23 fevral 2021 18:10
1396

Qələbə Azərbaycan xalqının taleyinə yazılıb

Mehriban xanım Əliyeva: Azərbaycan dünyanın coğrafi və mədəni müxtəlifliyinin qovuşduğu nadir ölkələrdəndir

«Qadınlar zəifdir, amma analar qüvvətlidir.» Bu sözlər Tanrının insanlığa  bəxş etdiyi  əvəzedilməz sərvəti olan analar, qadınlar haqqında deyilən minlərlə müqəddəs kəlamlardan yalnız biridir.

Ana- torpaq sözlərinin qoşa çəkilməsi də təsadüfi deyil. Torpaq da ana qədər  övladına həyat bəxş edir,  mənəvi sərvətini əsirgəmir. Bir ana ailəsi, övladı üçün əvəzedilməzdir. Amma   bütünlükdə xalqı,  dövləti üçün  tarixi xidmətləri ilə seçilən, bəşəri ideyaları şəxsiyyətində formalaşdıran, təkmilləşdirən, milli-mənəvi dəyərləri söykökünə bağlılıq baxımından qiymətləndirən qadın dövlət xadimləri, diplomatlar  çoxdur.  Xalqı tərəfindən inam, güvənc yeri olan,  milyonların sevincini bölüşən, kədərinə şərik olan, əməlləri ilə neçə-neçə qəlbə mərhəmət bəxş edən  belə qadınları  təsadüfən  «el anası» adlandırmırlar. Çünki onlar eldən qaynaqlanan istəklərin,  çağırışların, təşəbbüslərin icraçıları kimi də məsuliyət daşıyırlar, çətinliklərdən qorxmurlar. Övladalarını xalqa, Vətənə məhəbbət ruhunda tərbiyə edib boyüdəndə də  ilk sözü bu olur: Sən Vətənə borclu, Vətən sənə əmanətdir. «Qadının gücü, güc mənbəyi ilk baxışdan çox sadə  görünən xeyirxahlıq, sevgi və mərhəmət kimi əbədi duyğulardadır. Bu gücün, bu qüvvənin qüdrətini və təsir dairəsini nəzərə almamaq mümkün deyil. Belə bir qüdrətli amilin mədəniyyətlər və sivilizasiyalararası dialoqa layiqli töhfə verməsi bizim özümüzdən asılıdır» söyləyən Mehriban xanım Əliyeva   Birinci vitse- prezident, Heydər Əliyev Fondunun prezidenti kimi  xalqımızın hörmət və  ehtiramını insanlara qayğısı, diqqəti, nəvazişi, adına layiq mehribanlığı ilə  qazanıb.

Qadınlara nümunə, gənclərin hamisi, Vətəni üçün ictimai xadim   

Azərbaycan xalqı tarixi günlərini yaşayır. Ermənistanın işğal altında saxladığı torpaqlarımızın 44 gün ərzində azad olunması bütün dünya ictimaiyyətini heyrətə gətirdi.  Müharibə davam edən günlərdə  sevincini  xalqa müraciətləri ilə bildirən Ali Baş Komandan İlham Əliyev düşmən üzərində tarixi qələbəmizi milyonlarla bölüşdü.  Xalq-ordu- iqtidar birliyinin sarsılmazlığını,  düşmənə arxa çevirməyən əsgərlərimizin qəhrəmanlığını sosial şəbəkələrdəki qələbəyə çağırış sözləri ilə bildirən Birinci vitse-prezident Mehriban xanım Əliyeva   müdriklərin  qadın mərhəmətinə, sədaqətinə,  etibarına verdikləri qiyməti Vətəninə sədaqəti ilə təsdiqlədi: «Hər bir uğurlu kişinin arxasında bir uğurlu qadın dayanır. Ya ana, ya həyat yoldaşı, ya da  bu işdə ona kömək edən, inam verən başqa qadın. Ağıllı həyat yoldaşına sahib olan kişi, artıq həyatda ən böyük uğurunu qazanmış sayılır. Çünki ağllı xanımlar hər kəsə etibar etmir. Əgər sənə etibar edib, seçibsə  demək artıq ən böyük  uğurunu qazanıbsan.» Bu hikməti 4 ildir davam etdirdiyi Birinci vtse-prezident vəzifəsini layiqli xidmətləri ilə doğruldan Mehriban xanım Əliyeva ulu nənələrimizin qəhrəmanlıq salnaməsinə öz dəst-xəttini yazdı.  Dövlət xadimi, etibarlı həyat yoldaşı olduğunu işğaldan azad olunan torpaqlara səfəri zamanı Prezident İlham Əliyevlə çiyin-çiyinə dayanmaqla bildirən Mehriban xanım Əliyevanın qələbə sevincindən fərəhlənən əsgərlərlə, əhali ilə görüşlərində keçirdiyi həyəcan, qayğıkeşlik birinci xanıma el hörmətinin ifadəsi idi. Prezident İlham Əliyevin, Mehriban xanım Əliyevanın və qızları Leyla Əliyevanın ermənilər tərəfindən dağıdılan müqəddəs ocaqlarımızda  milli, dini adət-ənənələrimizə bağlılığı, İslami dəyərlərə inam və ehtiramı əsl Azərbaycan qadınına xas mərhətmət,  dəyanət, xalqına bağlılıq idi.

