22 fevral 2021 18:46
643

Türkiyə-Azərbaycan Media Platforması türkçülüyün ideoloji mübarizə silahıdır

Dağlıq Qarabağ münaqişəsi başlanan gündən  diplomatiya,  informasiya, hərbi sahədə möhkəmlənən Türkiyə –Azərbaycan  əməkdaşlığı hər iki xalqın birlik və həmrəyliyini daha da möhkəmləndirdi. Vətən müharibəsinin davam etdiyi günlərdə  Türkiyənin «Haber Global», «Haber Türk»,  «A-Haber», Haber NTV televiziya kanallarının yayımladıqları verilişlər,   Prezident İlham Əliyevin müsahibələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı  həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması  üçün informasiya mənbəyi oldu.  Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının  xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı Azərbaycan –Türkiyə Media  Platformasının  (ATMP) yaradılması  ilə bağlı təşəbbüsün  dəstəklənməsi  ölkələrimiz  arasındainformasiya mübadiləsini gücləndirdi.  İnformasiya mənbəyi olan  Platformanın yaradılmasında məqsəd  türk dövlətlərinin birliyini gücləndirmək, türkdilli ölkələrin siyasi, iqtisadi həyatındakı  yenilikləri dünya ictimaiyyətinə operativ çatdırmaq,  mediada yayılan dezinformasiyalar və  xarici mənbələrdən gələn qara piarlara qarşı birgə mübarizə aparmaqdır. Erməni faşizminə qarşı  ideoloji silah olan Türkiyə- Azərbaycan Media Platforması ilə bağlı ilk addımların atıldığı vaxtdan az müddət keçməsinə baxmayaraq   informasiya təhlükəsizliyinin təmin olunması baxımından müəyyən işlər görülmüşdür.

İkinci Qarabağ  müharibəsi zamanı  Ermənistanı dəstəkləyən, Türkiyə –Azərbaycan dostluğuna qara yaxmağa çalışan dairələrin  dezinformasiyalarına, təxribatlarına qarşı  mübarizə aparan hər iki ölkənin media mənsublarının birgə  fəaliyyəti səmərəsini göstərdi.

Vətən müharibəsinin ilk günlərindən bu dostluğu qarşılıqlı əməkdaşlıqdan hərbi, siyasi müstəviyə yönəltməyə çalışan qüvvələrə əsl həqiqəti əks etdirən informasiyalarla  cavab verən yazarların istinad etdikləri mənbələr,  faktlar və arqumentlər daha inandırıcı və kəsərli oldu. Qara qüvvələrə qarşı mübarizədə hər  iki ölkə mediasının inteqrasiya  şəklində fəaliyyəti,  xalqların məlumatlandırılması səmərəsini göstərir.  “Azərbaycan Respublikası ilə  Türkiyə Respublikası  arasında  media sahəsində  strateji əməkdaşlıq” haqqında” sənədin imzalanması ilə   Platformanın fəaliyyəti güclənəcək, əhatə dairəsi genişlənəcək.  Operativ xəbərlərin  mübadiləsi, informasiya   təhlükəsizliyinin qorunması sahəsində önəmli addımlar atılacaq.  Prezident İlham Əliyevin təsdiqlədiyi həmin sənəddə qeyd olunduğu kimi, Platformanın məqsədi hər iki qardaş ölkə arasında  ikitərəfli əlaqələri media  və kommunikasiya sahəsində də genişləndirmək,  strateji media ortaqlığını, sağlam media şəbəkəsinin infrastrukturunu yaratmaqdır.  Birgə əməkdaşlıq nəticəsində  media sahəsində  təcrübə  və informasiya mənbələrinin paylaşılması,  rəsmi qurumlarla birgə fəaliyyət prinsipinin formalaşması, beynəlxalq arenada rast gəlinən dezinformasiyalara qarşı birgə mübarizə ilə dünya ictimaiyytəinə düzgün məlumatın çatdırılması nəzərdə tutulur.  Televiziya və  kino sahəsində, müxtəlif media və  sektor təmsilçiləri  arasında tərəfdaşlığın qurulması, peşə təhsili və  mübadilə proqramlarının təşkili, hər iki ölkənin tanınmış öndərləri, siyasətçiləri,  ictimai xadimləri arasında  rabitə körpüsü olan canlı verilişlərin təşkili də  qarşıya qoyulan vəzifələrdəndir.

