11 fevral 2021 18:17
1155

“Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində növbəti görüşlər

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının üzvləri “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində növbəti görüşlər keçirib. Təşkilat Səbail rayonunun Vətən müharibəsindəki 14 şəhidinin ailə üzvlərini daim xüsusi diqqət mərkəzində saxlayır, onları evlərində ziyarət edir, yüksək ehtiramlarını və qayğılarını ifadə edirlər.

YAP Səbail rayon təşkilatının nümayəndələri şəhidlər Şükürlü Nicat Ayaz oğlu, Teymurov Vüsal Zakir oğlu və Budaqov Yusif Ramiq oğlunun ailə üzvlərini evlərində ziyarət ediblər. Vətən müharibəsində Azərbaycan xalqına şanlı zəfər bəxş edən qəhrəman Vətən oğullarının əziz xatirəsi bir daha yad olunub.

Şəhid valideynləri ilə söhbət zamanı canlarını Vətən uğrunda fəda edən şəhidlərimizin həyat və döyüş yoluna bir daha nəzər salınıb, onların əziz xatirələrinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulacağı vurğulanıb, dövlət tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışılıb. Qeyd olunub ki, Azərbaycanın igid əsgər və zabitləri Vətən müharibəsində elə bir şanlı tarix yazdılar ki, bu qəhrəmanlıq dastanı Azərbaycan var olduqca yaşayacaq, gələcək nəsillər tərəfindən öyrəniləcək və şəhidlərimizin əbədiyaşar xatirələri daim yad olunacaqdır.

Şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

Eyni zamanda, şəhid ailələrinin gündəlik qayğıları dinlənilib, onlara ərzaq sovqatı və maddi yardım göstərilib.

Şəhid çavuş Şükürlü Nicat Ayaz oğlu 1991-ci il oktyabrın 23-də Bakı şəhərində anadan olub. Hadrut uğrunda gedən döyüşlərdə böyük igidlik nümayiş etdirən və döyüş meydanından bir neçə yaralı əsgər yoldaşını çıxaran Nicat oktyabrın 11-də qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhid Teymurov Vüsal Zakir oğlu 1991-ci il martın 4-də Bakı şəhərində anadan olub. Şuşa uğrunda döyüşlərdə sona qədər iştirak edərək noyabrın 8-də qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhid Budaqov Yusif Ramiq oğlu 1997-ci il oktyabrın 11-də Bakı şəhərində anadan olub. O, oktyabrın 21-də Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah Vətən torpaqlarının azadlığı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin!

Cavid Əkbərov, “İki sahil”