30 sentyabr 2026 01:35
89

Payızda dəriyə qulluq rejimi necə dəyişməlidir?

Havaların sərinləşməsi ilə dərinin ehtiyacları da dəyişir. Yay aylarında Günəşin, dəniz və hovuz suyunun təsirinə məruz qalan dəri payızda quruluq və həssaslıqla qarşılaşa bilər. Bu səbəbdən dəriyə qulluq vasitələrinin seçiminə və gündəlik qulluq rejiminə yenidən nəzər salmaq lazım gəlir.

Türkiyəli dermatoloq Sadiye Kuş bildirir ki, dəriyə qulluğa dəyişməz qayda kimi yanaşmaq düzgün deyil. Məhsul seçərkən mövsümlə yanaşı, dərinin həmin dövrdəki vəziyyəti və ehtiyacları da nəzərə alınmalıdır. Onun sözlərinə görə, eyni vaxtda çoxlu sayda məhsuldan və aktiv tərkibli qulluq vasitələrindən istifadə etmək dərinin qoruyucu təbəqəsinə zərər verə bilər.

Dəriyə qulluqda ən çox hansı səhvlərə yol verilir?

Dermatoloqun sözlərinə görə, ən geniş yayılmış səhvlərdən biri mövsüm dəyişən kimi qulluq rejiminə çoxsaylı yeni məhsullar əlavə etməkdir. Dərinin eyni vaxtda çoxlu sayda güclü aktiv maddəyə ehtiyacı yoxdur. Dərini həddindən artıq yumaq, pilinqdən normadan artıq istifadə etmək və bir neçə aktiv tərkibli məhsulu eyni vaxtda tətbiq etmək qoruyucu baryeri zəiflədə bilər. Bu səbəbdən payız aylarında sadə və dərinin qoruyucu təbəqəsini qorumağa yönəlmiş qulluq rejiminə üstünlük verilməsi tövsiyə olunur. Havanın sərinləşməsi Günəşdən qoruyucu vasitələrin istifadəsini dayandırmaq üçün səbəb deyil. Günəşdən qoruyucu vasitələrdən ilboyu istifadə etmək dərinin sağlamlığının qorunması baxımından vacibdir.

Dəriyə qulluq rejimi fəsillərə görə dəyişdirilməlidirmi?

Temperatur və rütubətdəki dəyişikliklər dərinin nəm balansına və qoruyucu təbəqəsinə təsir göstərə bilər. Buna görə istifadə olunan məhsulların teksturası da dərinin vəziyyətinə uyğun seçilməlidir. Məsələn, qış aylarında daha zəngin tərkibli nəmləndiriciyə ehtiyac yarana bilər, yayda isə daha yüngül teksturalı məhsullara üstünlük verilməsi məsləhət görülür.  Lakin seçim yalnız fəsilə əsaslanmamalıdır. Dərinin tipi və həmin dövrdə verdiyi reaksiyalar da nəzərə alınmalıdır. Dəridə dartılma, quruluq və qabıqlanma yaranırsa, nəmləndirməyə daha çox diqqət yetirmək lazımdır. Burada əsas məqsəd dərinin ehtiyacına uyğun nəmliyi təmin etmək və qoruyucu təbəqəni dəstəkləməkdir.

Quru və yağlı dəriyə eyni qulluq tətbiq edilə bilərmi?

Nəmləndirmə sağlam dəri təbəqəsinin qorunması üçün vacibdir. Xüsusilə quru dəridə kifayət qədər nəmlilik olmadıqda dartılma və həssaslıq yarana, qoruyucu təbəqənin fəaliyyəti zəifləyə bilər. Məhsul seçərkən dəri tipinə və onun ehtiyaclarına uyğun hərəkət edilməlidir. Yağlı dəridə daha yüngül teksturalı, quru dəridə isə dərinin qoruyucu təbəqəsini dəstəkləyən tərkibə malik nəmləndiricilərə üstünlük verilə bilər.

AHA, BHA və retinoldan istifadə etmək hər kəs üçün uyğundurmu?