Bəşəri inciləri  İslami dəyərlərlə zənginləşdirən xeyirxah!

Təkcə  Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində  humanitar layihələri, xeyirxah təşəbbüsləri,  insanları birliyə, sülhə dəvət edən çağırışları ilə  şöhrətlənən Mehriban xanım Əliyeva UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri kimi də  üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.  Mədəniyyət, təhsil, xeyriyyəçilik, idman və digər sahələrdə çoxşaxəli fəaliyyət göstərən Mehriban Əliyevanın istər Azərbaycan, istərsə də dünya mədəni irsinin qorunması, təbliği və inkişafı istiqamətində gördüyü işlər birlik və həmrəylik nümunəsidir.  Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz xidmətləri ilə fərqlənən Mehriban Əliyevanın rəhbərliyi ilə reallaşan layihələr milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşmasına, gender bərabərliyinin qorunmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsinə, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsinə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına istiqamətlənib.

Onun Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində ən mötəbər qurumlarından olan UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi istiqamətində mühüm nailiyyətdir.  Xalqımıza ulularımızdan ərməğan qalan muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası, Novruz bayramı, kəlağayı sənəti UNESCO-nun qeyri-maddi, mədəni irs siyahısına daxil edilib. Bundan başqa, İçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Təkcə Azərbaycanda  deyil, bütünlükdə Şərqdə tanınan, bəşəri dəyərləri dünyada təbliğ edən Mehriban xanım haqqında deyilən  sözlər Azərbaycan qadınlarını dünyada tanıdır,  şan-şöhrət gətirir.

Bu günlərdə  ICESCO tərəfindən elan olunan «Qadınlar ili»” çərçivəsində «Qadınlar və qızlar elmdə» Beynəlxalq Günü münasibətilə  videokonfrans formatında keçirilən  tədbirdə çıxış edən respublikamızın  Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva İslam aləminin ayrılmaz parçası olan Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinə sadiqliyindən də  bəhs etmiş, təşkilatla  əməkdaşlığın müsəlman həmrəyliyinin  möhkəmlənməsinə  verdiyi töhfələrdən,  ölkəmizdə qadın əməyinə verilən qiymətdən danışaraq bildirmişdir ki,  Azərbaycanda uğurla davam etdirilən gender siyasəti,  ailə, qadın, uşaq problemlərinin həlli istiqamətində  həyata keçirilən layihələr,  gənc qızlarımızın elmdə qazandıqları nailiyyətlər  Azərbaycan qadınının cəmiyyətdəki rolunun  təzahürü, firavan və təhlükəsiz dünya naminə görülən işlərə misilsiz töhfəsidir.  Eyni zamanda, qadınlarımızın siyasətdə, ictimai işlərdə, həyatımızda, məişətimizdə rolunun artırılması,  gender bərabərliyinin uğurlu davamıdır.  Konfransda  deyildiyi kimi, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin və sivilizasiyaların təmas və  ünsiyyət məkanı olub. Asiya və Avropa  arasında körpü, çoxkonfessiyalı,  çoxmillətli ölkəmizin mədəni müxtəlifliyə sadiqliyinin nəticəsidir ki, respublikamızda dini münasibətlər sağlam zəmində qurulub və inkişaf edir.  İnsanlığa dəyərin ifadəsi olan  cəmiyyətimizdə hökm sürən tolerantlıq və dözümlülük Azərbaycan xalqının yaşam tərzidir.  Qardaşlıq  körpülərinin dayaqlarının möhkəmlənməsində insana dəyər verən, ölkəmizin ev sahibliyi etdiyi  beynəlxalq musiqi müsabiqələrinin və idman yarışlarının yüksək səviyyədə təşkilinə çalışan  Mehriban xanımın təşkilatçılıq bacarığı  dünyada nümunə göstərilir.

