18 dekabr 2025 22:10
141

Məhkəmə Vardanyanın “VoMa” terror təşkilatının maliyyələşdirilməsini öz üzərinə götürdüyünü müəyyən edib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-də davam etdirilib.

“İki sahil” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Məhkəmə iclasının əvvəlində təqsirləndirilən şəxs Ruben Vardanyan müdafiəçisi ilə məhkəmə zalında danışmaq istədiyini deyib.

Sədrlik edən onun vəsatətini təmin edib. Təqsirləndirilən şəxs müdafiəçisi Emil Babışov ilə danışdıqdan sonra ittiham tərəfi çıxış edib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev çıxışında xatırladıb ki, Vardanyan Ruben Karlenoviçin təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Bir ilə yaxın müddət ərzində çoxsaylı məhkəmə iclasları keçirilib, sənədlər və sübutlar tədqiq edilib, zərərçəkmiş şəxslər və şahidlər dindirilib. İttiham tərəfi hesab edir ki, hazırkı proses üzrə təqsirləndirilən şəxsin törədilmiş çoxsaylı cinayət əməlləri üzrə təqsiri təqdim edilmiş sübutlar əsasında öz təsdiqini tapıb.

İttiham tərəfi bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan Respublikasının suveren ərazilərində formalaşdırdığı cinayətkar birliyə R.Vardanyanın qoşulana qədər və həmin mərhələdən sonrakı müddətlərdə törədilmiş cinayətlərdən bəhs ediləcək. V.Əliyev deyib: “Bütün bunlar ona görə vacibdir ki, Ruben Vardanyan qeyd edilən cinayətkar birliyə qoşularkən əməlinin ictimai təhlükəliliyini başa düşür, bu cinayətkar təşkilat tərəfindən Azərbaycan dövlətinə və xalqına qarşı hansı cinayətlərin törədildiyini bilir, həmin cinayətlərin törədilməsinə növbəti mərhələlərdə davam edirdi”.

Vurğulanıb ki, Ermənistan dövləti və onun formalaşdırdığı cinayətkar birlik tərəfindən 1988-1994-cü illər ərzində Azərbaycan Respublikasının Xankəndi şəhəri, Kəlbəcər, Şuşa, Laçın, Xocalı, Xocavənd, Zəngilan, Cəbrayıl, Qubadlı rayonları, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi, Qazax rayonunun Bağanis-Ayrım, Aşağı Əskipara, Xeyrimli, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara kəndləri, Ağdam, Füzuli rayonlarının rayon mərkəzləri və bir sıra kəndləri, Tərtər rayonunun bir sıra kəndləri işğal edilib. Həmin ərazilər dağıdılmaqla, yandırılmaqla, talan edilməklə və digər üsullarla xüsusi mülkiyyətə ziyan vurulub, insanlar evlərindən didərgin salınıb.

Prokuror çıxışının davamında R.Vardanyanın Xankəndi şəhərində yerləşmiş ofisinə baxış keçirilməsi barədə 26.10.2023-cü il tarixli baxış protokolu, əməliyyat məlumatları və digər sənədlərə istinad edərək bildirib: “Həmin sənədlərlə təsdiq edilib ki, təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayının əvvəllərində cinayətkar birliyə qoşulub”.

Dövlət ittihamını müdafiə edən prokuror çıxışında R.Vardanyanın Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak etmiş “VoMa” adlı terror təşkilatının yaradıcısı Vartanov Vladimir (Vova) Levanoviçlə (Levani) əlaqələrindən, “WhatsApp” mobil tətbiqi vasitəsilə danışıqlarından də bəhs edib. Qeyd edilib ki, “VoMa” 2013-cü il yanvarın 11-də təsis edilib, Ermənistan Respublikasında, eləcə də Azərbaycan Respublikasının vaxtilə işğal altında olmuş ərazilərində cinayətkar birliyin (təşkilatın) struktur bölməsi kimi mütəşəkkil dəstə şəklində fəaliyyət göstərib.

Keçirilmiş əməliyyat tədbirləri zamanı V.Vartanovun mütəmadi əlaqə saxladığı R.Vardanyanla “VoMa” terror təşkilatında döyüşçülərin və təlimatçıların hazırlanması, təlimlərin təşkili və bununla da Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan Silahlı Qüvvələrinə qarşı terror aktlarını törətmələri və döyüşlərdə iştirak etmələrinə dair müzakirələr apardıqları, eləcə də bu terrorçu təşkilatın və onların üzvlərinin maliyyələşdirilməsini R.Vardanyanın öz üzərinə götürdüyü müəyyən edilib.

