22 fevral 2021 18:51
1666

Dar gündə imdada yetişən şeyx Nizami

Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il respublikamızda “Nizami Gəncəvi İli” elan edilib. Dünya şöhrətli dahi mütəfəkkirin 880 illik yubileyi bu il həm də UNESCO-da və bir sıra xarici ölkələrdə, habelə TÜRKSOY tərəfindən türk dünyasında qeyd olunacaq. Bu, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının beynəlxalq miqyasda təbliğinə, eyni zamanda, böyük söz sərrafının ədəbi irsinin və bənzərsiz poeziyasının dünyada öyrənilməsi işinə növbəti töhfə olacaqdır.

Şeyx Əbu Məhəmməd İlyas ibn Yusif elə bir dühadır ki, onun poeziya kəhkaşanında parlayan Nizami Gəncəvi adlı ulduzu əsrlərdir ki, dünyanın hər tərəfinə işıq salır. XII əsrdə yaşamış dahi şairimizin quş lələyi ilə yazdığı hikmətli sözləri, əsərlərinin dərin fəlsəfi məzmunu ən yüksək insani duyğuların toplandığı mənəvi xəzinə kimi sevilir. Əbəs yerə demirlər ki, dahilərin bir adı da Vətəndir. Xalqlar onların dühasının işığında keçmişdən gələcəyə yol gedirlər. Bütün zamanlar üçün bəşəri olan Nizami dühasının ədəbi irsi bu gün də özü ilə bərabər Azərbaycanın da adını və şöhrətini dünyaya yayır. XX əsrin birinci yarısında yaşayıb - yaratmış rus şairi  Vladimir Luqovskoyun təbirincə desək: “Nizami dühası hələ dünyada çox-çox ürəkləri fəth eliyəcək.”
Dünya poeziyasında epik romantik janrın banisi kimi ad çıxarmış "şairlər padşahı"nın özünə"Nizami" sözünü təxəllüs olaraq seçməsi heç də təsadüfi deyildi. Bu adın mahiyyətində dünyanı nizama salmaq arzusu ilə yazıb-yaradan sənətkarın zəkasından doğulan ilahi bir sevgi dayanırdı. Nizaminin əxlaq fəlsəfəsinin mizan-tərəzisində humanizm, bəşəri duyğular, ədalətin zəfər çalması uğrunda fəal mübarizə aparmaq təcəssüm olunur. Bəşəriyyətin bədii fikir salnaməçisini uçuş yeri, zirvəsi, yuvası Azərbaycan olan nəhəng qartala bənzədirlər. Dahi şairin dünyasına bələdçi olan nizamişünaslar ədibin ömrü boyu anadan olduğu Gəncə şəhərində yaşadığını, türk olduğunu, amma millətçi deyil, ümmətçi olduğunu, insanlığın şairi kimi yazıb-yaratdığını bildirirlər. Biz təbii ki, türk dünyasının övladı kimi Azərbaycanın dünyaya bəxş etdiyi  şair babamızın adı ilə həmişə fəxr edib, qürurlanırıq. Bəlkə ona görə ki, xalqımızın şifahi ədəbiyyat xəzinəsindən ustalıqla faydalanan Şeyx Nizami Gəncəvi təkcə aforizmləri ilə deyil, həm də xilaskar ruhu ilə bizlərə neçə qərinədir ki, pasibanlıq edir. 

“Nizami ili” sənətkarın oxucunu həyata, insanlığa qarşı məhəbbət ruhunda tərbiyələndirən, ağlın qüdrətinə, haqqın, xeyrin qələbəsinə inam hissləri oyadan ədəbi irsinə həm də müasir baxışdır. Fəqət Nizami haqqında o qədər deyilib, o qədər yazılıb ki, yeni söz demək asan deyildir. Ona görə də  bu kiçik yazımda 880 yaşlı poeziya nəhənginin xilaskar ruhundan bəhs edəcəyəm.

