Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatı Vətən müharibəsinin Şəhidləri Əliyev Fərid Pirəli oğlu, Əhədzadə İlkin Qələmşah oğlu və İsmayılov Orxan Zöhrab oğlunun ailə üzvləri ilə görüşüblər.
“İki sahil”in məlumatına görə, Şəhid ailələrinin üzvləri ilə söhbət zamanı qeyd olunub ki, qəhrəman Azərbaycan əsgər və zabitlərinin cəsarəti, mətanəti və milli ruhu xalqımıza Şanlı Qarabağ Zəfərini bəxş etdi: “Bu tarixi Qələbə və Vətən torpaqlarının azadlığı uğrunda canını fəda edən Şəhidlərimizin əziz xatirəsi əbədi olaraq yaşayacaq və daim uca tutulacaq. Hər bir azərbaycanlı, bütün xalqımız Vətən müharibəsinin Şəhidlərinə, onların ailə üzvlərinə, Vətən uğrunda sağlamlığını itirən qazilərimizə, əlində silah düşmənlə üz-üzə qəhrəmanlıq dastanı yazan müzəffər Ordumuzun qalib əsgərlərinə minnətdardır. Şəhid ailələri, qazilərimiz, müharibə veteranları hər zaman Yeni Azərbaycan Partiyasının, o cümlədən rayon təşkilatımızın xüsusi diqqət mərkəzindədir və partiyanın bütün strukturları “Şəhid ailələrinə qayğı” davamlı aksiyalarında yaxından iştirak edirlər və bundan sonra da edəcəklər”.
Görüşlər zamanı Şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, onlara ərzaq sovqatı və maddi yardım göstərilib.
Şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirdilər və övladlarının əziz xatirəsini uca tutan möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə, dövlətimizə və onun bütün strukturlarına təşəkkür ediblər.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!
Şəhid Mayor Əhədzadə İlkin Qələmşah oğlu 1985-ci ilin iyunun 26-da Bakı şəhərində anadan olub. Doğum günü Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranması gününə təsadüf edən Əhədzadə İlkinin kövrək ürəyi uşaqlıqdan Vətən sevgisi ilə alışıb yanırdı. Çox keçmədən, o, Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Liseyi başa vurduqdan dərhal sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə yönəlib. Əvəzsiz hərbi xidmətləri nəticəsində çoxsaylı Fəxri Fərmanlarla təltif olunub. Həyatında yüksək nailiyyətlər əldə edən mayor Əhədzadə yalnız şərəflə böyütdüyü üç övladı üçün deyil, bütövlükdə Azərbaycan xalqı üçün savaşaraq oktyabrın 1-də Daşkəsən-Kəlbəcər istiqamətində gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb. Şəhidimizin Vətənə əmanət üç övladı var. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhid Əliyev Fərid Pirəli oğlu 1994-cü il avqustun 14-də Bakı şəhərində anadan olub. Uşaqlıqdan idmanın müxtəlif növləri ilə məşğul olan Şəhid Əliyev Fərid Vətən müharibəsinin ilk günlərindən ön cəbhəyə könüllü yollanıb. Fərid Füzulinin, Cəbrayılın azad olunmasında iştirak edib və noyabrın 6-da Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Şəhidimizin Vətənə əmanət oğlu və Şəhid olduqdan sonra dünyaya gələn qızı var. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.
Şəhid İsmayılov Orxan Zöhrab oğlu 1990-cı il yanvarın 23-də Bakı şəhərində anadan olub. Ailəsinin və doğmalarının qüruru idi Orxan. Onun qəlbində hər zaman ən müqəddəs hisslərdən olan Vətənə məhəbbət hissi yaşayırdı. Şəhidlik kimi ən ali və şərəfli zirvəyə yüksələn Orxan bütün Azərbaycanın qürur yerinə, fəxrinə çevrilib. Oktyabrın 1-də Cəbrayılın işğaldan azad olunması uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına Şəhid olub. Şəhidimizin Vətənə əmanət iki övladı var. Ucarda dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.