Prokuror bildirib ki, R.Vardanyana elan edilmiş növbəti ittiham Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməsi ilə bağlıdır. İttihama əsasən o, cinayətkar birliyin ümumi cinayətkar niyyət və məqsədlərinə uyğun olaraq 2022-ci ilin sentyabr ayında cinayətkar birliyin (təşkilatın) tərkibinə daxil olan mütəşəkkil dəstə halında, xarici ölkə vətəndaşı olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlətin nəzarət-buraxılış məntəqələrindən kənar, Ermənistan Respublikasının ərazisindən Laçın rayonu istiqamətində qanunsuz keçərək Azərbaycan ərazisinə daxil olub, Azərbaycanda məskunlaşıb. İttiham tərəfi hesab edir ki, həmin əməlin törədilməsi də məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapıb. Belə ki, Ruben Vardanyan saxlanılarkən üzərində olmuş əşyalara 27 sentyabr 2023-cü il tarixdə baxış keçirilməsi haqqında protokoldan görünür ki, onun 1 ədəd qara rəngli çantasında digər əşya və sənədlərlə yanaşı, təqsirləndirilən şəxsə məxsus Ermənistan Respublikasının “AU319012” nömrəli xarici pasportu və ona məxsus sürücülük vəsiqəsi aşkar edilib və baxış keçirilib.

Bundan əlavə, davam edən baxış zamanı R.Vardanyanın 2022-ci ilin sentyabr ayının əvvəllərində qanunsuz olaraq Azərbaycan Respublikasının Qarabağ bölgəsinə gəldikdən sonra bir neçə dəfə ölkə ərazisini tərk edərək müxtəlif ölkələrə getdiyi və sonradan yenidən qanunsuz olaraq Azərbaycan Respublikası ərazisinə qayıtdığı müəyyən edilib. Həmin sənəddə onun Azərbaycan Respublikasına qanuni daxil olmasını təsdiq edən hər hansı qeyd, möhür və sair müəyyən edilməyib.

Həmçinin R.Vardanyan Xankəndiyə gəldikdən sonra onun maliyyələşdirməsi nəticəsində Vətən müharibəsində Azərbaycan Respublikasının Ermənistanın işğalından azad etdiyi suveren ərazilərinin hüdudlarında minalanma işləri aparılmağa başlanıb. Həmin minalar Laçın yolu vasitəsilə Ermənistandan Azərbaycanın vaxtilə işğal altında olan ərazilərinə gətirilib. Xankəndidə yaşayan ermənilər minalanma işlərinin R.Vardanyan gələndən sonra geniş vüsət aldığını bildiriblər.

Bundan başqa, R.Vardanyanın maliyyələşdirməsi nəticəsində Xankəndi ətrafında hərbi anbarlar təşkil edilib. Həmin anbarlarda onun muzdla saxladığı Ermənistandan gələn hərbçilər, Qarabağdan seçdiyi hərbçilər fəaliyyət göstərib. Anbarlara R.Vardanyan tərəfindən gətirilmiş xeyli sayda silah və döyüş sursatları, habelə pilotsuz kvadrakopterlər və digər pilotsuz uçuş aparatları yerləşdirilib.

Qeyd edilib ki, R.Vardanyana elan edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmış növbəti ittiham “Nemezis-2” terror əməliyyatının başlanılması təşəbbüsünü irəli sürməsi ilə bağlı olub.

Bundan başqa, R.Vardanyanın cinayətkar birliyin (təşkilatın) ümumi cinayətkar niyyəti və məqsədlərinə uyğun olaraq Ermənistanın siyasi-hərbi rəhbərliyinin dəstəyi və nəzarəti altında Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində qanunsuz və beynəlxalq hüquq normalarına zidd fəaliyyət göstərən qeyd edilən cinayətkar birliyə (təşkilata) daxil olan silahlı birləşmələri hərbi texnika ilə təchiz etmək məqsədilə 2023-cü ilin sentyabr ayı ərzində yükqaldırma qabiliyyəti 180 kq, istifadə məsafəsi 70 km təşkil edən, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının istehsalı olan “Malloy” tipli pilotsuz uçuş aparatlarının (PUA) alınması istiqamətində fəaliyyət göstərdiyi də məlum olub.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev çıxışının davamında təqsirləndirilən şəxsə ittiham olunduğu hər bir cinayət əməlinə görə təyin edilməli cəzaya dair dövlət ittihamını müdafiə edən prokurorların təkliflərini səsləndirib.

V.Əliyev çıxış zamanı, həmçinin, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılmasını, irəli sürülmüş bəzi ittihamlarla müqayisədə təqsirləndirilən şəxsin əməllərinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini məhkəməyə təklif edib.

Təklif olunub ki, Vardanyan Ruben Karlenoviç Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə hücum etmə, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə cinayətlərinə görə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını həbsxanada çəksin.

Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 2023-cü il sentyabrın 27-dən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

Məhkəmənin növbəti iclası dekabrın 26-na təyin olunub.