Mehriban xanım Əliyevanın dünyada ictimai-siyasi xadim kimi tanınması gərgin zəhmətin, məsuliyyətin bəhrəsidir

«Mehriban xanımın fəaliyyəti çoxşaxəlidir» sözləri  gəlişi gözəl ifadələr deyil, reallığı əks etdirən həqiqətdir.   İnsanlıq , bəşəri dəyərlərin qorunması naminə göstərilən xidmətlər isə əvəzsiz qalmır. Mehriban xanımın əməyinə verilən dəyər Azərbaycan xalqının müdrik kəlamlarından olan  «Elin gözü tərəzidir» zərb-məsəlinin beynəlmiləl səviyyədə səsləndirilmiş formuludur. «Qızıl ürək» və Ümumünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatlarına layiq görülən Mehriban xanımın   «XXI əsrin böyük qadını» laureatı adına, UNESKO-nun «Qızıl Motsart» medalına, Krans Montana Forumunun qızıl medalını ilə təltif olunması illərdən bəri çəkilən zəhmətin beynəlxalq səviyyədə qiymətləndirilməsidir. Ölkə daxilində  və dünya arenasında  həyata keçirdiyi layihələrin əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev  Mehriban xanım Əliyevanı Vətənimizin ən ali mükafatı - «Heydər Əliyev» ordeni ilə  təltif edərkən  bildirmişdir ki,  Fondun bütün təşəbbüsləri milli ruha  əsaslanır.

Fransanın «Şərəf Legionu» ordeninə layiq görülən Mehriban xanımın  xeyriyyəçilik işlərində  fərqlənməsi , bəşəriyyətin ali ideyalarına  xidmət sahəsində yüksək nailiyyətlərinə görə beynəlxalq səviyyəli sorğularda  daha çox reytinq toplaması Azərbaycan qadınının  ictimai-siyasi işlərdə  zəngin təcrübəyə malik olduğunu göstərməklə, dünya birliyində fəal mövqe tutmasının nümunəsidir.

Bütün Rusiyanın Patriarxı Kirillin Azərbaycanın Birinci  vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı Rus Provoslav Kilsəsinə göstərdiyi köməyə  və Həştərxan şəhərinin abadlaşmasına qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə  təltif etməsi də  onun çoxsahəli xidmətlərinə  verilən dəyərlərdəndir. Moskvadakı Xilaskar İsa Məbədində keçirilən  təltifetmə mərasimindəki  çıxışında Mehriban xanıma  xeyirxahlıq əməllərinə, genişmiqyaslı fəaliyyətinə  görə minnətdarlıq edərək Azərbaycan xalqına firavanlıq arzulayan Patriarx Kirill  ölkəmizin birinci xanımına  ən xoş arzularını da bildirdi: « Siz ölkənizin və xalqınızın həyatında çox mühüm rol oynayırsınız. Böyük istedada və gözəl mənəvi  keyfiyyətlərə  malik insan kimi  Siz Vətəninizdən uzaqlarda da  bir çox işlər  görürsünüz.» 

