Həkim-infeksionist Mərdan Əliyev: Belə güman olunur ki, bu peyvənd mutasiya olunmuş ştammlara qarşı da təsirli olacaq
“Pandemiyadan qorunmağın ən təsirli üsulu vaksinasiyadır. Peyvənd olunanların faizi nə qədər çox olarsa, yoluxmaların sayı da o qədər az olacaq. Azərbaycanda tətbiq olunan Çin istehsalı olan CoronoVac vaksinlərinin effektivliyinin 91 faizin üstündə olduğu müəyyən edilib. SinoVac şirkətinin vaksinlərinin saxlanma şəraiti daha münasibdir. 2-5 dərəcə temperaturda saxlamaq mümkündür. Amma digər vaksinləri saxlamaq üçün mənfi 40 dərəcəyə qədər temperatur tələb olunur. Bu da onların daşınmasını, saxlanmasını və istifadəsini çətinləşdirir. Bizdə istifadə olunan Çinin SinoVac şirkətinin KoronaVac vaksini inaktiv vaksindir, viruslar hazırlandıqdan sonra xüsusi üsullarla inaktivləşdirilir. Yəni, canlı vaksin olmadığı üçün vaksinasiyadan sonra bu xəstəliyə yoluxma riski yoxdur. Belə güman olunur ki, bu peyvənd mutasiya olunmuş ştammlara qarşı da təsirli olacaq”
Bu fikirləri “İki sahil”ə açıqlamasında həkim-infeksionist Mərdan Əliyev söyləyib.
İnfeksionist qeyd edib ki, ikinci doza SinoVac vaksini birinci dozadan 28 gün sonra vurulmalıdır. Virusa yoluxma riski vaksinin ikini dozasından sonra çox aşağı olur. İkinci dozadan sonra bu riski hər kəs qan analizi verib qiymətləndirə bilər. Bu analizdə qanda olan antitellərin titrinə baxmaq lazımdır. İlk dozadan sonra COVID-19 virusuna qarşı anticisimlər əmələ gəlir, lakin onun titri virusdan qoruyacaq səviyyədə olmur, ikinci dozadan sonra anticisimlərin titri kifayət qədər olur.
Mütəxəssis vurğulayıb ki, hamilələrə, süd verən analara, kəskin xəstəliyi olanlara, xroniki xəstəliyi kəskinləşənlərə vaksin vurdurmaq tövsiyə olunmur: “Virusa yoluxmuş şəxslərdə anticisimlər yarandığı üçün 6 ay ərzində vaksin vurdurmağın faydası yoxdur. 6 aydan sonra qanda anticisimlərin titri azaldığı üçün vaksin vurdurmaq olar. 65 yaşdan yuxarı şəxslər koronavirus infeksiyası üçün risk qrupuna aid olduğu üçün onların vaksin vurdurması daha vacibdir. Çünki həmin şəxslər yoluxanda xəstəliyi daha ağır keçirirlər. Bu peyvəndin ciddi yan təsirləri yoxdur, iynə vurulan yerdə qızartı, şişkinlik, bəzən subfebril qızdırma da ola bilər, allergik reaksiyalar, yüngül əzələ ağrıları halları müknüdür. Bu yan təsirlər bir neçə günə keçib gedir.”
Həmsöhbətimiz xəstəliyi keçirdiyinə görə vaksin olunmayıb: “Analiz verdim və immunoqlobulinlərin titri yüksək çıxdı, buna görə peyvənd olunmadım. Amma 6 ay sonra qanda anticismlərin titri azalacağı halda mütləq peyvənd olunacağam.”
Ekspert əlavə edib ki, vaksinlər və virus əleyhinə preparatlar tam fərqli şeylərdir: “Onların ortaq təsiri virusəleyhinə təsir olsa da məqsədləri fərqlidir. Vaksinlər profilaktik məqsədlərlə, virusəleyhinə dərman preparatları isə müalicə məqsədilə istifadə edilir. Vaksinlə xəstəliyə qarşı immunitet yaratmaq və xəstəliyə yoluxmamaq hədəflənir. Dərmanlar isə artıq xəstəliyə yoluxmuş şəxslərin müalicəsi üçün istifadə olunur. Vaksinlər sağlam şəxslərə, dərmanlar isə xəstələrə verilir.”
Mərdan Əliyev vaksin əleyhinə aparılan əks-təbliğatı da qınayıb: “Sosial şəbəkələrdə vaksinlə bağlı aparılan təbliğat tamamilə əsassızdır. Çünki həmin iddiaları normal məntiqlə analiz edəndə tam yalan olduğu aydın olur. Yəni, məntiqə uyğun olmayan söhbətlər edilir. Buna görə belə iddiaları ciddi aqəbul etmirəm”.
Yaqut Ağaşahqızı, “İki sahil”