“Bu məsələlər gündəmdə çoxdur, sayğaclar artıq qeydə alır. Sayğaclar düzgün işləmir və s. ilaxır. Bu məsələləri gündəmə gətirən çoxdur. Ona görə də biz istəyirik ki, bu məsələdə hər kəsi, hətta hörmətli Milli Məclisin deputatı də bu məsələyə toxunub, onu da “Azəriqaz” İstehsalat Birliyinin (İB) rəhbərliyi adından dəvət edirik, gəlib “açıq qapı” günündə iştirak etsin. Bütün proseslərlə yaxından tanış olsun. Hiss edirik ki, mətbuatda bəzən bəzi məsələlərlə, o cümlədən sayğaclarla bağlı məlumat kasadlığı var. Bununla bağlı məlumat mənbəyi var, bu da “Azəriqaz” İB-nin Metrologiya departamentindəki “açıq qapı” günüdür. Hörmətli deputatımız da gəlib ətraflı məlumat ala bilər”.
Bu fikirləri “İki sahil”ə “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Milli Məclisin deputatı Eldar Quliyevin qaz sayğacları ilə bağlı iddiasına münasibət bildirərkən deyib.
C. Səfərov vurğulayıb ki, təmsil etdiyi qurum sayğaclarla bağlı şəffaflığı təmin etmək üçün bütün ictimaiyyəti, media qurumlarını, ekspertləri, mütəxəssisləri, hətta abonentləri də açıq qapı günlərinə dəvət edib: “Bu “açıq qapı” günləri hər həftənin ikinci və dördüncü günləri saat 14-dən 17-dək “Azəriqaz” İB-nin Metrologiya departamentində təşkil olunur. Hər bir istənilən şəxs sayğacların yoxlanılma prosesində iştirak edə bilər, sayğacların iş mexanizmi barədə məlumat ala bilər. Orada ixtisaslı, peşəkar mütəxəssislər var. Müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya şəraitində sayğacların yoxlanışı təmin olunur. Xüsusilə də bu işin həyat keçirilməsi Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri, eyni zamanda, Azərbaycan Metrologiya İnstitutunun nümayəndələri daim orada təmsil olunurlar, bütün proseslərdə iştirak edirlər”.
Şöbə rəisi qeyd edib ki, bəzi abonentlərin “sayğacım sərfiyyatı çox qeydə alır” kimi iddiaları var idi: “Biz onları da dəvət etdik. Həmin sayğaclar onların iştirakı ilə açılaraq gətirilib yoxlamaya təqdim olundu, protokolda qeyd olundu ki, bu sayğaclar sərfiyyatı artıq qeydə almır və belə bir qüsur aşkarlanmadı. Hətta abonentlərin özləri də buna imza atıblar”.
“Azəriqaz”ın nümayəndəsi xatırladıb ki, fevral ayının birindən dövlət yoxlanışı müddəti başa çatmış sayğac açılaraq yerinə yenisi quraşdırılanda seçim abonentin özünə verilib: “Yəni sən dəyişdiriləcək sayğacın yerinə hansı sayğacı istəyirsən? İstərsən mexaniki-elektron sayğac, istərsə də əvvəlcədən ödənişli smart-kart tipli sayğac quraşdırılır”.
C. Səfərov deyib ki, dövlət yoxlanışı mövcud qaydalarla 5 ildən bir abonent qrupunda həyata keçirilir. Sayğac açılaraq yoxlamaya götürülür və yerinə yenisi quraşdırılır. Bu dövlət yoxlanışının qaydaları da “Azəriqaz” tərəfindən deyil, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul olunub.
Ceyhun Piriyev, “İki sahil”