Artıq bir neçə müddətdir ki, Azərbaycanın  politoloqları,  deputatları, jurnalistləri Türkiyə televiziyalarının videoformatda keçirdikləri  canlı yayımlarda iştirak edirlər. Hər iki qardaş ölkənin media mənsublarını birləşdirən Media Platforması  çərçivəsində həyata keçirilən layihələrdə  iştirak edən jurnalistlər Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın mülki azərbaycanlılara qarşı  törətdiyi terrorlar barədə məlumatları dünya ictimaiyyətinə hadisə yerindən birbaşa çatdırırlar.  Vətən müharibəsinin davam etdiyi müddətdə Türkiyə televiziya kanallarında çalışan əməkdaşların döyüş bölgələrindən  hazırladıqları reportajlar  vasitəsi ilə erməni faşizmi, vandallığı təkcə  qardaş xalqın ictimaiyyətinə deyil, bütün dünyaya çatdırılır. Türkiyənin telviziya kanallarına müsahibələrində bu qardaşlığın tarixi köklərindən,  Ermənistanın  Azərbaycana qarşı  işğalçılıq siyasəti nəticəsində  dağıdılan ərazilər haqqında məlumat verən Prezident İlham Əliyevin bildirdiyi kimi bərpa işlərində iştirak edəcək Türkiyə şirkətlərinin fəaliyyəti qarşılıqlı olaraq  hər iki ölkə vətəndaşlarına çatdırılacaq. Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının işğaldan azad edilmiş Şuşada dahi bəstəkar Üzeyir Hacıbəyov adına  məktəbin tikintisi ilə bağlı təşəbbüsü bu birliyin sarsılmazlığını göstərir.

Ermənistanın  törətdiyi təxribatlar nəticəsində  başlanan və Azərbaycan Ordusunun üstünlüyü ilə davam edən döyüşlərdə xalqımıza mənəvi dəstək olan qardaş yardımı göstərdi ki,  Türkiyə və Azərbaycan  hər zaman bir-birinin yanındadırlar.  Azərbaycan Türkiyəyə, Türkiyə isə Azərbaycana  güvənir. İkinci Qarabağ müharibəsinin ilk günlərindən Azərbaycanın yanında olduqlarını  bildirən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın, digər dövlət və hökumət nümayəndələrinin, deputatların işğalçıya xəbərdarlığı qələbə əzmimizi artırdı.

«Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi,  bu dəstək nəticəsində regionda  yeni reallıqlar yarandı. Bölgədə sabitləşdirici rolu ilə fərqlənən, dünyada söz sahibi olan Türkiyə-Azərbaycan dostluğunun möhkəmlənməsində isə   mətbuatın rolu  əvəzsizdir.

Türkdilli  xalqların  əməkdaşlığının möhkəmlənməsində  bu birliyin önəmli rolu vardır. Türk dövlətlərinin vahid dil sisteminin hazırlanması, ortaq televiziyanın yaranması kimi təkliflərin səslənməsi də zamanın tələbindən irəli gələn, türkçülüyün  möhkəmlənməsinə  xidmət edən amillərdəndir. Ortaq türk dilinin milli kimlik səviyyəsinə  qaldırılmasında,  ortaq tariximizin öyrənilməsində  Media Platformasının  fəaliyyəti inamı  doğruldacaq.
Regionda  iqtisadi gücü artan,  beynəlxalq qlobal enerji, nəqliyyat layihələrinin reallaşmasında birgə fəaliyyət göstərən Türkiyə-Azərbaycan   birliyi   gərginləşən geosiyasi maraqlara qarşı mübarizədə də   üstünlüyünü qorumaqdadır. Erməni faşizminə, terrora qarşı mübarizədə  vahid güc nümayiş etdirən bu cütlük türkçülüyün sarsılmazlıq nümunəsi,  “Bir millət-iki dövlət” müdrik kəlamının reallığıdır. Bu mübarizədə ideoloji silah Türkiyə- Azərbaycan Media Platforması olacaq.

Bu günlərdə Türkiyədə səfərdə olan respublikamızın Baş naziri Əli Əsədovun, Baş prokuror Kamran Əliyevin qardaş ölkədə keçirdikləri görüşlər, iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə  Hökumətlərarası Komissiyanın iclası, imzalanan sənədlər haqqında  ətraflı məlumatların ictimaiyyətə çatdırılması media mənsublarının birgə fəaliyyətinin nəticəsidir.

Xuraman İsmayılqızı, “İki sahil”