Sosial şəbəkələrdə geniş yayılan dəriyə qulluq məsləhətləri hər kəs üçün eyni nəticəni verməyə bilər. Hər hansı aktiv tərkibin populyar olması onun bütün dəri tipləri üçün zəruri olduğu anlamına gəlmir. Dermatoloq qeyd edir ki, məhsulun seçilməsində dərinin tipi, dərinin qoruyucu təbəqəsinin vəziyyəti, aktiv maddənin konsentrasiyası və digər vasitələrlə birlikdə istifadəsi nəzərə alınmalıdır: "Xüsusilə AHA, BHA və retinoidlər kimi güclü aktiv maddələrdən düşünülmədən və ardıcıl şəkildə istifadə edilməsi dərinin qoruyucu təbəqəsini zədələyə bilər. Bu zaman qızartı, yanma və həssaslıq kimi problemlər yarana bilər. Dəriyə qulluqda məqsəd mümkün qədər çox aktiv maddədən istifadə etmək deyil. Əsas məsələ dərinin ehtiyacına uyğun vasitələri düzgün tezlikdə və uyğun şəkildə tətbiq etməkdir."

Payızda da Günəşdən qorunmaq lazımdır

Havanın sərinləşməsi Günəş şüalarının təsirinin tamamilə aradan qalxması demək deyil. Dermatoloqun sözlərinə görə, səhər bir dəfə Günəşdən qoruyucu vasitə tətbiq etməklə gün ərzində eyni səviyyədə qorunmanın təmin olunacağını düşünmək düzgün yanaşma deyil: "Xüsusilə uzun müddət açıq havada qaldıqda tərləmə kimi amillər Günəşdən qoruyucu vasitənin təsirini azalda bilər. Buna görə vasitənin gün ərzində yenilənməsi vacibdir. Gündəlik istifadə üçün həm UVA, həm də UVB şüalarından qoruyan geniş spektrli Günəş qoruyuculara üstünlük verilməlidir. Açıq havada uzun müddət qalınacaqsa, SPF 50 səviyyəsində qoruyucu daha münasib seçim hesab olunur. Günəşdən qoruyucu vasitə çölə çıxmazdan əvvəl kifayət qədər miqdarda tətbiq edilməli, açıq havada qaldıqda isə təxminən iki saatdan bir yenilənməlidir. Papaq, gün eynəyi və kölgədən istifadə etmək də Günəşdən qorunmanın əlavə üsullarıdır.

Qeyd edək ki, Günəşdən qorunmaq yalnız dəridəki ləkələrin qarşısını almaq üçün deyil, kollagen itkisini və dərinin vaxtından əvvəl qocalmasının təsirlərini azaltmaq baxımından da əhəmiyyətlidir. Buna görə payızın gəlməsi Günəşdən qoruyucu vasitədən imtina etmək üçün əsas deyil.

Sağlam dəri və saç üçün nələrə diqqət etmək lazımdır?

Dərinin sağlamlığı yalnız istifadə olunan kosmetik vasitələrdən asılı deyil. Balanslı qidalanma, kifayət qədər zülal qəbul etmək, tərəvəz və meyvələrlə zəngin qidalanma, kifayət qədər su qəbulu, nizamlı yuxu rejimi və siqaretdən uzaq durmaq dərinin sağlamlığını dəstəkləyən amillərdəndir: "Dəriyə qulluq zamanı çoxsaylı məhsullardan ibarət mürəkkəb rejimlər yaratmaq əvəzinə əsas addımlara diqqət yetirmək daha məqsədəuyğundur. Zərif təmizləyici, dərinin tipinə uyğun nəmləndirici və Günəşdən qoruyucu vasitə gündəlik qulluq üçün əsas məhsullar hesab oluna bilər. Dəridə konkret bir problem olduqda isə həmin problemə uyğun aktiv tərkiblər əlavə edilə bilər.

Saç baxımında da yay aylarından sonra yaranan quruluq və zədələnməni nəzərə almaq lazımdır. Günəşin, dəniz və hovuz suyunun təsirindən sonra saç dərisini qıcıqlandıra biləcək həddindən artıq və sərt təmizləmədən çəkinmək, saçın ehtiyacına uyğun nəmləndirici vasitələrdən istifadə etmək tövsiyə olunur."

Dermatoloq payızda dəriyə qulluqla bağlı əsas tövsiyəsinin dərinin ehtiyaclarını nəzərə almaq və qulluq rejimini lazımsız yerə mürəkkəbləşdirməmək olduğunu vurğulayır. Bundan  əlavə qeyd edir ki, dəridə uzun müddət keçməyən qızartı, yeni yaranan və ya görünüşü dəyişən ləkə, sağalmayan yara, yaxud xallarda dəyişiklik müşahidə edilərsə, bunu yalnız kosmetik problem kimi qiymətləndirmək olmaz. Belə hallarda dermatoloqa müraciət etmək lazımdır.

Şahnigar Əhmədova, "İki sahil"