsusi diqqətlə yanaşır. Qitələrarası əməkdaşlığı möhkəmləndirən, coğrafiyası genişlənən qlobal enerji, nəqliyyat layihələrinin reallaşmasında təşəbbüskar kimi rolu artan Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində də liderliyini qoruması XXI əsrin çağırışlarına cavabdır. Müasir dövrümüzdə ən güclü silahlardan da təhlükəli olan informasiya mübarizəsində həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da İKT-nin rolu əvəzsizdir.
Dövlətimizin başçısı İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən Azərbaycanın son illərdə yeni texnologiyaların inkişafı sahəsində qazandığı uğurlardan geniş bəhs edərək 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı Qələbədə texnoloji üstünlüyümüzün rolunu xüsusi qeyd etmişdir: «Vətən müharibəsi dövründə düşmənin hərəkətlərini onlayn formatda izləmək və onların təxribatlarının qarşısını almaq əlbəttə ki, bizə əlavə üstünlük yaratdı. Təsadüfi deyil ki, Vətən müharibəsi, Azərbaycanın apardığı əməliyyatlar dünyada hərbi ekspertlər tərəfindən XXI əsrin müharibəsi adlandırıldı. Çünki bu, texnoloji inkişaf baxımından bir yenilik idi.»
Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, müharibədən sonra hazırda bərpa işləri ilə bağlı planlarımızın həyata keçirilməsi üçün də peyklərin çox böyük əhəmiyyəti var. Belə ki, kənd təsərrüfatının, meşə fondunun, su resurslarının, ekoloji vəziyyətin gələcək inkişafı ilə bağlı peykdən ötürülən məlumatlar xüsusi əhəmiyyətə malikdir: «Biz burada heç bir ölkədən asılı deyilik. Eyni zamanda, gələcəkdə bərpa işlərini düzgün təşkil etmək üçün bu imkanlar əlbəttə ki, bizə böyük üstünlük yaradır. Bir sözlə, Azərbaycanda həm nəqliyyat, həm texnologiyalar, həm də rabitə sahələrində görülmüş işlərə birmənalı şəkildə müsbət qiymət vermək olar. Bugünümüzün əsas çağırışlarından biri kadr hazırlığının təşkilidir. İstedadlı insanların fəaliyyəti daha düzgün təşkil edilməlidir ki, Azərbaycan texnologiyaların istehsalçısı kimi də öz rolunu oynasın və öz sözünü desin.
O da məlumdur ki, Azərbaycan brendi kimi dünyaya səs salan «ASAN xidmət», DOST mərkəzlərində çalışanların böyük əksəriyyəti gənclərdir. Onlar burada böyük təcrübə toplayaraq digər sahələrdə çalışmaq imkanı əldə edirlər. Cənab İlham Əliyev daim bildirir ki, ölkənin iqtisadi tərəqqisi kadr hazırlığı ilə uzlaşmalıdır. «ASAN xidmət» mərkəzlərinin açılışında bu fikirləri xüsusi vurğulayır ki, gənclər burada çox gözəl məktəb keçərək həyatda layiqli yer tutacaqlar ki, gələcəkdə ölkəmizin inkişafı üçün səylərini əsirgəməsinlər: «Buna nail olmaq üçün ilk növbədə, bilikli, savadlı və vətənpərvər olmalısınız. Hesab edirəm ki, bu üç əsas amil gələcəkdə də Azərbaycanı bütün bəlalardan qoruyacaq, necə ki, bu gün qoruyur.»
Yeganə Əliyeva, «İki sahil»