20 fevral 2021 19:13
1417

YAP Ağdaş rayon təşkilatı Qarabağ Dirçəliş və YAŞAT fondlarına vəsait köçürüb

Ölkəmizdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yüksək dövlət qayğısı, eləcə də  işğaldan azad edilmiş ərazilərimizdə geniş quruculuq və bərpa işlərinin aparılması yeni mərhələyə qədəm qoyub.  Prezident cənab İlham Əliyev tərəfindən bu istiqamətlərdə imzalanan Fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu şəxslərə mərhəmətli qayğısı, onların azad olunmuş torpaqlarımıza etdikləri səfərlər çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, hər bir ölkə vətəndaşı tərəfindən təqdirəlayiq hal kimi yüksək qiymətləndirilir. 

Ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının (YAP) Ağdaş rayon təşkilatı Vətən müharibəsi dövründə daim dövlətimizin  yanında olub, milli həmrəylik nümayiş etdirib, Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda vuruşan hərbçilərimizə və onların ailələrinə diqqət və qayğı göstərilməsini başlıca istiqamətə çevirib, hər zaman müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüslərinə ilk qoşulan təşkilatlardan biri olub.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə  işğaldan azad edilmiş torpaqlarımızda dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə geniş quruculuq-bərpa və abadlıq işlərinin aparılması, təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış Qarabağ Dirçəliş Fonduna 2000 manat, eyni zamanda ölkə Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı   ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılmış YAŞAT Fonduna  1000 manat məbləğində vəsait köçürülüb. 

YAŞAT və Qarabağ Dirçəliş fondlarının fəaliyyəti ilə ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatı, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə geniş quruculuq və bərpa işlərinin aparılması geniş vüsət alacaq, bununla da xalqımızın, dövlət və özəl qurumların bu sahədə əlbir işi təmin olunacaq. Ölkə başçımızın da dəfələrlə qeyd etdiyi kimi “Biz birlikdə güclüyük!” 
Orxan Vahidoğlu, "İki sahil"