...2002-ci ilin yanvarın 7- də Nijni Novqorad şəhərinin dəmir yolu vağzalında üç nəfər rus milisi mənə yaxınlaşıb sənədlərimi və çantamı yoxladılar. Sonra üzərimdə olan pulların miqdarını öyrənən kimi məni yaxınlıqdakı bölməyə apardılar. “Müsadirə” olunan pullarımın arasında Nizami Gəncəvinin rəsmi təsvir olunmuş 500 manatlıq əskinas milis zabitinin diqqətini cəlb etdi. Pul kolleksiyası topladığını bildirən zabit Azərbaycan əskinasının üzərindəki şəklin kimə aid olduğunu soruşdu. Mən Nizami Gəncəvinin Karamzin, Derjavin, Jukovski və rus poeziyasının günəşi adlandırılan Puşkindən 6 əsr əvvəl dünyaya gəldiyini, 1941-ci ildə Leninqradın blokadası günlərində ilk dəfə orada 800 illik yubleyinin qeyd olunduğunu bildirdim.

Zabitin məni diqqətlə dinləməsi sıravi milislərə bir o qədər də xoş gəlmirdi. Onlardan biri masanın üzərindəki pulları göstərib mənə səsləndi: “Bu gün bizim müqəddəs bir varlığın doğum gününü bayram etməyimizi unutmayın!” 7 yanvarın Provaslav xristianlarda İsanın doğum gününün bayram kimi qeyd olunduğunu bildiyimə görə onlara “məncə, Maksim Qorkinin şərəfinə sovet dövründə Qorki adlandırılan bu şəhərin  yazıçı-jurnalist qonağı kimi sizə bayramınız mübarək deməyim kifayət edər” dedim. Zabitin sərt baxışları sıravi həmkarlarına tuşlandı: “Yəni nəfsinizi cilovlayın!” və  onlara amirənə səslə mənə aid olan əşyaları səliqə ilə çantama yığmağı tapşırdı. Özü də ayağa qalxıb bütün pasportumu, yazıçılar və jurnalistlər birliklərinə aid olan vəsiqələrimi, masanın üzərində “müsadirə olunmuş"  pullarımı mənə qaytardı. Sonra yenə Nizaminin rəsmi olan pulu göstərib soruşdu: “Bəs bu dahi şəxsiyyətin rəsmi olan 500 manatı rus puluna çevirəndə neçə rubl olar?” Mən gülümsünərək ona baxdım: “Siz  dediniz ki,  müxtəlif pulların kolleksiyasını toplayırsınz. İnanmıram ki, kolleksiyanızda Nizami  kimi  bəşəri dəyərli başqa bir dahinin rəsmi olan pullar olsun...”

Zabit başı ilə dediyimi təsdiqlədi. Xudahafizləşəndə  ona şərqşünas alim, türkoloq  Yevqeni  Bertelsin "Böyük Azərbaycan şairi Nizami” kitabını oxumağı məsləhət bildim.“Mütləq oxuyacağam”- dedi.

...O gün vağzalın saat qülləsindəki lövhədə havanın temperaturu  mənfi 33 dərəcəni göstərirdi. Ancaq bir az əvvəl məni üşüdən şaxtanın bağrını elə bil dünyanın poeziya günəşinin odlu nəfəsi yarmışdı. Düşüncələrimə hakim kəsilən və mənə böyük qürur hissi verən Şeyx Nizminin ölməz ruhu qədim Nijni Novqorod şəhərində imdadıma yetişmişdi. Qürbət diyarda qışın qar soyuğunu unudub gedə-gedə şeir, sənət dünyasının məğrur sərkərdəsinin müqəddəs ruhuna şair Tofiq Bayramın misaralarını dua kimi pıçıldayırdım:

Acizəm adına bir təşbeh tapam,
O sənət Məkkəmdir, şeir pirimdir,
Nizami ən qədim, ən müdrik babam,
Nizami ən yaxın müasirimdir.                 

...Ulu Şeyx  Nizami  Gəncəviyə əbədi eşq olsun!

Nurəddin Muğanlı, “İki sahil”