23 fevral 2021 14:23
1043

Filmlərdə gördüyümüz texnologiyalar bir-bir reallığa çevrilir - FOTO

Hazırda gələcəyi daha da yaxınlaşdıran texnologiyalar erasını yaşayırıq. Su altında nəfəs almaq, musiqini bütün ruhu ilə hiss etmək, taksi ilə uçmaq, işləri robota həvalə etmək və s. əsrimizin insanları üçün bütün bunlar artıq adi şeylər olacaq.

Robot-aşpaz

Samsung şirkəti “Bot Chef” robot-aşpazı ictimaiyyətə təqdim edib. Robot səsli komandaları yerinə yetirir, özü reseptlərə uyğun yemək hazırlayır, soba, kran, aspirator və s. kimi cihazlardan rahat istifadə edir, telefonda resepti açıb baxa bilir.

Hava taksisi

Uber şirkəti 2023-cü ildə uçan taksilər çıxarmağı planlaşdırır. Bu yaxınlarda şirkət, şəriki “Joby Aviation” ilə birlikdə tam elektrik hava taksisi “eVTOL” un prototipini hazırlayıb.

Genişləndirilmiş reallıq eynəkləri

“Lenovo” markası ofis işçiləri üçün “ThinkReality A3” genişləndirilmiş reallıq eynəklərini buraxmağı planlaşdırır. 3D vizuallıq, eyni zamanda 5-ə qədər işləyən ekranı eyni anda proyeksiya etmək bacarığı, mikrofon - bunlar möcüzəvi eynəklərin komponentlərinin bəziləridir.

Şişirdilmiş kompakt elektroskuter

Tokio Universitetinin alimləri skuter həvəskarlarını yeni “Poimo” modeli ilə sevindirəcəklər. Skuter 5,5 kq ağırlığındadır, bir dəqiqə ərzində şişirtmək mümkündür, boş halda bel çantasına rahatlıqla yerləşir. Tezliklə satışa çıxarılacağı gözlənilir.

Qucaqlaşma robotu

“Lovot” qucaqlaşma robotu “Groove X” şirkəti tərəfindən hazırlanıb. Robotun məqsədi ehtiyacı olanlara qucaq açmaqdır. Robot əhvalı olmayanda, darıxanda sahibini qucaqlayır.

Yıxılmağa qoymayan ayaqqabı

İsraildə “B-Shoe” startapı yıxılmağa qoymayan ayaqqabı icad edib. Bu “ağıllı” ayaqqabı bədənin vəziyyətini kontrol edir, balans pozulan kimi avtomatik olaraq, bir ayağın vəziyyətini elə dəyişir ki, insan yıxılmır.

Şəxsi daşıyıcı robot

“Gita” robotu 18 kq-a qədər yük daşıya bilir. Optik sensorlardan istifadə edərək hərəkətinizi izləyir və seçilmiş yol boyunca sizsiz də hərəkət edə bilir. Lakin, sahibindən başqa heç kim onun məzmununu götürə bilməz.

Musiqini hiss etməyə imkan verən köynək

Musiqidən tam mənada həzz almaq istəyirsinizsə, “SoundShirt” köynəyi məhz sizin üçündür. Köynək musiqinin səsini və taktil hisləri transformasiya edə bilir.

“Avatar” filmindən ilhamlanaraq yaradılmış konsept “Mercedes” avtomobili

“Mercedes-Benz Vision AVTR” konsepti— rejissor Ceyms Kameronun çəkdiyi “Avatar” filmindən ilhamlanaraq hazırlanmışdır. Konsept reallığa çevrilməsə də, həmin avtomobil yollarda şütüyə bilməsə də, onun bəzi detalları-biometrik ölçmə, ürək döyüntülərini qeydə alma, rəqəmsal sensor ekran və s. tətbiq ediləcək.

Günəş işığına oxşayan lampa

Məşhur “Mitsubishi” şirkəti təbii işıqlandırmanı “yamsılayan” “Misola” lampalarını hazırlayıb. Pəncərə formasında olan bu fənərlər günün saatından asılı olaraq, rəngini dəyişə bilir.

Nubar Süleymanova, “İki sahil”