02 iyul 2025 02:19
160

Ruzi-bərəkətiniz bol olsun!..

Ölkədə taxıl biçininin uğurla başa çatması üçün minlərlə texnika zəmilərə çıxarılıb

Bu gün bəşəriyyəti  narahat edən təhlükələrdən biri də gözlənilən ümumdünya ərzaq qıtlığıdır. Artıq bu narahatlıq beynəlxalq təşkilatların hesabatlarında da davamlı olaraq müşahidə edilir. Məhz bu səbəbdən də indi  hər bir ölkə öz ərzaq təhlükəsizliyi üçün önəmli addımlar atmağa çalışır.

Azərbaycanda da əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Xüsusilə indi kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan taxılçılığın inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə davamlı olaraq zəruri tədbirlər həyata keçirilir.

Hazırda  ölkəmizdə taxıl biçini başa çatmaq üzrədir. Qeyd edək ki, ötən il ölkəmizdə  1019934 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 606338 hektarını buğda, 413596 hektarını isə arpa sahələri təşkil edir. Biçin prosesinə 986 taxılbiçən kombayn cəlb olunub. Aktiv biçin prosesində «Aqroservis» ASC-nin yerli bölmələrinin 417, fiziki və hüquqi şəxslərin isə 569 kombaynı iştirak edir. «Aqroservis» ASC tərəfindən biçin gedən rayonlara hazırda biçin aparılmayan dağətəyi və dağlıq ərazilərdə yerləşən bölmələrdən əlavə kombaynlar dislokasiya olunub.

«Aqroservis» ASC-nin kombaynları ilkin mərhələdə sahəsi 50 hektaradək olan kiçik və orta təsərrüfatlarda biçin aparır. Biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir. Növbəlilik sistemi biçinə hazırlıq dövründə yerlərdə icra nümayəndələri və bələdiyyələr tərəfindən müəyyənləşdirilib, sistemə nəzarət isə Dövlət Aqrar İnkişaf mərkəzləri tərəfindən həyata keçirilir.

Sevindrici haldır ki,  ölkəmizin ən məhsuldar torpaqları olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da taxıl biçini uğurla davam edib. Bu, bir önəmli faktdır ki, işğaldan əvvəl  Ağdam və Füzuli, Cəbrayıl taxıl istehsalı sahəsində Qarabağda aparıcı rayonlardan olublar. Bu rayonların əsas hissələrinin uzun müddət işğal altında qalması onların kənd təsərrüfatı potensialından istifadə etməyə imkan verməyib.

İlkin qiymətləndirmələr göstərir ki, işğaldan azad edilmiş ərazilərdə hər il 200 min tondan çox taxıl istehsalı mümkündür. Məhz ötən il işğaldan  azad olunmuş və minalardan təmizlənmiş torpaqlarda əkilən taxıl sahələrindən minlərlə ton məhsul yığılmışdır. Hazırda Azərbaycanda taxıla olan tələbatın 60 faizi yerli istehsal hesabına ödənilir, qalan 40 faizi isə idxal edilir. Ancaq dövlətin strateji hədəfində ərzaqlıq buğda ilə təminatı 80 faizə çatdırmaqdır. Buna görə də işğaldan azad edilmiş ənənəvi taxılçılıq rayonlarında əkin sahələrinin həcmini genişləndirməklə qarşıya qoyulan məqsədlərə çatmaq prioritet məsələdir. 

Elçin Zaman, "İki sahil"