«Bizim hamımızın bir Tanrımız var və bu nə qədər sadə  səslənməsə, hər bir dinin əsasını təşkil edən dəyərlər ümumbəşəri dəyərlərlə eynidir. Bu, insanları  birləşdirən və barışdıran dəyərlərdir» söyləyən Mehriban xanımın  fəaliyyətinin əsasını  tolerantlığa, multikulturalizmə sədaqət amilləri təşkil edir. Prezident İlham Əliyevin və  birinci xanım Mehriban  Əliyevanın ötən il  Romanın  dünyada məşhur muzeylərində, mədəniyyət ocaqlarında olmaları,  Azərbaycanın dahi şairi  Nizami Gəncəvinin abidəsini ziyarət etmələri,  Vatikanda  Skistin Kapellası və  Müqəddəs Pyotr kilsəsi ilə tanışlıqları,   Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşmələri dünyada sivilizasiyalar və dinlər arasında münsibətlərin daha da inkişaf etdirilməsi istiqamətində  atılan önəmli addımalar idi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında  qurulmuş münasibətlər daha da genişləndiriləcək. Görüşdə kardinal Pietro Parolinin Papa Cəngavər Ordeninin ən ali dərəcəsi olan IX Piy Ordeninin Böyük Xaçını ( Dama di Gran Croce dell*ordine Piano)  Mehriban xanım Əliyevaya təqdim etməsi  ikitərəfli münasibətlərin yüksək səviyyədə  olmasının təsdiqidir.

«Qıfıl qorxudursa, açar dialoqdur» sözləri  Mehriban xanımın həyat amalıdır

Əməlləri dünyada   tanınmış xadimlərin sözləri ilə qiymətləndirilən, humanist  təşəbbüslərin, layihələrin müəllifi adlandırılan,  xeyirxah insan  olan Mehriban xanım  Vətənini, xalqını sevdiyi kimi, başqa millətlərin mənəvi dəyərlərinə də hörmətlə yanaşır. İnanır ki,  sərhəd tanımayan, tərcüməyə ehtiyacı olmayan musiqi kimi, «dialoqların açarı» da sağlam  düşüncəli insanların əlində olarsa,  dünyada   tolerantlıq, multikulturalizm  qalib gələcək,  dini radikalizmə,  ayrı-seçkiliyə son qoyulacaq, bütün bəşəriyyət üçün faydalı çağırışlar səslənəcək.  Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə keçirilən beynəlxalq konfranslarda, mədəniyyətlərarası dialoq forumlarında dünya ictimaiyyətinə ünvanlanan,  bəşəriyyətin xilasına yönələn çağırışlar terrora, dini radikalizmə qarşı mübarizədir.

Mehriban xanımın  tarixi xidmətlərindən olan Dağlıq Qarabağ həqiqətlərinin, Xocalı soyqırımının dünya xalqlarına çatdırılması üçün göstərdiyi vətəndaşlıq mövqeyi də təqdirəlayiqdir. Heydər Əliyev Fondunun xətti ilə  müxtəlif dövlətlərdə təşkil olunan dinləmələr, keçirilən aksiyalar, münaqişə nəticəsində  hüquqları pozulan azərbaycanlıların haqq səsinin, tələblərinin beynəlxalq təşkilatlarda səsləndirilməsində də  Avropa  və Qərb dövlətlərində  böyük siyasi nüfuza , hörmətə , ehtirama layiq Mehriban xanımın səyləri əvəzsizdir.

Təbii fəlakətlərdən əziyyət çəkənlərə,  məcburi köçkün və qaçqınlara diqqət və qayğı  Mehriban xanımın gündəlik iş prinsipinin ən aktual məsələlərindəndir. 

«Həyatda hər bir kəsin yerini və  taleyini tarix müəyyən edir. Odur ki,  nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir» söyləyən Mehriban xanım artıq   öz yolunu müəyyənləşdirib: Xalqa xidmət, Vətənə sədaqət.  Bu həqiqəti Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi mərasimində çıxış edən Prezident İlham Əliyevin   sözləri də təsdiqləyir: «Mehriban xanımın beynəlxalq aləmdə böyük nüfuzu var. Məhz bu fəaliyyəti nəticəsində bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilibdir… Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Sadaladığım bütün bu amilləri nəzərə alaraq, mən bu qərara gəldim və  bu gün Mehribanın həyatında  yeni dövr başlayır.»

Xalq naminə göstərilən xidmətə verilən dəyər insanların ürəklərindən gələn “Sizinlə fəxr edirik, Mehriban xanım!” sözləridir

Xuraman İsmayılqızı, «İki sahil»